Interposta.Info

ABŞ-ın ikibaşlı davranışı – “Dağlıq Qarabağı” tanımır, amma Saakyanı qəbul edir...

Siyasət
 15-03-2018, 09:21     10 423

Vaşinqtonun Bakıdakı elçiliyinin cavabı qaneedici sayılmır; Elxan Şahinoğlu: “Vaşinqton separatçılara bu qədər nəvaziş göstərirsə, nə əcəb Amerikaya Cənubi Osetiya, Abxaziya və ya Donbas separatçılarının liderləri dəvət olunmur?”
Qarabağ separatçısı Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın Xarici İçlər Nazirliyinə çağırılması və Dövlət Departamentinə nota təqdim olunması Azərbaycanda çoxlarının ürəyincə oldu.

Rəsmi Bakının həmsədr ölkənin davranışlarına etirazına cavab sayıla biləcək yeganə açıqlamada isə anlaşılmaz məqamlar var. ABŞ-ın Azərbaycandakı səfirliyi “Amerikanın Səsi”nin Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz notası ilə bağlı sualının cavabında bildirib: “ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ rejimini tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək”. Sözügedən prinsiplərə istinadın özündə belə, ermənilərin maraqlarına cavab verən məqamlar var. Yəni güc tətbiq olunmaması - bu, elə ermənilərə lazımdır, ərazi bütövlüyünə hörmət - ermənilər və himayədarları o iddiadadırlar ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olmayıb, bərabərlik və xalqların öz müqəddəratını təyin etməsi-bu da birbaşa Qarabağ ermənilərinin çörəyinə yağ sürtməkdir. Göründüyü kimi, ABŞ Azərbaycanla müttəfiqlikdən danışarkən belə, yenə də bizim əleyhimizə mövqe qoymuş olur, erməni işğalına və separatçılığa dəstək verir. Lakin istənilən halda, cavab qaneedici sayıla bilməz. Konkretləşdirsək, əgər ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və Dağlıq Qarabağdakı separatçı qurumu qəbul etmirsə, onda hansı əsasla Konqres və ya Dövlət Departamentində separatçı Saakyanın tədbir keçirməsinə imkan yaradır?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, səfirliyin verdiyi cavab yetərli sayıla bilməz: “Dövlət Departamenti rəsmi Bakının erməni separatçılarının liderinin Vaşinqtona səfərinə etirazına belə cavab verdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağdakı rejimi tanımır. Tanımırsa, necə olur ki, həmin rejimin lideri Vaşinqtonda sərbəst görüşlər keçirir, fikir mübadiləsi aparır? Təəssüf ki, Amerika bu cür addımları ilə dostlarının sayını azaldır. Vaşinqton rəsmi Bakının çağırışlarını qulaqardına vurur. Separatçıların lideri illərdir Amerikaya gedir, görüşlər keçirir, hələ üstəlik telemarafon keçirib pul gətirir ki, işğal altındakı torpaqlarda infrastruktur çalışmalarını genişləndirsinlər. Vaşinqton buna mane olmur, olmaq da istəmir”.

Politoloq ABŞ-ın ikili mövqeyinə də diqqət çəkdi: “Vaşinqton separatçılara bu qədər nəvaziş göstərirsə, nə əcəb Amerikaya Cənubi Osetiya, Abxaziya və ya Donbas separatçılarının liderləri dəvət olunmur? Nə fərqi var ki, keçmiş SSRİ məkanında separatçılar eyni mərkəzə tabedirlər və həmin mərkəz Vaşinqtonun rəqibidir. Buna baxmayaraq, Vaşinqton üçün erməni separatçılarının yeri ayrıdır. Bako Saakyanın ABŞ-a səfərindən iki məqsədi var. Birinci məqsəd konqresmenlərlə görüş keçirib ermənipərəst amerikanların dəstəyini almaq, ikinci məqsəd Amerikada yenə hansısa telemarafonda iştirak edib pul dilənmək və daha sonra həmin pulla işğal altındakı infrastruktur çalışmalarını genişləndirməkdir. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmağına şərait yaradır və bununla ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir. Sonra da deyirlər ki, dünyada niyə Amerikaya rəğbət yoxdur? Olmaz də, göz görə-görə Azərbaycan kimi ölkələri özünüzdən küsdürürsünüz, elə Türkiyəni də bu yolla özünüzdən uzaqlaşdırdınız”. Ancaq E.Şahinoğlunun qənaəti budur ki, biz istənilən halda duruma seyrçi qalmamalıyıq: “ABŞ Konqresində ermənipərəst konqresmenlərin olduğunu bilirik, elə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Vaşinqtona səfərini onlar təşkil ediblər. Bəs axı az da olsa həmin Konqresdə Azərbaycanla əlaqəli olan konqresmenlər də var, ara-sıra Bakıya gəlirlər, Azərbaycanın Vaşinqtondakı səfirliyində keçirilən tədbirlərə qatılırlar. Niyə onlardan biri Saakyanın Konqresə gəlişinə etiraz etmir? Azərbaycanın ABŞ-dakı səfirinə də eyni sualı ünvanlaya bilərik: Bako Saakyanın Vaşinqtona səfərinə mane olmaq üçün nə etdiniz? Artıq Rusiyada ermənipərəstlər də hərəkətə gəliblər, yazırlar ki, Moskvanın da vaxtı gəlib ki, Bako Saakyanı Rusiyaya dəvət edib Dövlət Dumasında görüşlər keçirsin. Azərbaycan Xarici İşlər Nazirliyi və Diaspora Komitəsi nə isə tədbirlər planı hazırlamasa, Bako Saakyan bir gün Moskvada da peyda olacaq”.

Politoloq Hikmət Hacızadə isə dedi ki, Konqresin əsas qanunu lobbiçiliyə əsaslanır: “Kim haradan yardım alırsa, onun ölüsünə ağlamağa başlayır. Bunu da heç cür dayandırmaq olmur”. Ancaq politoloq rəsmi Bakının addımını tamamilə doğru sayır: “Bizim nota verməyimiz düzgün addımdır. Bilmək lazımdır ki, Konqresdə görüş və çıxışda bizim üçün qan qaraldan bir şey də olsa, əslində görüntü yaratmaqdan başqa bir şey deyil. Həmçinin bu, ciddi məsələ sayıla bilməz”.

ABŞ-ın Qarabağ separatçılarına postsovet məkanındakı digər separatçılardan fərqli davranmasının səbəblərinə gəldikdə, H.Hacızadə bunu da lobbiçiliklə əlaqələndirdi: “Konqresmenləri ”görərsən", lazımi bəyanat da alarsan".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26