Interposta.Info

ABŞ-ın Türkiyə və İranla barış deyil, savaş siyasətinin pərdəarxası

Siyasət
 5-07-2018, 10:21     10 406

Elçin Mirzəbəyli: “Tramp hakimiyyətə gəldiyi ilk gündən İsraillə bağlı öhdəliklərini yerinə yetirir”
ABŞ-ın dünya siyasətində maraqlı və təzadlı sayılan tendensiya müşahidə olunmaqdadır. Belə ki, Vaşinqton son zamanlar ən sərt avtoritar rejimli ölkələrlə barışmaq istədiyini nümayiş etdirir, bu istiqamətdə addımlar atır. Amma paralel olaraq Türkiyə və İrana qarşı daha da aqressivləşir.


Bu tendensiyanın arxasında nələrin dayana biləcəyi barədə “Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, ABŞ xaos siyasətini davam etdirir. Birləşmiş Ştatların nüvə silahına sahib olan ölkələrə loyal münasibəti isə həmin dövlətlərin hazırda Vaşinqtonun hədəfləri üçün prioritet olmamaları ilə bağlıdır: “Rusiyaya qarşı tətbiq olunan sanksiyaların da səbəbi daha çox bu ölkənin İranla bağlı mövqeyindən qaynaqlanır. Türkiyəyə qarşı sərgilənən siyasətdə də İran amili əsas səbəblərdən biri ola bilər. Digər tərəfdən, Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı Türkiyənin kəskin reaksiyası da Vaşinqton-Ankara münasibətlərindəki ziddiyyətlərin dərinləşməsində əhəmiyyətli rol oynayıb.

Bu arada bir məqama da diqqət çəkmək yerinə düşər: Nüfuzlu ”New Yorker" həftəlik qəzetinin verdiyi xəbərə görə, Donald Tramp iyunun18-də İsrailə bu ölkənin nüvə silahı ilə bağlı öhdəlik məktubu göndərib. Qəzetin yazdığına görə, öhdəlik məktubunda İsrailin nüvə silahı ilə bağlı qeyri-müəyyən davranışları davam etdikcə, yəni Tel-Əviv nüvə silahına sahib olduğunu nə təkzib, nə də etiraf etmədikcə Vaşinqton bu ölkədən nüvə silahından imtina etməyi tələb etməyəcək. Əslində bu məlumat Vaşinqtonun nüvə silahı ilə bağlı prioritetlərini dəyərləndirmək üçün yetərlidir. Tramp hakimiyyətə gəldiyi ilk gündən İsraillə bağlı öhdəliklərini yerinə yetirir.

Düşünürəm ki, iyulun 16-da keçirilməsi planlaşdırılan Tramp-Putin görüşündən sonra Ağ Evin İranla bağlı siyasətinin mahiyyəti daha aydın görünəcək. Yalnız bu görüşdən sonra Vaşinqtonun İran siyasəti ilə bağlı daha aydın mənzərə yarana bilər".

Politoloq Elşən Mustafayev isə bildirdi ki, ABŞ yalnız maraqları toqquşduğu avtoritar dövlətlərə qarşı hər zaman kəskin mövqe nümayiş elətdirib. Uzlaşma əmələ gələndən sonra isə avtoritar və demokratik dövlət olmasından asılı olmayaraq normal münasibətlərdə olub: “Bunu ikili standart kimi qiymətləndirmənin mümkünlüyünü bir kənara qoysaq, hesab edirəm ki, dünya liderliyinə iddialı bir dövlət üçün belə siyasət vacib amillərdən biridir. İndiyə qədər olan prezidentlərin hamısının dönəmində belə olub. Ona görə də belə dövlətlərə olan münasibəti də bir-birindən ayırmaq lazımdır. Məsələn, İrana olan münasibətlə Türkiyəyə olan münasibəti tamamilə eyniləşdirmək olmaz. Türkiyə bir NATO dövlətidir, yarandığı gündən Qərblə yaxın münasibətlər saxlayan Avropa Birliyinə daxil olmağa iddialı bir dövlətdir. Bu gün bir sıra strateji məsələlərdən dolayı aralarında yaranan soyuqluq varsa, bunun istənilən vaxt düzəlməsi perspektivləri də mövcuddur.

Eyni zamanda nə qədər aqressivləşmə olsa da hər hansı sanksiyalardan söhbət getmir. İranda isə konkret mövcud rejimin dəyişdirilməsi və nüvə silahına malik olmağa imkan verməmək gündəlikdədir ki, burada münasibətlərin normal axara düşməsi üçün dinc və ya yumşaq perspektivlər çox zəif görünür. Yaxud Şimali Koreyaya olan münasibət isə digər dövlətlərə olan münasibətlərdən fərqlidir. Çünki orada artıq nüvə silahı var. Şimali Koreya bu silahla qonşularını və bütün dünyanı mütəmadi təhdid edir. Təbii ki, belə halda o dövlətə olan münasibətlərdə taktika fərqli də olacaq. Rusiya məsələsi də bir başqa yöntəmdə ABŞ-ın gündəmindədir. Ümumilikdə götürəndə bu o deməkdir ki, yəni ABŞ biri ilə barışmaq istədiyini bildirsə, bu, o halda mümkün olacaq ki, maraqlarını qismən və ya tam təmin etsin. Əks halda isə müxtəlif üsullarla nəticə əldə olunana qədər hədəfə doğru gedəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26