Interposta.Info

Amerika və İran yenidən İraqda toqquşa bilər

Siyasət
 11-09-2018, 09:38     10 450

Bəsrə olayları və arxasındakı həqiqətlər; “tamaşanın” aktyorları, rejissorları
Ötən həftə İraqın Bəsrə şəhərində baş verənlər dünyanın diqqətini cəlb etməsə də, region üçün ciddi hadisə idi. Çünki İraqın hazırda ikinci böyük şəhəri (Mosulun xaraba qalmasından sonra - K.R.) hesab olunan Bəsrə faktiki olaraq İran və rəqibləri arasında toqquşma meydanına çevrildi.

İraqın bütün iri şəhərlərində olduğu kimi, son aylarda Bəsrədə də içməli su və elektrik enerjisi verilməsində məhdudiyyətlərə etirazlar olur. Ötən həftə isə etirazlar daha da qızışıb və 5 gün fasiləsiz davam edib. Etirazların daha da qızışmasının səbəbi isə İrandan gətirilən içməli sudan zəhərlənmənin olması olub. Ancaq İrandan gətirilən suyun zəhərli olması hələlik iddiadır, rəsmi təsdiqi yoxdur.

Ancaq bu xəbərlər Bəsrə etirazlarının əndazəni aşması üçün yetərli olub. Etirazçılar İranın Bəsrədəki konsulluğuna, həmçinin Bəsrədəki şiə siyasi partiyalarının, həmçinin yerli telekanalların və eləcə də “Həşdi Şabi” ordu birliyinin, həmçinin bura daxil olan ayrı-ayrı silahlı qrupların yerli ofislərinə hücum edib. İranın Bəsrədəki konsulluğuna hücum edənlər konsulluq binasını tamamən dağıdıb, həmçinin İran bayrağını yandırıblar.

Tehran baş verənlərə sərt reaksiya verib. Əvvəlcə İraqın Tehrandakı səfiri XİN-ə dəvət olunub, ardınca isə İran-İraq sərhədində əsas keçid nöqtələrindən biri olan Sələmçə Nəzarət Buraxılış Məntəqəsi müvəqqəti olaraq bağlanıb. Ancaq aydın məsələdir ki, bu, qısamüddətli təzyiq mesajıdır, İranla İraq arasında əlaqələr uzunmüddətli küsülülüyə imkan vermir.

Hadisədən dərhal sonra baş nazir Heydər İbadi Bəsrədən olan deputatların iştirakı ilə təcili toplantı keçirib. Ardınca isə hökumət Bəsrədə asayişə cavabdeh olan polis və ordu hissələri komandanlarını vəzifədən azad edib.

“Həşdi Şabi”nin əməliyyat komandiri Mehdi Mühəndis isə baş verənləri təxribat adlandırıb. Mühəndis deyib ki, bir daha belə hadisə olsa, Bəsrədə İŞİD-ə qarşı davrandıqları kimi davranacaqlar.

Bəsrə olaylarına ölkənin ən nüfuzlu adamı, mərcəyi-təqlid Ayətullah Seyid Əli Sistani də münasibət bildirib. Nüfuzlu Ayətullahın nümayəndəsi Əhməd Safi Bəsrəyə gedib və xalqın tələbləri ilə tanış olub. Safi bildirib ki, Sistaninin əmri ilə Bəsrəyə gəlib, təcili olaraq su problemini həll etmək üçün fəaliyyətə başlayacaqlar. Artıq su nasoslarının alınması işlərinin başladığını bildirib.

Bu arada Bəsrə ərəb qəbilələrinin rəisləri Bağdada gedərək İranın İraqdakı səfiri ilə görüşərək Bəsrə hadisələrini pisləyiblər.

Bəsrə olaylarını kimin törətməsi indi İraq və bölgə mətbuatında ciddi şəkildə müzakirə olunur. Həqiqətən qəzəbli xalq su çatışmazlığına görə İran konsulluğu və “Həşdi Şabi” binalarına hücum edib?

Məsələ ondadır ki, qəzəbli kütlənin məhz “Həşdi Şabi”ni hədəfə alması da maraqlıdır. Nədən “Həşdi Şabi”? Axı bu ordu 2014-cü ildə İraqın az qala yarısı işğal olunan günlərdə yaranıb, üzvləri arasında da çoxlu sayda Bəsrə sakini var. İndi isə bəsrəlilər bütün qəzəblərini məhz İraqın İrana yaxın könüllü ordusunun üzərinə tökmək istəyiblər.

Yeri gəlmişkən, iki gün əvvəl “Həşdi Şabi”yə daxil olan “Ən-Nucəba” Hərəkatının sözçüsü Haşim əl-Musəvi deyib ki, Bəsrə olaylarının əsas hədəfi ölkədə keçici hökumətin qurulması olub. Məsələ ondadır ki, “Həşdi Şabi”nin təşkil etdiyi seçki bloku mayın 12-də keçirilən parlament seçkilərində ikinci yeri tutub. Hazırda bu qrup hökumət qurulması danışıqlarında aktiv iştirak edir. Ötən həftə Bəsrə hadisələrindən bir qədər əvvəl isə baş nazir İbadi gözlənilmədən “Həşdi Şabi”nin baş komandanı, baş nazirin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri Falih Fəyyazı vəzifədən azad edib. Bu isə qruplaşma daxilində hökumətə qarşı ciddi narazılığa səbəb olub.

İndi isə bir sıra iraqlı rəsmilər Bəsrə olaylarını məhz ABŞ, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin törətdiyini iddia edir. Hələlik ciddi sübut yoxdur, ancaq qarışıqlığın məhz Bəsrədə və özü də İranı hədəf alması onu göstərir ki, bu, sadəcə, İraq daxilindəki İran müxalifləri deyil.

Məsələ ondadır ki, İraqın cənubu, xüsusən də Bəsrə uzun müddət İraqdakı İran düşmənçiliyinin əsas mərkəzlərindən biri olub. Bəsrənin əhalisinin əksəriyyəti şiələrdir, ancaq burada daha çox İranla aralarında soyuq münasibətlərin olan qruplar mövcuddur. Görünür ki, sosial-iqtisadi vəziyyətin ağır olduğu Bəsrə İraqda İran təsirinə qarşı zərbə vurmaq üçün uyğun görülüb. Bu arada Bəsərdəki aktivistlərin ABŞ-ın Bəsrədəki konsulu ilə görüntüləri yayılıb.

Bəsrə hadisələri göstərdi ki, İraqda sosial-siyasi sabitlik çox kövrəkdir, müxtəlif maraq qruplarının hər an baş qaldırmaq imkanları var. Və təbii ki, buna uyğun zəmin də mövcuddur. Siyasi institutlar ləng çalışır. Mayın 12-də seçki keçirilməsinə baxmayaraq hələ də hökumət qurmaq mümkün olmayıb. Üstəlik, ölkənin böyük gəlirlərinə baxmayaraq sosial-iqtisadi vəziyyəti ağırdır. İraq hazırda 4 milyon bareldən çox gündəlik neft ixrac edir, böyük qaz istehsalı var. Maraqlıdır ki, bu böyük sərvət məhz Bəsrədən dünya bazarına çıxır. Bəsrə İraqın Fars körfəzinə çıxan yeganə liman şəhəridir. Ancaq bu qədər sərvətin müqabilində yerli hökumət hələ də su və elektrik enerjisi problemini həll edə bilmir.

Bütün bunlara bir də xarici təsirləri əlavə edəndə İraqın problemlərinin sonu görünmür. Maraqlıdır ki, ötən gün xəbər yayıldı ki, İraqın böyük müctəhidi Ayətullah Sistani hazırkı baş nazir Heydər İbadi və daha 4 aktiv siyasətçinin baş nazirliyə namizədliyinə qarşı olduğunu deyib, yeni bri simanın hökumət başçısı seçilməsi çağırışı edib. O da bəlli olub ki, hazırda parlamentdə ən çox yer tutan 5 şiə fraksiyası yeni hökumətin qurulması ilə bağlı aralarında razılıq əldə ediblər. Ancaq hələlik baş nazirliyə yeni namizədin kimliyi bəlli deyil./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26