Interposta.Info

ABŞ səfiri Robert Sekuta Azərbaycandan getdi

Siyasət
 3-04-2018, 09:41     10 474

Sülhəddin Əkbər: “Azərbaycana bu dəfə güclü bir kadrın göndəriləcəyini düşünürəm”
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanı tərk edib. O, diplomatik xidmətini başa vuraraq ölkəsinə qayıdıb. Keçmiş səfir təqaüdə çıxmağa qərar verib.

Qeyd edək ki, Robert Sekuta üç il idi ABŞ-ın Azərbaycanda səfiri olaraq çalışırdı.

Robert Sekutanı Azərbaycanın müxalif partiyalarının rəhbərləri ABŞ-ın indiyə qədər ölkəmizdə fəaliyyət göstərdiyi ən zəif səfiri kimi xarakterizə edirlər. Bu barədə partiya sədrləri hələ Sekutanın səfir vəzifəsindən gedəcəyi barədə bir neçə həftə öncə rəsmi xəbər yayılanda “Yeni Müsavat”a bildirmişdilər. Onun fəaliyyətindən narazı qaldıqlarını açıq şəkildə ifadə etmişdilər.

ABŞ-ın Azərbaycana yeni səfiri nə zaman göndərəcəyi barədə isə hələ heç bir rəsmi və ya qeyri-rəsmi informasiya yoxdur.

Bəs dünyada və regionda geosiyasi vəziyyəti nəzərə alsaq, bu vəziyyətdə ABŞ-ın Azərbaycana göndərəcəyi yeni səfirin necə olacağını ehtimal etmək olar? ABŞ yenə də aktivliyə meylli olmayan diplomatı səfir göndərə bilər, yoxsa bu dəfə çevik birisini?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, həqiqətən də dünyada həm strateji durum, həm geopolitik vəziyyət çox mürəkkəbdir. Geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. ABŞ İranı düşmən elan edib, ABŞ-ın Rusiya ilə də münasibətlərinin get-gedə daha da kəskinləşdiyini, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə namizəd dövlət kimi tanınmasını və Azərbaycanın da Rusiya ilə İran arasında çox strateji əhəmiyyətli bölgədə yerləşdiyini nəzərə alsaq, təbii ki, Azərbaycana xüsusi diqqət veriləcək: “Burada ilk növbədə mən təhlükəsizlik məsələlərinin ön plana çıxacağını düşünürəm. Ona görə də Azərbaycana səfir seçimində bu məsələyə fikir veriləcək. Azərbaycana güclü bir kadrın göndəriləcəyini düşünürəm. Amma həmin səfir üçün də demokratiya və insan haqlarının ön planda olacağını düşünmək sadəlövhlük olardı. Çünki gələn səfir üçün də təhlükəsizlik məsələsi ön planda olacaq.

Robert Sekuta öz hökumətinin maraqlarına yönəlik siyasətini həyata keçirib. Amma eyni zamanda hər bir səfirin şəxsiyyətindən də, öz səlahiyyətləri çərçivəsində təşəbbüslərindən də müəyyən məsələlərin asılı olduğundan danışmamaq olmur. Yəni hər bir səfir öz səlahiyyətləri çərçivəsində çox aktiv fəaliyyət göstərə də bilər. Mən Robert Sekutanın heç bir xüsusi təşəbbüsdə olduğunu görmədim. Xüsusən demokratiya və insan haqları sahəsində, müxalifətə münasibət, eyni zamanda vətəndaş cəmiyyətinə münasibət məsələsində digər ABŞ səfirlərindən çox zəif səfir oldu".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26