Interposta.Info

Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilə bilərmi? - Hərbi ekspert

Siyasət
 13-08-2020, 13:15     199

"Türkiyə Respublikasının Azərbaycanda hərbi bazalar qurması qısa vaxtın işi deyil. Burada dövlətlərarası anlaşma, müqavilələr, konstitusiya aktlarında zəruri dəyişikliklərin olması vacibdir. Gələcək perspektivə baxanda, bizim fəaliyyətimiz tək ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bitmir. Heç kim zəmanət verə bilməz ki, sabahkı gün böyüyən və iqtisadiyyatını inkişaf etdirən Azərbaycana hansısa hərbi və siyasi təzyiqlər olmayacaq”.

Bunu "MediaPost”a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.

Onun fikrincə, Ermənistan tərəfi Türkiyə Respublikasının Azərbaycanda hərbi bazalar quracağından narahatdır:

"Müdafiə Nazirliyindən verilən xəbərə görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Heyət hələ Bakıya çatmamış Ermənistan Müdafiə Nazirliyi bununla bağlı rəsmi bəyanat verib. Bəyanatda "bu misilsiz hərbi-siyasi birlikdən ciddi narahatlıq keçirildiyi” ifadə edilib. Bu narahatlığa səbəb son günlər Azərbaycanın və dünyanın sosial mediasında gündəm olan "Türkiyə Respublikası Azərbaycanda hərbi bazalar yerləşdirsin” tələbinin sədaları olduğunu desək, daha düzgün olar.

Bəli, mənim də belə arzum var. Həqiqəti desək, həmişə Azərbaycanda xarici dövlətlərin hərbi kontingentinin olmasının əleyhinə olmuşam. Lakin mən bu gün Türkiyə dövlətini xarici dövlət saymaqdan çox uzağam. Biz bir millətik. İki qardaşın "bir evdə yaşaması” qəbahət olmadığı kimi, dövlətimizdə də türk "mehmetcik”inə həmişə arzu, istək və məhəbbət sonsuzdur. Arzum Azərbaycan hərbçilərinin başqa dövlətlərə yardıma getməsi, Silahlı Qüvvələrimizin Qafqazda ilk və son nəhəng güc sahibi olmasıdır. Hazırkı dönəmdə bu yolda ciddi addımlarımız və nəticələrimiz var. Çünki bu gün 1990-cı illərdən fərqli olaraq, üstümüzə gələn üzdə Ermənistan dövləti olsa belə, dünyanın hegemon qüvvələrinə sinə gərməkdəyik”.

A. Əbilovun sözlərinə görə, "hərbi baza" anlayışı müasir dönəmdə tək hərbi kontingentin hansısa bir sahədə toplanaraq, bu və ya digər münaqişələrə reaksiyası, iştirakı deyil:

"Yəni "biz oturacağıq, türk əsgəri bizim üçün torpaq alacaq” anlayışı utopiyadır. Arzulanan "hərbi baza” anlayışı hərbi aspekt olsa da, daha çox siyasi xətdir. İki qardaş ölkənin tək iqtisadi baxımdan yox, hərbi-siyasi aspektdə də bir olmasına həm işarə, həm də xəbərdarlıqdır. Türkiyə bazası dedikdə, bu, həm də hərb anlamında, terrorçuluqla mübarizədə daha çox təcrübəsi olan bir kontingentin təcrübəsindən istifadə, silah və texniki vasitələrdə yenilənmə, maddi-texniki təminat, təlim və tədris metodları, müxtəlif qoşun növlərində istifadə edilən son texnologiyaların mənimsənilməsi, nəhayət Hərbi Sənayenin daha çox yaxınlaşması, müştərək layihələr və s. bu kimi aspektləri başa düşən Ermənistan rəhbərliyi narahatlığını gizlətmir. Anlayır ki, ona "hədiyyə” verilən və guya Azərbaycan Silahlı Qüvvələrində istifadə olunan silah və texnikaya "balans” olan silah və texnika sovetlərdən qalmış, azacıq müasirləşdirilmiş və zamanla az ayaqlaşa bilən texnikalardır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır ("Hərbi doktrina”, 4-cü bölmə, 29-cu bənd).

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26