Interposta.Info

Qarabağ danışıqlarında tarixi dönüş gözləntisi

Siyasət
 4-10-2018, 09:24     10 342

Passiv keçən 2018-ci ilin Qarabağ “akkordu” yadda qalan ola bilər

İlin 9 ayı arxada qaldı. Ancaq Dağlıq Qarabağ problemi ilə bağlı hələ ki yalnız bir mühüm gəlişmə qeydə alınıb. Bu da əksər siyasi müşahidəçilərin də vurğuladığı kimi, ötən həftə MDB-nin Düşənbə sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunan ilkin şifahi anlaşmadır. Erməni tərəfi bu anlaşmaya əməl edib ardınca sülh prosesi ilə bağlı real və pozitiv addımlar atsa, o zaman xeyli müddətdir dalanda olan danışıqlarda dönüş yarana bilər.

Görünən budur ki, konfliktlə bağlı pozitiv gəlişmə yenə məhz ilk növbədə rəsmi Bakının məsələdə tutduğu prinsipial mövqe nəticəsində mümkün olub. Hər halda, fakt odur ki, Ermənistanın yeni rəhbərliyinin, ilk növbədə də baş nazir Paşinyanın reallıqdan uzaq, qeyri-konstruktiv yanaşmasına münasibətdə Azərbaycanın sərgilədiyi qəti mövqe düşmən tərəfi geri çəkilməyə vadar eləyib. Əks halda, müharibə qaçılmaz idi. Əslində atəşkəsin uzanması sülhdən daha çox, elə müharibə risklərinə xidmət edir. Bunu işğalçı ölkədə nə qədər tez anlasalar, bir o qədər özləri və region üçün faydalı olar.

*****

“Bundan öncə də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən görüşlərdə atəşkəsə əməl olunması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi üzrə müzakirələr aparılmışdı. Bəlli olduğu kimi, təxribatçı hərəkətlər həmişə Ermənistan tərəfindən həyata keçirilib. Azərbaycanın buna tutarlı cavabları nəticə etibarilə Ermənistanın geriyə otuzdurulmasına zəmin yaradıb”.

Bu sözləri politoloq Elçin Mirzəbəyli iki ölkə rəhbəri arasında Düşənbə anlaşmasını şərh edərkən deyib (axar.az). Onun sözlərinə görə, son vaxtlar Ermənistanın təxribatçı hərəkətləri qarşılığında Azərbaycan kifayət qədər sərt cavablar verib: “Təbii ki, aprel döyüşlərini də buraya aid etmək olar. Ümumiyyətlə, sonrakı dövrlərdə atəşkəsi pozması nəticəsində Ermənistan kifayət qədər itki verdi, xüsusilə də yüksək rütbəli zabitlərini itirdi. Bu aspektdən də indiki şəraitdə Ermənistan atəşkəsə əməl olunmasına xüsusi ehtiyac duyur... Paşinyanın verdiyi açıqlamalar və ritorikası beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunmadı. Burada xüsusilə Azərbaycanın diplomatik cəhdlərini və ölkə rəhbərliyinin mövqeyini birmənalı şəkildə nəzərə almaq lazımdır. Azərbaycan Ermənistanın danışıqların pozulması istiqamətində davakar ritorikasını beynəlxalq səviyyədə qətiyyətlə pislədi, bunun məsuliyyətinin İrəvanın üzərinə düşəcəyini bəyan etdi”.

Politoloq hesab edir ki, atəşkəs tərəflər arasında münasibətlərin normal müstəviyə düşməsi və gərginliyin aradan qaldırılması üçün önəmlidir: “Ancaq bu, heç bir formada Ermənistana münaqişənin həllini daha da uzatmağa əsas vermir. Əgər belə şey olarsa, o zaman məsuliyyət Ermənistanın üzərinə düşəcək. Şübhəsiz ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün müvafiq tədbirlər həyata keçirəcək. Əslində Bakı Ermənistanın indiki rəhbərinə şans verir ki, münaqişənin tənzimlənməsi istiqamətində konstruktiv addımlar atsın”.

*****

“Yeni Müsavat” xatırladır ki, ötən ay Nyu-Yorkda Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında ikinci görüş olub. Görüş 3 saat çəkib. İlin sonunda onlar arasında daha bir görüş planlaşdırılır. Təxminın eyni vaxtda Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Hər halda, baş nazir N.Paşinyan can atır ki, Ermənistan növbəti ilə təzə parlamentlə və legitim baş nazir qismində girsin.

Bəs XİN rəhbərlərinin qarşıdakı görüşündən nə gözləmək olar? İki ölkənin baş diplomatları arasında il sonu Qarabağa dair hansısa anlaşma mümkündürmü?

Elçin Mirzəbəyli: “Təbii ki, ilin sonu üçün regionda yeni bir situasiya yarana bilər. Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkənin siyasi rəhbərliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü isə şübhəsiz ki, növbəti mərhələyə imkan yaradacaq. Düşünürəm ki, növbəti görüşdə danışıqların davam etdirilməsi üçün Azərbaycanın və Minsk Qrupunun da ortaya qoyduğu əsas prinsiplər işə düşəcək. Yəni söhbət substansiv, məqsədə xidmət edən danışıqları davam etdirməkdən gedir. Bu istiqamətdə müvafiq addımların atılması üçün imkan yaranacaq. Fikrimcə, xarici işlər nazirlərinin növbəti görüşü Birləşmiş Ştatlarda keçirilən görüşdən daha effektiv olacaq”.

*****

Şübhə yox ki, Azərbaycan və Ermənistan arasında danışıqların nəticəsi həm də və xeyli dərəcədə Rusiyadan asılıdır. Çünki Moskva hələ ki konfliktin nizama salınmasında ən böyük təsir imkanını özündə saxlayır. Bəzi şərhçilərə görə, Ermənistanın danışıqlar prosesinə qayıtmasında, eləcə də Düşənbə anlaşmasında Rusiyanın məxsusi rolu var. Elədirsə, Moskva sülh prosesini daha irəli aparmaq üçün təşəbbüslər göstərəcəkmi?

Əlbəttə ki, böyük müharibədə maraqlı olmayan Rusiya əsas vasitəçi olaraq, öz üzərinə düşən missiyanı həyata keçirsə və bölgədə sülhün təmin olunması üçün gərəkən addımlar atsa, bu, dərhal öz müsbət nəticələrini verəcək. O zaman Bakı-Moskva münasibətləri də daha proqnoza yatımlı olmaqla, indikindən güclü qarşılıqlı etimad “relsləri” üzərinə keçəcək. Əks təqdirdə, konfliktin uzanmasında Kremlin də maraqlı olduğu haqda ənənəvi rəy daşlaşmış olacaq.

İstənilən halda, Rusiya da bilməmiş deyil ki, Azərbaycan öz torpaqlarının işğalı ilə sonsuzadək barışmaq niyyətində deyil. Ərazilər ya sülh yolu ilə, danışıqlar vasitəsilə azad ediləcək, ya da böyük savaş qaçılmaz olacaq. Bunu nəzərə alaraq, Bakı öz silahlı qüvvələrinin hərbi və döyüş qabiliyyətini artırmaqda davam edir. Qardaş Türkiyənin təcrübəsi bu yöndə mühüm vasitələrdən biri olaraq qalır.

Yeri gəlmişkən, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti növbəti dəfə Bakıda səfərdədir. Müdafiə Nazirliyindən musavat.com-a verilən məlumata görə, Türkiyənin nümayəndə heyəti öncə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Görüşdə Azərbaycan tərəfindən Xarici Dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub. Həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub. Görüşlər dünən də davam etdirilib. Səfər sabah - oktyabrın 5-də başa çatacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26