Interposta.Info

ABŞ İranla nüvə sazişini pozur -

Dünya
 21-04-2017, 10:16     403

Dövlət katibi Reks Tillerson bəyan edib ki, 2015-ci ildə İranın nüvə proqramına dair imzalanmış müqavilə iflasa uğrayıb; sərhədimizdə olan ölkə ilə qarşıdurma Azərbaycanı da təhlükə ilə üz-üzə qoya bilərmi?

ABŞ dövlət katibi Reks Tillerson bəyan edib ki, 2015-ci ildə beynəlxalq vasitəçilərin iştirakı ilə İranın nüvə proqramına dair imzalanmış müqavilə iflasa uğrayıb. Tillersonun bu çıxışı İran siyasətində Obama hakimiyyətindən fərqli olaraq kəskin dönüş kimi xarakterizə edilir.

Bəs bu qədər kəskin dönüşün səbəbi nədir? Obama yanlış etmişdi, yoxsa zamanla vəziyyət dəyişib? Sərhədimizdə olan ölkə ilə ABŞ-ın qarşıdurması Azərbaycanı da təhlükə ilə üz-üzə qoya bilərmi?

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Tillersonun bəyanatı Donald Trampın seçki öncəsi və sonrası İranın nüvə proqramı ilə bağlı imzalanmış sazişin ABŞ-ın milli maraqlarına xidmət etməməsi ilə bağlı səsləndirdiyi fikirlərin davamıdır. Artıq Tramp Milli Təhlükəsizlik Şurasına sazişin araşdırılmasını tapşırıb və bu, Ağ Evin niyyətinin ciddiliyindən xəbər verir. Tramp administrasiyasının qənaətinə görə, saziş İran üzərindən bəzi sanksiyaların götürülməsinə və bu ölkənin iqtisadiyyatının “özünə gəlməsinə” imkan yaradıb: “Ağ Ev Obamanın imzaladığı sazişi İran üçün nəfəslik kimi dəyərləndirir və Amerikanın bundan heç bir şey qazanmadığını bildirir.

Tramp seçki kampaniyasında da Obamanın İranla bağlı siyasətini tənqid edir, prezident seçiləcəyi təqdirdə sazişə yenidən baxılacağı ehtimalını irəli sürürdü. Şimali Koreya və İran respublikaçıların strateji hədəfləridir. ABŞ İraqdan sonra “Şər üçbucağı”nın digər bucaqlarını özünə ram etdirə bilməyib. İranın nəzarətə götürülməsi isə Aralıq dənizi hövzəsinin və Tehranın Fars körfəzi, ərəb ölkələrinin isə “Ərəb körfəzi” adlandırdıqları mühüm strateji əhəmiyyət daşıyan su hövzəsinin ələ keçirilməsi deməkdir. Aralıq dənizi və Ərəb körfəzi üzərində nəzarət isə bütün bölgənin ələ alınması, Çin, Rusiya, Avropa İttifaqı ölkələri və bölgə dövlətləri üçün həyati əhəmiyyət daşıyan bütün nəqliyyat dəhlizlərinə sahiblənmək deməkdir".

Politoloqun sözlərinə görə, respublikaçıların, o cümlədən Tramp administrasiyasının hədəfi ABŞ-ın vahid qlobal güc statusunun möhkəmləndirilməsidir: “Obamanın xarici siyasəti isə bu statusun xeyli zəifləməsinə zəmin yaratmışdı və Tramp ABŞ-ın geosiyasi maraqları baxımından sabiq prezidentin mövqeyini haqlı olaraq tənqid edir. ABŞ-ın yaxın zamanlarda İranla hərbi konfrantasiyaya gedəcəyi inandırıcı deyil. Ağ Ev çox güman ki, Obamadan əvvəlki dövrdə İranla bağlı yürüdülən siyasətdə buraxılan səhvlərdən nəticə çıxarıb. Hazırda İranda hökm sürən teokratik rejimin ən böyük silahı hərbi müstəvidə xarici düşmən amilidir. Xarici təhlükə rejimin əhalinin əhəmiyyətli bir hissəsini dini-siyasi ritorika ilə nəzarətdə saxlamasına imkan verir. Çox güman ki, Tramp administrasiyasının yanaşması fərqli olacaq. Əgər saziş ləğv olunarsa, o zaman İrana qarşı sanksiyalar daha da sərtləşdirilə və insan hüquq və azadlıqları ilə bağlı məsələ daha qabarıq şəkildə gündəmə gələ bilər”.

O ki qaldı ABŞ-İran qarşıdurmasının Azərbaycana təsirinə, E.Mirzəbəyli hesab edir ki, bu, ölkəmizə ciddi təsir göstərə bilər: “Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməyəcəyini bildirib. Bu mövqenin dəyişməz olduğu və İranla qarşıdurmada olan dövlətlərin də bu reallığa anlayışla yanaşacaqları qənaətindəyəm”.

Politoloq Elşən Mustafayev isə bildirdi ki, Tillersonun verdiyi bəyanat öncədən gözlənilən idi. Məlum idi ki, Obama administrasiyasının 2015-ci ildə İranla imzaladığı müqavilədə digər məsələlərlə bağlı da razılıq əldə olunmuşdu: "Sözsüz ki, burada Suriya məsələsi ilə bağlı da ilkin razılaşmalar olmuşdu. Buna baxmayaraq, bu gün Əsəd rejimini dəstəkləyən iki dövlətdən biri İrandır. Nüvə texnologiyası ilə bağlı da İran rəsmiləri artıq fərqli münasibətlər sərgiləməyə başlayıblar. Yəni görünür ki, 2015 müqaviləsindən sonra razılaşdırılmış məsələlər öz həllini tapmayıb. ABŞ hərbi qüvvələrinin Suriyaya qarşı raket hücumundan sonra İrana yönəlik tədbirlərin görüləcəyi ilə bağlı bəyanatların verilməsi situasiyaya uyğun olaraq gözlənilən idi".

Ekspert dedi ki, məsələnin təhlükəli tərəfi İranın ortaq məxrəcə gəlməyəcəyi halda hadisələrin hərbi müstəviyə keçəcəyi ehtimalıdır: “Obamadan fərqli olaraq Tramp Rusiya və İranı saya salmadan Əsədin nəzarət etdiyi hərbi aviabazaya 60-a yaxın ”Tomaqavk" raketləri atırsa, deməli, problemi köklü həll etmək üçün qərarlıdır. Bu istiqamətdə ona mane olacaq hər kəsi qarşısına alacaq. Azərbaycan sərhədlərində hərbi qarşıdurmaların olması bizim üçün də təhlükəlidir. İranla Azərbaycanı təxminən 760 km sərhəd uzunluğu ayırır. Bu çox böyük məsafədir. İrana qarşı hər hansı hərbi əməliyyatlar olarsa, bu məsafədə sərhədi mühafizə etmək çətin olacaq. Sərhəd boyu yaşayan insanlarımızın təhlükəsizlik problemi ortaya çıxacaq. Orada yaşayan milyonlarla soydaşımızın üzləşə biləcəyi problemləri də nəzərə alsaq, mənzərə tam aydın olar. Hesab edirəm ki, İran hakimiyyəti Suriya məsələsində Əsəd rejiminə dəstək verib, dövlətini və insanlarını təhlükəyə atmaqdansa, regionda marağı olan dövlət kimi post - Əsəd dövrünün Suriyasının qurulması danışıqlarına qatılmaqda maraqlı olmalıdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26