Interposta.Info

"Bu sürətlə davam etsək üç günə Şuşaya çatarıq"

Siyasət
 29-09-2020, 14:36     437

"Mən hazırda Qazax-Tovuz istiqamətində cəbhə bölgəsindəyəm. Üç gündür ki, buradayam. Əks-hücum əməliyyatlarımız davam edir".

Bunu Milli.Az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

Sədr müavini qeyd edib ki, insanlar artıq qələbəyə köklənib:

"Saat etibarilə baxsaq, 10 saat ərzində işğal altında olan yeddi yaşayış məntəqəmizi və Murov zirvəsi də daxil olmaqla bir neçə strateji yüksəkliyi düşməndən azad etmişik. Həmişə qeyd edirdim ki, Azərbaycan-Ermənistan üz-üzə qalarsa biz çox qısa müddətdə öz işğal olunmuş torpaqlarımızı azad edərik, nəinki son dövrdə işğal olunmuş torpaqlarımızı, hətta qədim Azərbaycan torpaqlarına qədər gedib çıxa bilərik. Bu sürətlə davam etsək, üç günə Şuşaya çatarıq. Cənab Prezident də bu məsələlərin anonsunu həmişə verirdi, amma dövlət başçımızın da bugünlərdə Azərbaycan Televiziyalarına verdiyi müsahibədə qeyd etdiyi kimi, biz bu məsələlərdə səbrli davrandıq və maksimum sülh danışqlarının tərəfində olduğumuzu bütün dünya ictimiyyətinə sübut etdik. Amma bizim də səbr kasamızın bir dolma həddi var idi və artıq bu səbr kasası doldu.



30 il ərzində bu bəyanatların heç bir effektinin olmadığının şahidi olduq

Biz Azərbaycan xalqı olaraq yenə də sülhpərvər xalqıq, sülhpərvər dövlətik, amma 30 ilə söykənən bir işğala son qoyulmalıdır. Son günlər dünya ictimiyyəti tərəfindən verilən bəyanatlara Azərbaycan dövləti o qədər də diqqətlə yanaşmamalıdır. Çünki biz 30 il ərzində bu bəyanatların heç bir effektinin olmadığının şahidi olduq. Bu bəyanatlara biz səbrlə, təmkinlə yanaşdıq, amma erməni işğalçıları dünya ictimiyyətinin verdiyi bəyanatları, BMT-nin Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz azad olunması ilə bağlı verdiyi 4 qətnaməni Ermənistan dövləti bu illər ərzində görməzdən gəldi. Ermənistan o bəyanatları qəbul etmədi. Amma indi Paşinyan bütün dünya ictimaiyyətinə diz çöküb yalvarır ki, Azərbaycan dövlətini dayandırsın.

Artıq Azərbaycan xalqı işğal altında yaşamaq istəmir
Ordumuz sona qədər işğalda olan torpaqlarımızın azad olunması ilə bağlı əməliyyatları davam etdirilməlidir. Bu, bizim həm millət olaraq, həm dövlət olaraq haqqımızdır. Artıq Azərbaycan xalqı işğal altında yaşamaq istəmir.

Bu sürətlə Azərbaycan ordusu çox qısa müddətdə işğal olunmuş torpaqlarımızı işğaldan azad edəcəkdir və Ali Baş Komandanımızın yanındayıq. Hazırda cəbhə bölgəsindəyəm, insanlar çox ruh yüksəkliyindədirlər.

İnsanlar artıq qələbəyə köklənib
Vətən şəhidləri ilə gözəldir, vətən şəhidlərinin çiynində qüdrətlidir. Biz işğalda yaşamaqdansa, hər birimiz canımızdan keçməyə hazırıq ki, yetər ki, bu işğala son qoyaq. Artıq dayanmaq məqsədəuyğun sayıla bilməz. İnsanlar artıq qələbəyə köklənib. Ali Baş Komandanımız əmr verib və hər birimiz də bu əmrə tabeyik".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26