Interposta.Info

Trampın Türkiyəyə qarşı “qamçı-kökə” siyasətinin gizlinləri

Siyasət
 10-10-2019, 11:54     10 310

Fazil Mustafa: “ABŞ kürdləri qırmamaq üçün Türkiyəyə tam dəstək vermədiyini göstərməyə çalışır, əslində...”

Ramiyə Məmmədova: “Amerikanın oyunları bitmək bilmir və sanki Türkiyəni barmağına dolayır”
Türkiyə Suriyaya hərbi müdaxilə edəcəyini açıqladıqdan sonra Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu ölkənin şimal-şərqində yerləşən qüvvələri bölgədən çıxmağa başlayıb.

ABŞ prezidenti Donald Tramp tvitter hesabında “Türkiyə həddini aşsa, iqtisadiyyatını darmadağın edərəm. Daha əvvəl də bunu etmişdim” yazıb.

Trampın bu tvitindən sonra Türkiyədə dollar lirəyə istinadən bahalaşıb və 5.80 olub. Amma sonra Tramp Türkiyənin Amerikanın müttəfiqi olduğunu açıqlayıb və noyabrda prezident Ərdoğanı dəvət edəcəyini söyləyib.

“Ağ ev” sahibinin ziddiyyətli açıqlamaları Trampın Ankaraya qarşı “qamçı-kökə” siyasəti kimi qiymətləndirilir.

Bu açıqlamalaraq baxmayaraq, artıq Türkiyə Suriya ilə sərhəd bölgələrinə zirehli texnika göndərib. Bu barədə “Anadolu” agentliyi informasiya yayıb.

Sərhədə göndərilən texnika arasında M60 tankları və M113 zireli transportyorları da var. Hərbi texnika karvanının Şanlıurfanın Ağcaqala bölgəsi istiqamətində hərəkət etdiyi qeyd edilib.

Hərbi karvanı təxminən 130 texnikadan ibarət olub. “Blumberq” agentliyi isə ordunun Suriyaya girdiyini yazıb.

Misir, Yunanıstan və Cənubi Kipr isə Türkiyənin Suriyanın şimalına planlaşdırdığı əməliyyata qarşı çıxıb.

Misir Prezidenti Əbdülfəttah Sisi, Cənubi Kipr lideri Nikos Anastasiadis və Yunanıstan Baş naziri Kiriakos Miçotakis zirvə görüşündən sonrakı bəyanatlarında Türkiyənin əməliyyatını qanunsuz hesab etdiklərini açıqlayıblar.

Onlar, həmçinin, Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün keçirəcəyi əməliyyatın Suriyanın ərazi bütövlüyünü pozduğunu bildiriblər və bunu mövcud demoqrafik vəziyyəti dəyişdirmək cəhdi kimi qələmə veriblər.

Oktyabrın 7-də Kremlin sözçüsü Dmitri Peskov ABŞ qoşunlarının geri çəkilməsindən və Türkiyənin hərbi əməliyyatı başlamasından sonra Rusiyanın “Türkiyənin öz təhlükəsizliyini təmin etmək hüququnu” tanıdığını təkrarlayıb, lakin bunu bir neçə vacib istəklə şərtləndirib.

Peskov deyib: “Amerikanın geri çəkilməsi barədə bizə məlumat verilməyib. Ancaq bilirsiniz ki, dünyanın müxtəlif yerlərindən geri çəkilmə ilə bağlı fərqli açıqlamalar var. Vəziyyəti diqqətlə izləyirik”.

O, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimal-şərqində hərbi əməliyyat keçirmək planını müzakirə etdiyini də təkzib edib. Bununla belə, Peskov deyib: “Rusiya və Türkiyə hərbçiləri və xüsusi xidmət orqanları bir-birilə sıx əlaqə saxlayır”.

“Suriyada bütün problemlər dialoq yolu ilə həll olunmalıdır”. Bu sözləri isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Suriyada mümkün hərbi əməliyyatı barədə danışarkən deyib.

“Biz artıq dəfələrlə Suriyanın şimal-şərqində, o cümlədən Türkiyə-Suriya sərhədində baş verən hadisələr barəsində mövqeyimizi bildirmişik. Bizim mövqeyimiz birmənalıdır, Suriyanın bu hissəsində bütün problemlər mərkəzi hakimiyyət və kürd icması ilə dialoq vasitəsilə həll olunmalıdır”, - Lavrov bildirib.

Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Trampın Türkiyəyə qarşı “qamçı-kökə” siyasəti yürütdüyünü düşünmür.

Onun fikrincə, Amerika bu məsələdə hansı planı hədəflədiyini artıq müəyyənləşdirib. F.Mustafa hesab edir ki, Vaşinqtonun niyyəti bölgədə qarışıqlığın düşməsi və neftin qiymətinə özünün nəzarət etməsidir:

“Ona görə ABŞ qüvvələri Suriyanı tərk eləməyə üstünlük verdi. Türkiyə isə bu avantajdan istifadə etməyi düşünür və Amerikanın buradakı boşluğunu İran və Rusiyanın doldurmasını istəmir.

Bu baxımdan Ankaranın Rusiya üzərindən anlaşaraq addımlar atacağını güman edirəm. Moskvanın isə buna qarşı çıxacağını gözləmirəm. Çünki Rusiyanı Amerikanın Suriyada varlığı narahat edirdi”.

Deputat ABŞ-ın Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyini gözləmir: “Sadəcə, Tramp Amerikanın dəstək verdiyi terrorçu qruplardan istifadə edirdi, digər tərəfdən isə kürdləri qırmamaq üçün Türkiyəyə tam dəstək vermədiyini göstərməyə çalışır.

Əslində, ABŞ və Türkiyənin bu məsələdə mövqeləri uzlaşır. Türkiyə elə-belə NATO dövləti deyil ki, ordusu məsələlər uzlaşmamış Suriyaya girsin.

Bu mənada Trampın açıqlamalarında ziddiyyətə baxmayaraq, Türkiyəni iqtisadi sanksiyalarla cəzalandırması gözlənilmir. ABŞ iki-üç terror qrupuna görə Türkiyə kimi müttəfiqlə əlaqəni kəsməz”.

İstanbulda yaşayan politoloq Ramiyə Məmmədova qəzetimizə Suriyada gedən prosesləri şərh etdi. Onun sözlərinə görə, Tramp Ərdoğanla telefon danışığından sonra razılaşdırıldı ki, bütün əsgərlər Suriyadan çıxarılsın:

“İki gün sonra Amerika əsgəri çıxmağa başladı. Amma qayıdışın elə ilk gününün axşamı Suriya sərhədlərində terrorçulara 80 TIR silah-sursat göndərildi.

Bu da ABŞ-türkiyə əlaqələrində gərginlik yaratdı. Ərdoğan açıq şəkildə bəyan elədi ki, ABŞ əsgərini geri çəkir, amma terrorçulara silah dəstəyini davam etdirir”.

R.Məmmədova bildirdi ki, Tramp kürdlərə silah göndərəcəklərini təsdiqləyib: “Ardınca Amerika bəyanat verdi ki, Türkiyəyə sanksiya tətbiq edəcəyik. Yəni, Amerikanın oyunları bitmək bilmir və Türkiyəni sanki barmağına dolayır.

Əslində, hər iki dövlət Suriyada təhlükəsizlik zonasını birgə yaratmalıydı, ABŞ buna söz vermişdi, amma vədini tutmadı. Ona görə də terror qruplaşmaları geri çəkilmirlər”.

Siyasi şərhçi Suriya milli ordusu ilə Türkiyə ordusunun birgə hərəkət etməyə razılaşdıqlarını qeyd etdi: “Bu anlaşmaya təhlükəsizlik bölgəsinin qorunması da daxildir və Suriya qaçqınlarının həmin zonada yerləşdirilməsi nəzərdə tutulur.

Amma bu hadisələrdə Rusiya faktorunu da nəzərə almaq lazımdır. Rusiya Suriya vasitəsi ilə təhlükəsizlik bölgəsi yarada bilər. Bu da Amerikanın maraqlarına ziddir. Amma Türkiyə birmənalı şəkildə Fəratın şərqinə girməkdə israrlıdır, qaçqınları yerləşdirmək niyyətindədir.

Əgər Türkiyə Rusiya ilə birgə təhlükəsizlik zonası yaratsa bu, Ankaranın günahı deyil. Çünki axıra qədər ABŞ-a inandı”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26