Interposta.Info

Avropa İttifaqı Brexit üçün Böyük Britaniyaya yenidən vaxt verməyə hazırdır

Siyasət
 7-06-2019, 16:29     10 346

Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Böyük Britaniyanın yeni baş nazirinə Brexit üzrə ikinci referendumun keçirilməsinə yenidən vaxt lazım gələ biləcəyi üçün ölkənin Avropa İttifaqının tərkibindən çıxması prosesinin təxirə salınmasını dəstəkləməyə hazırdır.

AZƏRTAC “Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Brüsseldəki mənbə bildirib.

Britaniyalı diplomatlarla sıx əlaqədə olan Avropa İttifaqı ölkələrinin hökumətləri hesab edirlər ki, Birləşmiş Krallığın baş nazir postu uğrunda mübarizənin əsas favoritləri sayılan sabiq xarici işlər naziri Boris Conson və Brexit məsələləri üzrə sabiq nazir Dominik Raabın oktyabrın 31-dək ölkəni sazişli və ya sazişsiz Avropa Blokundan çıxarmaq imkanları yoxdur. Mənbənin sözlərinə görə, parlament üzvlərinin əksəriyyəti sazişi qəbul etməyəcək və hökumət dağılacaq. Yeni hökumət isə çox güman ki, məsuliyyətin altına girməyərək təkrar referendum keçirəcək. Avropa İttifaqı ölkələrinin əksəriyyəti Brexit prosesi üzrə müddəti gələn ilin iyun ayından sonraya keçirməyin əleyhinədir, belə ki, 2021-ci ildə Aİ-nin xərcləri barədə yeddi illik proqramın müzakirələri başlayacaq.

Xatırladaq ki, Böyük Britaniya 2019-cu il martın 29-da, yəni Brexit barədə yazılı bildiriş göndərdikdən iki il sonra Avropa İttifaqını tərk etməli idi. Lakin İcmalar palatasının deputatları Birləşmiş Krallığın Baş naziri Tereza Meyin Avropa liderləri ilə danışıqların gedişində nail olduğu Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd edib. Nəticədə Avropa İttifaqı Brexit tarixini əvvəlcə aprel-may aylarına, sonra isə oktyabrın 31-nə qədər təxirə salıb.

Tereza Mey Mühafizəkarlar partiyasının lideri postundan istefa verəcəyini elan edib. Yeni lider seçkilərində 10-dan çox partiya üzvü öz namizədliyini irəli sürüb. Onların arasında sərt Brexit tərəfdarı kimi tanınan, sabiq xarici işlər naziri Boris Consonun şansları daha yüksək qiymətləndirilir. Tereza Mey mühafizəkarların lideri postunu iyunun 7-də tərk etməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26