Interposta.Info

Bu gün AŞ PA-nın payız sessiyası başlayır:

Siyasət
 8-10-2018, 09:35     10 321

Gündəlikdə Azərbaycanla bağlı müzakirə olmasa da, deputatlar Qarabağ problemini gündəmə gətirəcəklər

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası başlayır. Sessiya 8-12 oktyabr aralığında keçiriləcək. Sessiyada Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirəsi gözlənilməsə də, Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək. Bunu “Trend”ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, sessiyada birbaşa Azərbaycanla bağlı məsələ olmasa da, Dağlıq Qarabağ, qaçqın və məcburi köçkünlər məsələsi gündəmə gətiriləcək.

Qeyd edək ki, son yarım ildə REAL sədri İlqar Məmmədov başda olmaqla bir neçə siyasi məhbus azadlığa buraxılıb. Bu səbəbdən Azərbaycanla AŞ PA arasında son illərdə yaranan gərginliyin aradan qaldırılacağı bildirilir.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, AŞ PA ən müxtəlif maraqların, mövqelərin toqquşduğu bir qurumdur: “Bu platformada vaxtaşırı Azərbaycanla bağlı da məqsədyönlü kampaniyaların aparılması təbii qəbul olunmalıdır. AŞ PA-da yaranan ziddiyyətlərin, anlaşılmazlıqların əsasında isə ilk növbədə bu qurumun öz missiyasından uzaqlaşması, bilavasitə AŞ PA-ın səlahiyyətlərinə aid olmayan məsələlərlə məşğul olmasıdır. AŞ PA Avropa Şurasının məşvərətçi orqanıdır, qərar qəbul etmək səlahiyyətinə sahib deyil. Amma biz bəzən AŞ PA-nın ayrı-ayrı güc mərkəzlərinin əlində üzv dövlətlərə qarşı təzyiq aləti funksiyasını yerinə yetirdiyinin şahidi oluruq. Bu isə şübhəsiz ki, son nəticədə Avropa Şurasının öz qarşısına qoyduğu məqsədlərə doğru irəliləməsinə maneə yaradır. Avropa Şurasının əsas məqsədi isə üzv ölkələrin əldə etdiyi və onların ümumi dəyərinə çevrilmiş ideal və prinsiplərin müdafiəsi və həyata keçirilməsi, üzv ölkələr arasında həmrəyliyin əldə edilməsi, onların sosial-iqtisadi inkişafına dəstək verilməsindən ibarətdir. Amma təəssüf ki, biz bir çox hallarda bu təməl prinsipə zidd davranışların şahidi oluruq. Azərbaycanda mütəmadi olaraq əfv fərmanları imzalanır, amnistiya aktları qəbul edilir. Azərbaycan bunu bir dövlət olaraq öz konstitusiyasının və qanunvericilik aktlarının tələblərinə, dövlətimizin sosial və humanist mahiyyətinə uyğun şəkildə, təbii ki siyasi hakimiyyətin öz iradəsi əsasında həyata keçirir. Digər tərəfdən, beynəlxalq hüquqda ”siyasi məhbus" anlayışı yoxdur. Heç Avropa Şurasının özü də bu məsələyə hüquqi terminologiya müstəvisindən aydınlıq gətirməyib, gətirməyəcək də. Çünki “siyasi məhbus” məsələsi hüquqi anlayış kimi nə ayrı-ayrı güc mərkəzlərinə, nə də onların dominant rol oynadığı beynəlxalq təşkilatlara lazım deyil. “Siyasi məhbus” məsələsi onlara daha çox siyasi təzyiq vasitəsi, elementi kimi lazımdır. Bu baxımdan, Azərbaycana münasibətdə də bəzi beynəlxalq təşkilatların ortaya atdıqları “siyasi məhbus” məsələsi də şərti xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Məqsədindən, motivindən asılı olmayaraq, istər siyasi mübarizə, istərsə də vətəndaş hüquqları ilə bağlı olsun, istənilən cinayət əməli cinayət məsuliyyəti yaradır. Burada arzu və istək, niyyət önəmli deyil, önəmli olan faktdır. Əgər sən siyasi hədəflərinə çatmaq üçün cinayət törədirsənsə, deməli buna görə də məsuliyyət daşımalısan. Siyasi hədəflərinə görə yox, hədəfə çatmaq üçün törətdiyin cinayət əməlinə görə".

E.Mirzəbəyli İ.Məmmədov barədə də danışdı: “İlqar Məmmədovu orta səviyyədən xeyli aşağı bir siyasətçi hesab edirəm və düşünürəm ki, əgər o cinayət əməlinə görə məsuliyyətə cəlb olunmasaydı, indi çoxları belə bir adamın varlığından xəbərsiz idi. Sessiyanın necə keçəcəyini isə öncədən proqnozlaşdırmaq istəməzdim. Azərbaycan hər zaman olduğu kimi situasiyaya uyğun davranacaq və təmsilçilərimiz də ölkənin maraqlarını, mövqeyini müdafiə etməyi bacaracaqlar. İstənilən beynəlxalq platformada Azərbaycan ərazilərinin işğalı faktını təkrar-təkrar, yorulmadan gündəmə gətirmək vacibdir. Avropa Şurası da bizə elə bunun üçün lazımdır. Yoxsa orada heç vaxt itirməyə də dəyməzdi. Bu məsələdə üstünlük haqqında düşünmək lazım deyil. İşğalçını və onun himayədarlarını heç bir beynəlxalq platformada rahat buraxmaq olmaz. Əgər kimsə düşünür ki, beynəlxalq təşkilatların hətta fantastik arzularını yerinə yetirsək, bu orada təmsil olunan güc mərkəzlərinin siyasi mövqelərinə fundamental təsir göstərəcək, yanılır.

Əgər söhbət insan haqlarından, demokratik prinsiplərdən gedirsə, Azərbaycan torpaqlarının işğal altında saxlanılması, 1 milyondan çox insanın öz evindən didərgin düşməsi ən böyük insan haqları pozuntusudur. Bu adamlar ana südü kimi halal torpaqlarında, yurdlarında öz hüquqlarını həyata keçirə bilmirlər. Onların demokratiyanın fundamental dəyərlərindən biri olan yerli özünüidarəetmə orqanlarında iştirakı, səs vermək, seçim etmək hüququ qanunsuz olaraq məhdudlaşdırılıb. 1 milyon insanın hüququnu təmin etməyə dəstək verməyən bir qurumun 1-2 nəfərin cinayət əməlini siyasiləşdirməsi cəhdlərinin qarşısının alınması nəyi dəyişəcək ki? Bu təşkilatlar terrorçuları, muzdlu qatilləri, korrupsionerləri, narkotacirləri də ”siyasi məhbus" elan edirlər. Nə edək, onlar belə hesab edir deyə, cinayət faktlarına hüquqi münasibətimizi dəyişək? Azərbaycanda onsuz da cəzaların yüngülləşdirilməsi, cəza tədbirlərinin liberallaşdırılması istiqamətində addımlar atılır. Bu bir prosesdir və düşünürəm ki, zaman keçdikcə nəticə özünü daha qabarıq göstərəcək".

Politoloq onu da qeyd etdi ki, Azərbaycan-Avropa Şurası münasibətlərini Azərbaycan-Avropa İttifaqı münasibətləri ilə əlaqələndirmək doğru deyil: “Bunlar tamamilə fərqli yanaşma tələb edən, həmdə ayrıca təhlil edilməsinə ehtiyac duyulan məsələlərdir. Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər əsasən ortaq iqtisadi maraqlara söykənir. Şübhəsiz ki, sazişdə bir çox istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulub. Amma düşünürəm ki, proseslərin gedişini izləmək və nəticəyə münasibət bildirmək daha doğru olar”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26