Interposta.Info

İlham Əliyev: "Azərbaycan ciddi islahatlar yolundadır"

Siyasət / Manşet
 4-02-2020, 09:12     389

"Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir. Azərbaycan inkişaf, sabitlik yolu ilə gedib. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir”.

"İnterPosta"nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı söyləyib. Prezidentin sözlərinə görə, dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır:

"Mövcud problemlər öz həllini tapmır, əksinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddətli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir.

Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur”.

Dövlət başçısı bildirib ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib: "Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir.

Yəni, bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr islahatları aparılıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26