Interposta.Info

Pol Qobldan sensasion Qarabağ açıqlaması

Siyasət
 7-01-2019, 15:45     10 338

Moskva əvəzini Azərbaycandan ala biləcəyinə əmin olanda Ermənistanı satacaq”

Bu barədə ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına müsahibəsində deyib.

Qobl iddia edir ki, Rusiya Bakı və İrəvana təsirini itirməmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir:

“ABŞ isə problemin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin irəliləyişə nail olmaq üçün əlində kifayət qədər resursu yoxdur. Hazırda situasiya bir qədər dəyişir. Ermənistanı Moskvadan asılı olmayan hakimiyyət idarə edir, Azərbaycan isə Rusiya ilə münasibətlərini sıxlaşdırır. Nikol Paşinyan diqqətini daxili problemlərə cəmləşdirəcək və Qarabağ lobbisinin əksinə gedəcək addımlar atmağı istəməyəcək. Ola bilər ki, vəziyyət bir-iki ilə dəyişsin. Moskva isə anlayır ki, əgər İrəvanı öz mövqelərindən geri çəkilməyə və Dağlıq Qarabağ məsələsində güzəştə getməyə məcbur edə biləcəksə, onda Azərbaycanda mövqelərini gücləndirəcək. Həmişə bildirmişəm ki, Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq. Lakin burada da böyük müəmma var”.

P.Qobl hesab edir ki, 2019-cu ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlər gözləmir.

“Mümkündür ki, yeni toqquşmalar olsun və bunda Moskva maraqlı olacaq. Çünki bununla o tərəflərə problemi ondan başqa heç kimin həll edə bilməyəcəyini yenidən xatırlada bilər”, - deyə o bildirib.

Amerikalı politoloq Paşinyanın öz hakimiyyətini gücləndirmək istədiyini, lakin Dağlıq Qarabağ məsələsində hər hansı addım atmağın ona çətinlik yaradacağını hesab edir.

O əlavə edir ki, Azərbaycan da öz növbəsində Moskvaya mülayim yaxınlaşmaq siyasətini yürüdür və Türkiyə ilə yanaşı, Qərblə də əlaqələrə xüsusi diqqət ayırır.
“Diplomatik proses yenidən dalana dirənəcək. Çünki Paşinyan Dağlıq Qarabağ məsələsində öz sələfinin siyasi kursunu davam etdirir. Əgər Qərbin Qafqazda aktiv fəaliyyəti hiss olunmasaydı, bəlkə vəziyyət dəyişə bilərdi, lakin diplomatiya olmadan Tramp Administrasiyasının geri çəkiləcəyinə və regiona qoşun daxil edəcəyinə əmin olmaq da ağılsızlıqdır. Rusiyanın özünün da daha əhəmiyyətli məsələləri var, Moskva hazırda Ermənistana ikinci dərəcəli məsələ kimi baxır. Kreml Paşinyanı sevmir, lakin onun Qərbin qucağına oturmasına da əsas vermək istəmir. Bu baxımdan, diplomatik prosesin yenidən dalana dirənəcəyi görünür”, - deyə o vurğulayıb.

Qobl hesab edir ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll ediləcəksə, bu, ABŞ-a İranı təcrid etmək üçün yeni imkanlar verəcək: “Çünki Qarabağ münaqişəsinin həlli Tehranın Qafqaza siyasi təsir imkanının itməsi deməkdir. Lakin Moskva bunu anlayır və baş verməməsi üçün əlindən gələni edir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26