Interposta.Info

İdlibdən sonra Ərdoğanla Putinin Qarabağ razılaşması mümkünmü?

Siyasət
 26-09-2018, 10:19     10 468

Arzuxan Əlizadə: “Rusiya-Türkiyə-İran formatı gələcəkdə Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli rol oynaya bilər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında İdlib məsələsi ilə bağlı razılaşmanın əldə edilməsindən sonra Dağlıq Qarabağ məsələsində də günün birində belə bir razılaşmanın mümkün olub-olmadığı müzakirə edilir.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında belə bir razılaşmanın Dağlıq Qarabağla da əlaqədar ola biləcəyi barədə birmənalı proqnoz vermək mümkün deyil. Bu məsələdə bir sıra amillər nəzərdən keçirilməlidir. Yalnız bir məsələni əminliklə demək olar ki, Türkiyə və Rusiyanın son zamanlar müşahidə olunan yaxınlaşması regiondakı münaqişələrin alovlanma risklərini tam aradan qaldırmasa da, ən azından azaldır: “Görünən odur ki, son dövrlərdə hər iki dövlət arasındakı münasibətlər artan xətt üzrə inkişaf edir. Məsələn, Putin 18 mart prezident seçkilərindən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Digər tərəfdən Qərbin sərt sanksiyaları Putinə Qərb ölkələrinə səfər etmək məhdudiyyəti yaradıb. Bu gün Moskva və Ankara hökumətləri enerji sektorunda bir-biri ilə sıx əməkdaşlıq edir. Türkiyə Rusiyadan neft və qaz idxal edir. Rusiya həmçinin Türkiyəyə Akkuyu Atom Elektrik Stansiyasının tikintisində kömək edir. Akkuyuda atom elektrik stansiyasının ilk reaktorunun 2023-cü ildə işə düşəcəyini nəzərə alsaq, bu o deməkdir ki, ən azı 2023-cü ilə qədər Rusiya-Türkiyə münasibətlərində problem olmamalıdır. Hər il Türkiyəyə təxminən 4 milyon civarında rus turist gəlir və s. Şübhəsiz ki, belə geniş iqtisadi münasibətlər istər-istəməz siyasi riskləri də azaldır.

İdlibdən sonra Ərdoğanla Putinin Qarabağ razılaşması mümkünmü?

Lakin Rusiya və Türkiyənin maraqları Cənubi Qafqazda əhəmiyyətli dərəcədə toqquşur. Belə ki, Rusiya və Türkiyə Ermənistanla Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bir-birinə əks mövqelərdədirlər. Rusiya Ermənistanın strateji tərəfdaşı olaraq üzərində Ermənistanı qorumaqla bağlı öhdəlikləri vardır. Həmçinin Moskvanın İrəvanla hərbi müqaviləsi də mövcuddur, eyni zamanda Ermənistan Rusiyanın projesi olan KTMT-nin üzvüdür. Ankara isə Bakı ilə strateji tərəfdaşlıq və qarşılıqlı dəstək müqaviləsinə malikdir. Türkiyə Azərbaycanın strateji tərəfdaşı və qardaş dövlət olmaqla onsuz da 20 ildən artıqdır ki, bu münaqişənin müəyyən mənada içindədir və Türkiyə məhz Qarabağa görə Ermənistanla bütün diplomatik əlaqələri kəsib, sərhədləri bağlayıb".

A.Əlizadə qeyd etdi ki, eyni zamanda bütün bu deyilənlərin fonunda hazırda Türkiyə və Rusiya arasındakı iqtisadi əlaqələrin inkişafı bölgədəki sülh və sabitliyə təsir edən əsas amillərdən birinə çevrilməkdədir. Şübhəsiz ki, bu əlaqələrin möhkəmlənməsi və inkişafı Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə də təkan verə bilər: “Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə İdliblə bağlı Soçi görüşündə belə bir fikir işlədib ki, Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər. Yəni Ərdoğan istəyir ki, Türkiyə-Rusiya siyasi əməkdaşlığı yalnız Suriya ilə kifayətlənməsin, gələcəkdə başqa regional mövzular ətrafında da fikir mübadiləsi aparılsın.

Bu gün onu da nəzərə almaq lazımdır ki, Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilməkdədir. Azərbaycanın bu 3 ölkənin hər biri ilə quru sərhədləri vardır. Bu baxımdan Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasında maraqlıdır. Onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir. Digər tərəfdən, Türkiyə və İran danışıqlar prosesində kənarda qalmalarından narazıdırlar. Ona görə də hesab edirəm ki, Rusiya-Türkiyə-İran formatı gələcəkdə Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli rol oynaya bilər. Azərbaycan diplomatiyası bu reallığı nəzərə almalı, Azərbaycan dövləti siyasi iradəsini, iqtisadi və hərbi gücünü ortaya qoymaqla sübut etməlidir ki, işğal altında olan Azərbaycan toraqlarının işğaldan azad olunması və Dağlıq Qarabağ probleminin ədalətli həlli regionda sabitliyin və iqtisadi inkişafın qarantıdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26