Interposta.Info

ABŞ avtoritarizmə meyllənə bilər: Tramp Ağ Evi “özəlləşdirməyə” hazırlaşır

Siyasət
 15-09-2019, 10:03     10 260

Ancaq “Ağ Ev qara əsarətdən xilas ediləcək” ümidi ilə yaşayanlar üçün hansısa bir siyasi sürprizin olma ehtimalı da mümkün variantlar sırasında öz aktuallığını qoruyur
O, hakimiyyətə 2,5 il əvvəl gəlib. Az vaxt deyil, amma o qədər də uzun müddət də sayılmaz. Zaman intervalının uzunluğu görülən və görülməyən işlərin həm sayına, həm də məzmununa bağlıdır.

Söhbət Ağ Evin indiki sahibi Donald Trampdan gedir. Çox qəribə və qeyri-adi adamdır. Ağ Evdəki oval kabinetə ayaq basdığı gündən bütün dünyanın gündəmindədir.

Əslində, bir ABŞ prezidentinin dünya gündəmində ön sırada olması qətiyyən təəccüblü deyil. Çünki bir dünya jandarmı olan super dövlətin lideridir.

Bu super dövlətin liderləri adətən, dünyada haqqında ən çox danışılan və yazılan personalar olurlar. Hər halda, dünya düzənini tənzimləyən, beynəlxalq siyasət məkanında şərtləri müəyyənləşdirən, lazım bildikcə müttəfiqə də, rəqibə də “gözünü ağardıb, barmaq sirkələyən” nəhəng güc mərkəzini idarə etmələri onları istər-istəməz ön plana çıxarır.

Ancaq bütün bu önəmli ön plana çıxma faktorlarıyla yanaşı, D.Trampı gündəmə bərkidən kifayət qədər əlavə fərqli amillər də mövcuddur. Və həmin amillərin mütləq əksəriyyəti qalmaqallı məzmun daşıyır.

Məsələn, “ABŞ-ın yüyəni”ni əlinə aldığı gündən indiyə qədər o, seçkiyə hiylə qatmaqda suçlanır. ABŞ tarixində belə qalmaqallar əvvəllər də olub, amma hədəf prezidentlər üçün oval kabinetin qapısı dərhal qıfıllanıb. Riçard Nikson hiylə qatdığı seçkilərdən sonra ikinci dəfə prezident postuna sahiblənsə də, oval kabinetdə uzun müddət duruş gətirə bilməmişdi. Onu impicment hədəsiylə istefaya məcbur etmişdilər.

Halbuki D.Trampa yönəlik seçkiyə hiylə qatma ittihamları daha ağır məzmun daşıyır. Çünki işin içində ABŞ-ın “düşməni” Rusiya faktoru da var. Siyasi rəqibləri və cəmiyyətdə nüfuzu olan güc mərkəzləri D.Trampın seçki qələbəsində Rusiyanın prosesə internet üzərindən müdaxiləsinin həlledici amillərdən olduğunu iddia edirlər.

Düzdür, bu iddialar hüquqi müstəvidə öz təsdiqini tapmadı. Ancaq “od olmayan yerdən tüstü çıxmaz” məntiqi iki ili aşan araşdırmalara yol açdı. Və D.Trampı həm ABŞ-da, həm də bütün dünyada sürəkli olaraq, gündəmdə tutdu.

Amma D.Tramp dünya gündəmini yalnız Rusiyayla məxfi əlaqə ittihamları və seçkilərə hiylə qatılması iddiaları ilə bəzəmədi. Onu həmişə “göz önündə tutan” bir çox başqa səbəblər də oldu.

Məsələn, oval kabinetdəki kreslosuna çökər-çökməz qonşu Meksika ilə ABŞ arasında keçilməz və bahalı sərhəd divarı tikmək qərarı verdi. Və amansız “mühacir ovu” başlatdı.

Fransa prezidentinin özündən yaşlı qadınla evlənməsinə eyham vuraraq, rişxənd etdi. Bu azmış kimi, NATO-ya alternativ yeni Avropa ordusu ideyasını gündəmə gətirdiyi üçün fransız həmkarını devirməklə hədələdi. Öz hədələrinin boş söz olmadığını sübut etmək üçün isə “sarı jiletlilər”in ABŞ-ın bütün sifarişlərinin icrasına hazır olduqlarına eyham vurdu.

Bu arada ABŞ-ın dünya hegemonluğunu həzm edə bilməyən Avropaya barmaq silkələməyi də unutmadı. “Amerikalılar olmasaydı, indi bütün Avropa alman dilində danışmaq məcburiyyətində qalacaqdı” deməklə, avropalıları nankorluqda qınadı...

D.Trampın Ağ Evə köçdüyü gündən bu yana ötən 2,5 il ərzində törətdiyi siyasi qalmaqalları saymaqla bitməz. Halbuki onun hesabında çoxlu sayda məişət qalmaqalları da var. Hər halda, onun tərəfindən zorlandığını və cinsi əlaqəyə sövq edildiyini iddia edən qadınların sayı da kifayət qədərdir.

Bu iddialar D.Trampın həyatının gənclik illərindən üzü bəri müxtəlif dövrlərini əhatə etdiyindən “zərərçəkən qadınlar” arasında hər yaşdan olanı var. Hətta ABŞ siyasətçilərini yetkinlik yaşına çatmayan qızlarla “təmin edən” və bu səbəbdən də həbs edildikdən sonra kamerada ölü tapılan milyarder də onun yaxın dostlarının sırasına daxiliymiş...

Maraqlıdır ki, Ağ Ev sahibi yalnız qadınları “narazı” salmayıb. O, prezident olduğu 2,5 ildə bəzi kişilərə də problem yaradıb. Belə ki, bu müddət ərzində o, nə az, nə çox, düz 35 yüksək vəzifəli şəxsi ya işdən qovub, ya da “könüllü istefa”ya məcbur edib. Özünün fikirləri, mövqeyi ilə tərs düşən vəzifəli şəxslərə qapını göstərib.

Əslində o, özünün bu avtoritar vərdişini qətiyyən gizlətmir. Ondan bu barədə soruşulanda “Əgər, hansısa Tom mənimlə razı deyilsə, söz güləşdirirsə, ona “sən qovuldun, Tom” deyirəm. Mənim üçün belə daha rahatdır” deyərək, gülüb.

Göründüyü kimi, D.Tramp çox qəribə liderdir. Onun xarakteri pleyboyluqdan tutmuş avtoritarizmə qədər bir çox xüsusiyyətlərlə zəngindir.

İndi bir çoxlarını narahat edən əsas məsələ də elə budur. ABŞ cəmiyyətində nüfuzu olan ictimai-siyasi xadimlər, eləcə də mədəniyyət və şou-biznes təmsilçiləri ondan narazıdırlar, bunu da açıq-açıq ifadə edirlər.

Onların bir çoxu ABŞ-ın D.Trampdan xilas edilməsini vacib hesab edirlər. Və gələn il keçiriləcək növbəti prezident seçkilərində bu “problem”in həll ediləcəyinə ümid bəsləyirlər.

Ancaq D.Tramp onun prezidentliyinin impicmentlə yekunlaşaraq, sona çatmayacağına ümid bəsləyənləri demək olar ki, məyus etmək üzrədir. Və indi gələn ilin seçkilərinə bəslənən ümidlərin boşa çıxma ehtimalı da kifayət qədər yüksəkdir. Çünki D.Tramp oval kabineti tərk etmək niyyətində olmadığını biruzə verir, xüsusi can-fəşanlıqla növbəti seçkilərə hazırlaşır və Ağ Evi uzun müddət üçün “özəlləşdirə” biləcəyinə inanır.

Bəzi ehtimallara görə, D.Tramp yenə qalib gələrək, Ağ Evdəki yaşamını daha 4 il ərzində sürdürə bilər. Belə ki, D.Tramp ABŞ-da və dünyada güclü təsirə malik olan bəzi mərkəzlər tərəfindən xüsusi missiya ilə hakimiyyətə gətirilmiş şəxs hesab olunur. Və onun hələ daha dörd il Ağ Evdə olması üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyi ehtimal olunur.

Bu məqsəd üçün hətta avtoritar addımların atıla biləcəyi qətiyyən istisna edilmir. Yəni D.Trampın öz hakimiyyətini qorumaq üçün dövlətin və özünün bütün resursları ilə rəqiblərinə müqavimət göstərəcəyi, bu sıraya hətta güc tətbiqinin də daxil olduğu iddia olunur.

Bütün bunları nəzərə aldıqda, dünyanın hələ uzun müddət Ağ Evdəki D.Trampın “qara siyasət”iylə baş-başa qalmaq məcburiyyəti ilə barışmalı olacağını düşünmək olar. Ancaq bununla belə, “Ağ Ev qara əsarətdən xilas ediləcək” ümidi ilə yaşayanlar üçün hansısa bir siyasi sürprizin olma ehtimalı da hər zaman mümkün variantlar sırasında öz aktuallığını qoruyur./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26