Interposta.Info

ABŞ-ın Türkiyə və İrana sanksiyalarının arxasındakı əsas hədəf

Siyasət
 18-08-2018, 09:17     10 354

Politoloq: “ABŞ-ın atdığı bu addımlar Çinin dünyada aparıcı rola çıxmasını əngəlləməyə hesablanıb...”
ABŞ-Türkiyə münasibətlərində baş verənlərin ümumilikdə dünyada gedən qlobal proseslərə təsirsiz ötüşməyəcəyi dəqiqdir. Hazırda dünyada yeni nizamın otuşdurulması prosesi başlayıb. Yaxın Şərqdə və Türkiyədə yaşananlar da bu kontekstdə baş verən geopolitik qarşıdurmalardır.

Hər bir dövlət yeni geopolitik balansda öz yerini müəyyən etməyə çalışır, ABŞ isə özünün maraqlarına uyğun diktə siyasəti yeridir. Bu baxımdan ABŞ maraqlarına uyğun hərəkət etməyən, öz maraqlaırndan çıxış edən dövlətlər var və onların hədəf seçilməsi də həmin maraqlara xidmət edir.

Məsələn, ABŞ prezidenti Donald Trampın seçkidə qələbə qazanmasında xüsusi rolu olduğu deyilən Stiven Bannon İsrail mediasına açıqlamasında Çin, İran və Türkiyəni “şeytan üçbucağı” kimi xarakterizə edib. Nə baş verir? Niyə bu üç dövlət ABŞ rəhbərliyinin gözünə “şeytan” kimi görünməyə başlayıb?

Məsələnin diqqətçəkən tərəfi də budur ki, İran və Türkiyə ABŞ sanksiyaları ilə üz-üzə qaldığı bir vaxtda Çinə qarşı konkret addımlar atılmır. Bu ayrı-seçkiliyin səbəbi nədir? Bu və digər suallarla politoloq Arzu Nağıyevə müraciət etdik.

ABŞ-ın Türkiyə və İrana sanksiyalarının arxasındakı əsas hədəf

Politoloq deyir ki, hazırda Türkiyəyə qarşı proseslərin mahiyyətini anlamaq üçün dünyada gedən qlobal proseslərə diqqət etmək lazımdır: “İndi dünyada yeni nizam qurulur. Sənaye və maliyyə potensialının artım templərinə görə son 30 ildə dünyada lider olan və ikinci iqtisadiyyata malik Çin Xalq Respublikasıdır. Çin dünyada ən iri ixracatçı, kreditor, xammal ehtiyatları istehlakçısı, ən çox qızıl-valyuta ehtiyatlarına malik dövlətdir. Yaxın gələcəkdə dünya ehtiyat valyutasına malik olacaq. Yeri gəlmişkən, artıq BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələri öz aralarında ödənişlər üçün yeni pul vahidindən istifadə ehtimalını müzakirə etməyə başlayıblar. Mümkündür ki, bu valyuta yaxın perspektivdə Çin yuanı olsun. Bundan başqa, Çin ən çox əhalisi və ordusu olan dövlətdir, qlobal proseslərdə rolu getdikcə artmaqdadır. Bu proseslər yeni dünya nizamının formalaşmasına əsaslı təsir göstərir. Dünya nizamının gələcək inkişafı böyük mənada Çindən asılıdır. Ona görə də bu gün Çinlə ABŞ arasında münasibətlər dünya siyasətinin diqqət mərkəzindədir. Çin İranın neft ixracının üçdə birini almaqla iqtisadiyyatını ayaqda saxlayır. Türkiyə ilə də Çinin hərbi, iqtisadi və digər sahələrdə əlaqələri genişlənməkdədir. Bu baxımdan böyük Çinə qarşı addımlar müttəfiqlərinin zəiflədilməsi, sıradan çıxarılması üzərindən iqtisadi dayaqlarının sarsıdılmasına hesablanıb”.

Politoloqa görə, hər bir ölkəyə qarşı tətbiq olunan sanksiyaların konkret məqsədləri var: “Məlum məsələdir ki, Türkiyəyə qarşı sanksiyalar heç də keşiş Bronsonla bağl deyil. Bronsonun işi sanksiyaların tətbiqi üçün sıradan bir bəhanə, vasitədir. Bronsonla Fətullah Güləni dəyişmək kimi bir perspektiv də yoxdur. Türkiyəyə qarşı sanksiyaların kökündə həm də Rusiya ilə Türkiyənin yaxınlaşması dayanır. Türkiyənin İranla da münasibətləri müsbətə doğru inkişaf etməkdədir. ABŞ vaxtilə Çin iqtisadiyyatının dirçəldilməsi üçün addımlar atıb. Ölkə daxilindəki ucuz işçi qüvvəsi və resursların kifayət qədər olması Çin iqtisadiyyatını sürətlə inkişaf etməsinə səbəb olub. Belə görünür ki, ABŞ bundan məmnun deyil, daha çox narahatdır. Dünyada iqtisadi baxımından çox güclü olan 2-ci bir qüdrətli dövlətin formalaşması prosesi gedir. Bunun qarşısını almaq üçün dolayı və birbaşa yollarla addımları müşahidə edirik.

Çünki iqtisadiyyat böyüdükcə, qüdrətli iqtisadiyyatdan doğan siyasət də böyüyür. Artan, genişlənən iqtisadiyyatı Çinin həm də hərbi-siyasi baxımdan dünyada hakimi-mütləq rolundan ABŞ-ı sıxışdırmasına imkanlar yaradır. ABŞ-ın hazırda atdığı addımlar Çinin dünya hərbi və siyasi səhnəsində aparıcı rola çıxmasını əngəlləməyə hesablanıb. Buna nə dərəcədə nail olacaqlarını proqnozlaşdırmaq çətindir. Amma proseslərin gedişatı onu deməyə əsas verir ki, ABŞ sanksiyaları ilk mərhələdə bu və ya digər dövlətə qarşı effektiv addımlar kimi görünsə də, uzaq perspektivdə sanksiyalara məruz qalan dövlətlərin güclənməsinə, daha tez bir-biriləri ilə müttəfiqə çevirilmələrinə səbəb olacaq”.

Politoloq deyir ki, ABŞ-da da bunun fərqindədirlər ki, sanksiyalara məruz qoyduğu dövlətlər getdikcə daha da sıx birləşirlər. Bu da öz növbəsində ABŞ-ın son nəticədə fikrindən daşınması ilə nəticələnə bilər: “Şimali Koreyanın hədələməsi və ardından Tramp adminstrasiyasının bu dövlətinin rəsmiləri ilə danışıqlar masasına əyləşməsi göz önündədir. Bundan əvvəl İranı hədələyirdilər və günlərin birində özləri də İrana danışıq təklif etdilər. Yaxın gələcəkdə Türkiyə ilə də eyni cür davranış sərgilənəcəyi gözləniləndir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26