Interposta.Info

YAP-da kardinal dəyişikliklərin vaxtı çatıb... - Partiyada təmizləmə başlayıb?

Siyasət
 15-02-2021, 20:26     312

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılması yenidən diqqəti bu təsisata yönəldib.

2019-cu ildən başlayaraq hakim partiyada təmizləmələrə start verilib. Lakin prosesin həbslərlə müşayiət anti-korrupsiya mübarizəsinin yedəyində aparılır. Yəni hüquq-mühafizə orqanları hansısa məmuru həbs etdikdən sonra onun YAP-çı olduğu yada düşür və dərhal partiyadan çıxarılır.

Hakim partiyanın qurulmasında rolu olan şəxslər isə hesab edir ki, YAP-ın durulması üçün hansısa məmurun həbsini gözləməyə ehtiyac yoxdur. Onların fikrincə, iqtidarın apardığı islahatlara uyğun olaraq YAP-a da "əl gəzdirilməlidir”.

YAP Siyasi Şurasının üzvü, Naftalan rayonunun keçmiş icra başçısı Musa Musayev HİT.Az-a bildirib ki, hakim partiyada ciddi islahatlara ehtiyac var.


"Xüsusilə, YAP-ın icra katibliyində, Siyasi Şurasında, Nəzarət Təftiş Komissiyasında və digər üst qurumlarında islahatlar aparılmalıdır”, - deyə o bildirib.

Musa Musayev hakim partiyanın yaradılmasında iştirak edən YAP-çılardandır. O hesab edir ki, YAP-da kardinal dəyişikliklərin vaxtı çoxdan çatıb. Musa Musayevin sözlərinə görə, korrupsiyaya görə həbs edilən məmurların hakim partiyada təmsil olunması təşkilatın nüfuzunu zədələyib. Ona görə də YAP yenilənməli və iqtidar partiyası kimi nüfuzunu bərpa etməlidir. "Mən hətta cənab sədrimiz Prezident İlham Əliyevə də müraciət etmişəm”, - deyə Musa Musayev əlavə edib./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26