Interposta.Info

Qarabağ səmasında barıt qoxusu güclənir -

Siyasət
 20-09-2018, 09:24     10 361

Erməni rəsmilərinin işğal altındakı ərazilərimizə qanunsuz səfərləri artıb; Moskva ilə münasibətləri gərginləşən İrəvan atəşkəsin hər an pozulacağından ehtiyatlanır; amerikalı analitik: “Rusiya demokratik Ermənistana dözməyəcək...”

Sabah - sentyabrın 21-də Ermənistanda müstəqillik elan edilməsinin 27-ci ildönümü qeyd olunacaq. Hərçənd “müstəqil” və “Ermənistan” sözlərini yanaşı işlətmək absurd olardı. Çünki işğalçı ölkə ötən 27 ildə suverenlik və müstəqilliyin real atributlarını heç vaxt daşımayıb. Onun xarici siyasət kursu belə, bir qayda olaraq, Moskvada müəyyən edilib.

Məsələ də ondadır ki, əgər bir ölkənin sərhədləri də xarici (Rusiya) hərbçiləri tərəfindən qorunursa, ərazisi xarici dövlətin (Rusiyanın) forpostuna çevrilibsə, həmin dövlətlə (Rusiya ilə) 2047-ci ilədək boyunduruq müqaviləsi imzalanıbsa, müstəqillikdən və suverenlikdən danışmağa dəymir.

Təbii ki, Ermənistan Rusiyanın xeyrinə öz suverenliyi və müstəqilliyindən müstəsna olaraq, Azərbaycan ərazilərini özünə ilhaq etmək naminə vaz keçib. Ən absurdu isə odur ki, öz müstəqilliyini, faktiki, əldən verən Ermənistan illərdir ikinci qondarma erməni dövlətinin - “DQR”in müstəqilliyindən də dəm vurur.

Ancaq bütün bunlara rəğmən, 5 aydır Paşinyan hökuməti bu acı gerçəyi dəyişməyə, Ermənistanı Rusiya qarşısında müstəqil etməyə can atır. Nəticə isə yoxdur, gözlənilmir. Çünki bunu o, torpaqlarımızın, Dağlıq Qarabağın işğalını davam etdirməklə paralel etməyə çalışır. Bu isə qeyri-mümkündür. Ona görə ki, Azərbaycan ərazilərinin işğalının əsas qarantı məhz Rusiyadır.

Demək, İrəvan Rusiyadan imtina eləməklə avtomatik şəkildə işğaldan, Qarabağdan da imtina etməli olacaq. Məsələ bundadır. Başqa sözlə, Ermənistan həqiqətən müstəqil dövlətə çevrilmək istəyirsə, o zaman ilk növbədə ağır “Qarabağ yükü”ndən qurtulmalıdır. Bu isə Azərbaycanla ədalətli sülh sazişi imzalamaqdan keçir.

*****

Əfsus ki, bu sadə həqiqəti Ermənistanın yeni və populist rəhbəri Nikol Paşinyan da anlamaq istəmir. Dərk eləmir ki, ya Ermənistan Dağlıq Qarabağı sahibinə qaytarmaqla müstəqil ölkə olacaq, ya da indiki kimi Rusiyanın köləsi kimi və inkişafdan qalmaqda davam edəcək - burada hakimiyyətdə kimin olmasından asılı olmayaraq. Əcnəbi analitiklər də eyni qənaətdədirlər.

“Rusiya Ermənistanı demokratiləşdirmək yönündə bütün səylərə mane olacaq. Çünki bunda özü üçün təhlükə görür”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Amerikanın səsi” radiosunun erməni bölməsinə açıqlamasında ABŞ-ın Xarici Siyasət Şurasının analitiki, tanınmış politoloq Stiven Blank deyib. Onun sözlərinə görə, Moskva demokratik Ermənistana dözməyəcək.

“Rusiya ilk növbədə Ermənistana Dağlıq Qarabağ məsələsinin nizamlanması məsələsində təzyiq edəcək. Qarabağ müharibəsi davam etdikcə, bütün köhnə klan Qarabağ məsələsindən özü üçün üstün imkanlar yaratdığı vaxtda demokratiyanı inkişaf etdirmək mümkün deyil. Müharibə davam etdikcə bu klan öz təsir və nüfuzunu saxlayacaq, istənilən demokratik prosesə əngəl olacaq - hansı prosesi ki, Paşinyan irəli aparmağa cəhd göstərir”, - deyə amerikalı politoloq xəbərdarlıq edib.

*****

Amerikalı ekspertin rəyindən bir daha qənaət hasil olur ki, Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapmayınca Ermənistanın nə bir dövlət kimi təşəkkül tapması və Rusiya asılılığından qurtulması, nə də demokratikləşib inkişaf eləməsi mümkün deyil. Böyük sülh anlaşmasının ləngiməsi isə təəssüf ki, müharibəni yaxınlaşdırmaqdadır - hansı müharibədən ki, işğalçının qalib ayrılması mümkünsüzdür. Əksinə, əksər təhlilçilərə görə, bu müharibədə ən böyük zərbəni məhz ordusuna çağırışçı problemi yaşayan Ermənistan alacaq, onun olan-qalan iqtisadiyyatı da çökəcək.

Bu arada Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri davam edir. 5 gün çəkəcək təlimlər məhz işğalçını məhv etmə ssenarisi əsasında maksimum müharibə şəraitinə uyğun aparılır. Təsadüfi deyil ki, düşmən tərəfdə bu təlimlər ciddi təlaş doğurub. Bunu Ermənistan rəsmilərinin işğal altındakı Dağlıq Qarabağa artan səfərləri bir daha təsdiqləyir.

Belə ki, son günlər “qırmızı xətti” keçməyi adətə etmiş Ermənistanın təxribatçı baş naziri Nikol Paşinyan növbəti dəfə beynəlxalq hüququ tapdayaraq Azərbaycan sərhədini pozub. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, srağagün o, yenə də işğal olunmuş Azərbaycan ərazilərinə gəlib. N.Paşinyan təmas xəttinin şimal hissəsindəki erməni hərbçilərinə baş çəkib, təcavüzkar ordunun əsgərlərinin xidmət şəraiti və mövcud situasiya ilə tanış olub.

Məlumata görə, N.Paşinyan Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb. Onu Ermənistanın müdafiə naziri David Tonoyan, Ermənistanın Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan, həmçinin qondarma respublikanın “rəhbər” şəxsləri müşayiət ediblər.

N.Paşinyan qanunsuz səfəri ilə bağlı facebook səhifəsində yazıb ki, ön cəbhədə maraqlı adamlarla görüşüb. “Onlardan biri müqaviləli xidmət edir, 7 uşaq atasıdır. Digər bir zabitin isə 6 uşağı var. Onlar 3 min metr hündürlükdə xidmət keçirlər” - yazan N.Paşinyan iddia edib ki, bu nümunələr “ölkə”nin gələcəyinə inam yaradır. Erməni baş nazir etiraf edib ki, ön cəbhədə gərginlik hökm sürür, ancaq situasiya ordunun nəzarətindədir. Son günlər savaş ritorikasına üstünlük verən Paşinyan maraqlıdır ki, bu dəfə sülh nağılı danışıb. “Biz sülhə, danışıqlara hazırıq, ancaq müharibəyə də hazırıq”- deyib.

Belə görünür ki, Azərbaycan ordusunun “Qarabağı azad etmək uğrunda” irimiqyaslı hərbi təlimlərə başlaması Ermənistan hakimiyyətini ciddi şəkildə narahat etdiyi üçün onlar tam tərkibdə Qarabağa gəliblər. Paşinyandan bir gün qabaq Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Xankəndində olmuşdu.

*****

Göründüyü kimi, erməni rəsmilərinin işğal altındakı ərazilərimizə qanunsuz səfərləri artıb. Bu isə həm də Paşinyan iqtidarının müttəfiq Rusiya sarıdan əmin-arxayın olmaması ilə birbaşa bağlıdır. Moskva ilə münasibətləri gərgin olan İrəvan atəşkəsin hər an pozulacağından ehtiyatlanır.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin təlimləri sentyabrın 22-də başa çatacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26