Interposta.Info

Aprel sindromu hər an təkrarlana bilər -

Siyasət
 20-06-2018, 11:08     10 404

Erməni prezident və baş nazirin Qarabağa son qanunsuz səfərlərində məqsəd; rusiyalı politoloq Ermənistanın yeni rəhbərliyinə xəbərdarlıq elədi: “İstənilən erməni siyasətçisi Rusiya ilə hesablaşmaq zorundadır...”

Keçən həftə Ermənistan prezidenti Armen Sərksiyan və baş nazir Nikol Paşinyan bir-birinin ardınca işğal altındakı Dağlıq Qarabağa səfər etdilər. Heç şübhəsiz ki, bu qanunsuz səfərləri şərtləndirən səbəblərdən biri işğalçı ölkədə ötən ay baş vermiş hakimiyyət çevrilişindən sonra yaranmış qeyri-müəyyən vəziyyətdən yeni rəhbərliyin narahatlığı ilə bağlıdır. Düşmən ölkənin başçıları yaranmış durumda yeni silahlar alıb öz hərbi potensialını daha da artıran Azərbaycanın hər an aprel sindromunu təkrarlaya biləcəyindən xüsusilə ehtiyatlanmağa başlayıblar.

Əslində buna əsaslar var. Özü də həmişə. Xüsusən də Naxçıvan istiqamətində ordumuzun irəliləyərək 11 min hektar ərazini azad eləməsi işğalçı ölkənin rəhbərliyinə ciddi siqnal hesab olunmalıdır. Siyasi təhlilçilərin bu xüsusda şərh və proqnozlarını təqdim edirik.

*****

“Ermənistanın səlahiyyətli şəxslərinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri birmənalı təxribat xarakteri daşıyır. Təbii ki, bu təxribatların əsas məqsədi də bir növ vəziyyəti müharibə həddinə gətirib çıxarmaqdan ibarətdir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu axar.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın daxilində müxtəlif proseslər gedir. “Biz bu proseslərdən az-çox xəbərdar olsaq da, çoxunu bilmirik. Fikir verin, gah kimisə həbs edirlər, gah da vəzifədən uzaqlaşdırırlar. Görünən odur ki, işğalçı ölkənin daxilində ciddi çəkişmələr mövcuddur. Paşinyan da təbii ki, hakimiyyəti tam mənimsəməyə çalışır. Hesab edirəm ki, Azərbaycanın mövqeyi birmənalıdır. İstər Ermənistanın adi vətəndaşları, istər vəzifəli şəxsləri, istərsə də güc strukturları olsun, onların Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmələri birbaşa cinayətdir. Bu cinayət isə, gec və ya tez, müharibəyə gətirib çıxaracaq. Heç bir dövlət işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin bu cür davam etdirilməsinə icazə verə bilməz”, - deyə eks-diplomat qeyd edib.

Politoloq hesab edir ki, indilikdə Ermənistan tərəfindən Azərbaycanla təmas və danışıqları kimin aparacağı hələ bəlli deyil: “Hazırda orada qeyri-stabil bir vəziyyət hökm sürür. İkincisi, Ermənistan işğalçı siyasətini davam etdirir. Əslində Paşinyanın Rusiyadan qayıtdıqdan sonra və ya əvvəl Qarabağa gəlməsi heç bir fərq etmir. Bu, faktiki olaraq Azərbaycanı açıq şəkildə müharibəyə və hərbi əməliyyatlara təhrik edirlər”.

*****

“Naxçıvandakı son hərbi əməliyyatlardan və Azərbaycan ordusunun keçirdiyi təlimlərdən sonra Ermənistan siyasi rəhbərliyi təlaş içərisindədir”. Bunu isə politoloq Qabil Hüseynli məlum qanunsuz səfərləri şərh edərkən deyib. O bildirib ki, Azərbaycanda xüsusilə raket qoşunları birləşmələrinin yaradılmasından sonra Ermənistan tərəfinin narahatlıqları artıb: “Bu, həm də Müdafiə Nazirliyinin Azərbaycanda kosmik sahə ilə bağlı olan, yüksək texnologiyanı özündə əks etdirən yeni bir döyüş hissəsidir. Azərbaycan öz ordusunu təkmilləşdirir, eyni zamanda torpaqlarını azad etmək üçün yorulmadan çalışır. Son Naxçıvan əməliyyatlarından sonra Ermənistanda əhali arasında böyük təşviş yaranıb. Azərbaycan ordusunun Naxçıvanda 11 min hektar ərazini azad etməsi Paşinyanın siyasətinin səriştəsizliyi kimi qiymətləndirilir. Artıq erməni əhali arasında da Paşinyanla bağlı tənqidi fikirlər formalaşmaqdadır. Açıq-aşkar bunu Paşinyanın proseslərə nəzarət edə bilməməsi və təcrübəsizliyi ilə ölçürlər”.

Politoloqun qənaətincə, düşmənin Qarabağda olan həm döyüş komandirlərindən, həm də əsgərlərin müəyyən hissələrindən ciddi narahatlıqları var. “Bu səbəbdən də Paşinyan Dağlıq Qarabağ bölgəsindəki döyüş bölgələrini gəzir və qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirir. Hər iki səfər yoxlama məqsədi daşıyır. Bununla Paşinyan döyüş meydanlarında yeni bir zərbə almaqdan qorxaraq, erməni tərəfinin mövqelərini gücləndirməyə çalışır”.

Politoloqun sözlərinə görə, Azərbaycan ordusunun yeni hücumu, yeni bölgələrin ələ keçirməsi Paşinyan rejiminin süqutuna gətirib çıxara bilər.

*****

Bu, sözsüz ki, belədir. Belə bir perspektiv isə şəksiz ki, Ermənistanda təzəcə hakimiyyətə gəlmiş və hər ikisi qərbyönlü sayılan prezident Armen Sərkisyan və Nikol Paşinyanı ciddi şəkildə narahat etməyə bilməz. Bu fonda Rusiya amili əlbəttə ki, heç vaxt olmadığı qədər önəm kəsb edir - ilk növbədə işğalçı ölkənin indiki rəhbərliyi, ən çox da inqilab sayəsində müxalifətdən iqtidara çevrilmiş baş nazir Paşinyan üçün.

“Bir şəxs müxalifətdən iqtidara çevrilirsə, o zaman hər şey başqa cür qurulur. Ancaq hakimiyyət sükanı arxasında istər Sərkisyan olsun, istərsə də Paşinyan və ya başqası, bir fakt dəyişməz qalır - Ermənistanın 4 sərhədindən ikisi bağlıdır. Ermənistanın iki qonşusu ona dost münasibətdə deyil. Bu, 10 milyonluq Azərbaycan və 80 milyonluq Türkiyədir. Türkiyə NATO-nun üzvüdür, Ermənistan isə alyansın üzvü ola bilməz. Həm Türkiyənin, həm də Ermənistanın Avropa Birliyində üzvlüyü ağlabatan deyil. Xoşagələndir, ya yox, Rusiya mühüm oyunçu olaraq qalır və Ermənistanda istənilən siyasətçi bunu nəzərə almalı olacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı politoloq Sergey Markedonov 1 in.am erməni nəşrinə müsahibəsində İrəvan-Moskva əlaqələrinin mümkün perspektivini və Paşinyana Kremlin münasibətini şərh edərkən deyib.

Politoloq Nikol Paşinyanın Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmaqla bağlı tələbinə də münasibət bildirib. “Bu imkan bir çox parametrlərlə məhdudlaşıb. Hansısa məqamda, bəli, belə bir iştirak olub, ancaq imkan itirilib. İndi onu avtomatik şəkildə bərpa eləmək mümkün deyil. Çünki siz eyni suya iki dəfə girə bilməzsiniz. Belə ideyalar olacaq. Amma hətta Ermənistanın öz daxilində də bu, müxtəlif cür qəbul olunur, diskussiya gedir. Moskvaya gəlincə, artıq Lavrov (xarici işlər naziri - red.) kifayət qədər dəqiq reaksiya verib: Moskva əleyhinə deyil, ancaq bu, münaqişə tərəflərinin müzakirə edə biləcəyi mövzudur”, - deyə politoloq erməniləri faktiki, məyus edib.

Konfliktin yaxın perspektiv üçün həll ehtimalından danışan Markedonov deyib: “Bir paradoks var - həm Bakıda, həm də İrəvanda tez-tez deyirlər ki, biz müstəqilik, eyni zamanda bildirirlər ki, Qarabağ konfliktinin açarı Moskvadadır. Belə olmur. Siz ya müstəqilsiniz, ya da açar Moskvadadır. Ancaq açar Moskvada deyil. Moskva yalnız kömək edə bilər, o, problemi Bakı və İrəvanın yerinə çözməyəcək. Bu, məsuliyyətdir və Rusiya bu məsuliyyəti öz üzərinə götürməyəcək. Bu, dəqiq şəkildə bəyan edilib”.

“Bəs Bakı və İrəvan yaxın zamanlarda həllə bağlı dil tapa biləcəkmi” sualına rusiyalı politoloqun cavabı belə olub: “Həll nə deməkdir? Siz Qarabağ üçün öz müqəddəratı təyinetmə istəyəcəksiz. Azərbaycanda isə belə hesab eləmirlər. Yəni hər şey çox qəlizdir. Biri ”ağ" deyir, o biri “qara”. Onları necə birləşdirmək olar? Mürəkkəb məsələdir".

*****

Əslində Markedonov “açar Moskvada deyil” deməklə blef edir. Çünki az qala uşaq da bilir ki, konfliktin açarı məhz Kremldədir. O anlamda ki, Rusiyanın münaqişənin həllinə köməyi o yana dursun, konfliktə qarışmamasının özü yetər ki, onun həlli tezləşsin. O halda özünü arxa-dayaqsız hiss edən işğalçı Ermənistana qarşı Azərbaycanın hərbi güc tətbiq etməsinə belə lüzum qalmayacaq. Yaxud Azərbaycanın 2016-cı ilin aprelindəki kimi bir-iki uğurlu lokal hərbi əməliyyatı işğalçı tərəfi ədalətli sülhə gətirmək üçün tam kifayət edəcək...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26