Interposta.Info

Mustafa Cəmiloğluna böyük jest - tatarların lideri vitse-spiker ola bilər

Siyasət
 29-08-2019, 09:53     10 287

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun namizədliyini Ali Radanın vitse-spikeri vəzifəsinə irəli sürəcək. Bu barədə qərar partiyanın deputatları tərəfindən qəbul edilib.

Deputatlar arasında keçirilən səsvermə zamanı yalnız bir millət vəkili bitərəf qalaraq Cəmiloğlunun vitse-spiker vəzifəsinə namizədliyini dəstəkləməyib. Krım tatarlarının lideri barədə sabiq prezidentin partiyasının verdiyi qərar çoxsaylı müzakirələrə səbəb olub. Türk dünyasında bu addım rəğbətlə qarşılanıb. M.Cəmiloğlunun vitse-spiker olub-olmayacağı yönündə müxtəlif mülahizələr səslənir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu M.Cəmiloğlu seçiminə bu cür şərh verdi: “Türk dünyasının yaşayan əfsanəsi sayılan Mustafa Cəmiloğlunun Ukraynada nüfuzu böyükdür. Təəssüf ki, Ukraynadakı siyasətçilər Krım türklərinin və Mustafa bəyin dəyərini Krım ilhaq olunduqdan sonra tam mənada anladılar. Kiyevdə yanlış olaraq düşünürdülər ki, Krımda türklərin artımı Ukraynaya gələcəkdə torpaq bütövlüyü ilə bağlı problem yarada bilər. Ancaq təhlükə başqa istiqamətdən gəldi, Krımın rus əhalisi separatçılığa baş vuraraq Rusiyaya birləşmənin lokomotivi rolunda çıxış etdilər. Bunun əksinə olaraq Krım türkləri sona qədər mübarizə apardılar, Rusiyanın ilhaqını qəbul etmədilər. Bu hərəkatın başında keçmişdə olduğu kimi ilhaq günlərində də Mustafa bəy dayanırdı. Rusiya Mustafa bəydən qorxduğuna görə ona qarşı cinayət işi açıb və onun doğma Krımına yolunu bağlayıb.

Mustafa bəy Kiyevdə özü mənə danışmışdı ki, Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqına hazırlaşanda Tatarıstanın keçmiş lideri Mintimer Şaymiyev vasitəsilə onunla əlaqə saxlayıb. Putin Mustafa bəyə təklif edib ki, o keçsin Rusiya tərəfə və bu halda nə isə onun üçün edəcək. Mustafa bəyin cavabı qısa olub: ”Mən millətimi və dövlətimi satmıram". Onun bu hərəkəti Ukraynanın bütövlüyü uğrunda mübarizənin tərkib hissəsinə çevrilib. Ona görə də Ukraynada siyasi partiyalar və tanınmış siyasətçilər Mustafa bəyi yanlarında görmək istəyirlər. Mustafa bəy son prezident seçkisində indiki prezident Vladimir Zelenskiyə müxalif mövqedə olub, onun rəqibi Petro Poroşenkonu dəstəkləyib. Buna baxmayaraq, Mustafa bəyin yeni parlamentin vitse-spikeri seçilməsi şansı az deyil".

Elxan Şahinoğlu: “Poroşenko incə gediş edib”

Politoloq Poroşenkonun M.Cəmiloğlu ilə bağlı jestini yüksək dəyərləndirir: “Poroşenko incə gediş edib. O, vitse-spikerliyə istənilən namizədi versəydi, həmin şəxsin seçilməsi şansı yüksək olmayacaqdı. Çünki Poroşenkonun partiyasının yeni parlamentdə tərəfdarı azdır. Buna baxmayaraq, o biri partiyaların Mustafa bəyin əleyhinə səs verməsi problematikdir. Mustafa bəyin əleyhinə səs versələr belə çıxacaq ki, o biri partiyalar Krım türklərinin mübarizəsini dəstəkləmirlər. Bu isə Zelenskinin və onun partiyasının reytinqinə mənfi təsir edəcək. Başqa bir variant ondan ibarətdir ki, Zelenski Krım türkləri arasında öz namizədini tapıb onu irəli çəkə bilər. Ancaq hələ ki Krım türkləri arasında Mustafa Cəmiloğlu və onun yardımçısı Rifat Çibarov qədər populyar olanı yoxdur. Əslində Mustafa bəyin vitse-spiker olması Zelenskinin də maraqlarına xidmət edir. Birincisi, Krımın geri qaytarılması uğrunda mübarizə ümumukrayna mübarizəsidir və Mustafa bəy bu mübarizədə Ukraynanın əsas simvoludur. İkincisi, Mustafa bəy yeni hakimiyyətin Krım siyasətində Zelenskiyə lazımi dəstək verə bilər. Digər tərəfdən, Mustafa bəy Zelenski ilə qonşu Türkiyə ilə münasibətlərdə vacib körpü rolunu oynaya bilər”.

Əkbər Qoşalı: “Bu, onun Mustafa bəyə vəfa borcunun göstəricisidir”

10 il öncə M.Cəmiloğlu ilə Krımda görüşən Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı: “Mustafa bəylə yalnız bir dəfə, 2009-cu ilin yayında Krımda - Türk Dünyası Gənclik Günləri və Qurultayında görüşdüyümüzü xatırlayıram. Əlbəttə, Mustafa bəyin əfsanəli adını daha öncələrdən eşitmiş, haqqında oxumuşdum. Həmin qurultayda da təsirli çıxış etdi, nümayəndə heyətləri ilə tanış oldu, türk ölkə və topluluqlarından Krıma gəlmiş qonaqların şərəfinə verilən ziyafətdə şəxsən iştirak etdi. Biz bilirdik ki, Mustafa Cəmiloğlu 1944-cü ildə deportasiyaya məruz qalan Krım tatarlarının öz doğma yurduna qayıtması uğrunda mübarizə aparan ən barışmaz dissidentlərdən biri olub. Mustafa bəy bütün şüurlu həyatını Krım tatarlarının doğma yurda qaytarılması uğrunda mübarizəyə həsr edib və sonunda, haqqın nazilsə də, üzülməz olduğu bir daha sübut olunub.

1966-cı ildə sovet ordusunda xidmətdən imtina etdiyinə görə il yarım iş alıb. Ümumiyyətlə, Mustafa bəy 6 dəfə məhkum olunub, keçmiş SSRİ-nin ən ciddi rejimli həbs düşərgələrində üst-üstə 17 il məhbus həyatı yaşayıb.

1991-ci ildə Krım tatarlarının II Xalq nümayəndələri Qurultayında Krım tatarlarının yeganə nümayəndəli orqanı olan Xalq Məclisinin başqanı seçilən və uzun müddət bu vəzifədə çalışan Mustafa bəy 1998-ci ildə Ukrayna parlamentinin deputatı seçilib və Ali Radanın İnsan hüquqları, milli azlıqlar və milli münasibətlər Komitəsinin üzvü kimi geniş təcrübəyə, ad-sana malikdir. Heç təsadüfi deyil ki, 1998-ci ildə o, insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının F.Nansen adına ödülünə, 2001-ci ilin avqustunda isə Ukrayna prezidentinin fərmanı ilə “Knyaz Yaroslav Mudrı” Ordeninə layiq görülüb.

Beləliklə, Avropa Həmrəyliyi Partiyasının Ukrayna Radasının vitse-spikeri vəzifəsinə Krım tatarlarının lideri Mustafa Cəmilin namizədliyini irəli sürməyə hazırlaşması, əlbəttə, təsadüfi sayıla bilməz. Bu, təqdirəlayiq haldır, həm Ukrayna dövləti üçün, həm Krım muxtariyyəti üçün, həm də, biləvasitə Krım tatarları üçün. Deputatların arasında namizədlik məsələsinə həsr olunmuş səsvermədə yalnız 1 deputatın bitərəf qalması surəti ilə müsbət qərar qəbul edilməsi də həm Mustafa bəyin nüfuzunun göstəricisidir, həm də uzaqgörən, anlayışlı münnasıbətinin ifadəsidir.

Maraqlıdır, siz sualda Mustafa bəyin vitse-spiker vəzifəsinə şansı yox, şansları deyə ifadə edirsiniz, çox da doğru edirsiniz. Mustafa bəyin burada itirəcəyi bir şey yoxdur, seçilsə də, seçilməsə də, namizədliyin özü Mustafa bəyin xeyrinədir. İstər-istəməz bu mübariz insanın adı yenidən gündəmə gələcək, bununla da Ukrayna-Rusiya münasibətləri, daha doğrusu, münasibətsizliyi tarixi aspektdən də yada salınacaq, tatarların Krımdan niyə sürgün edildiyi, Krımın keçmişi müzakirələrə cəlb olunacaq və s.

Olsun ki, bu, keçmiş prezident Poroşenkonun Mustafa bəyə vəfa borcunun da göstəricisidir.

Mustafa bəy Mustafa Cəmil Krımoğlu imzası ilə də tanınır. Yəni Krım, Krımın Ukraynaya bağlılığı bir şəxsin, bir deputatın şəxsində nə qədər cəm ola, təzahür edə, şəkillənə bilərsə, o şəkillənmənin ən yaxşısı məhz Mustafa bəyə aiddir. Mustafa bəyin namizədliyi və inşallah, vitse-spiker seçilməsi Ukrayna ilə türksoylu dövlətlərin münasibətlərinə və Ukrayna demokratiyasına da müsbət ştrixlər əlavə edəcək. Baxın, elə bu və bənzər səbəblərdən, habelə Ukrayna vətəndaşlarının mütəşəkkilliyi, vətəndaş-dövlət münasibətləri, dövlətlərarası konyuktur da nəzərə alınmaqla, Ukraynanın mövcud durumu özlüyündə Mustafa bəyin namizədliyini bir partiyanın deyil, dost Ukraynanın bütün vətənpərvər deputatlarının namizədi halına gətirir"./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26