Interposta.Info

Vaşinqton Qarabağ separatçısına tribuna verəcəkmi - ABŞ hökuməti müəmmalı şəkildə susur

Siyasət
 14-03-2018, 11:49     10 414

Qarabağdakı qondarma rejiminin başçısının İnterpol axtarışına verilməsi təklif olunur; politoloq: “Separatçı rejimin oyuncaq rəhbərinin ABŞ-a səfərinin və səfərin doğurduğu nəticələrin bütün məsuliyyəti Tramp administrasiyasının üzərindədir”
Azərbaycanı özünün müttəfiqi sayan ABŞ hökumətinin rəsmi Bakının etirazına nə dərəcədə ciddi yanaşdığını və müttəfiqliklə bağlı bəyanatlarında nə dərəcədə səmimi olduğunu bir gün sonra biləcəyik. Xəbər verildiyi kimi, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan 14 martda ABŞ-ın Kapitoli ştatında çıxış edəcək və üstəlik, həmin tədbirdə mükafatlandırılacaq.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və üstəlik, ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbirə qatılması barədə xəbər rəsmi Bakının kəskin etirazına səbəb olub. Bununla əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ondan izahat tələb olunub. Eyni zamanda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub. Hələlik nə Dövlət Departamenti, nə də ABŞ-ın Azərbaycandakı səfirliyindən notaya cavab verilməyib.

Ermənistan mətbuatı isə Qarabağ separatçısının ABŞ Konqresində planlaşdırılan görüşünə təbii olaraq geniş yer ayırıb. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, sözügedən yazılarda Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” Armin Aleksanyanın bir müddət əvvəl Avropa Parlamentində görüşlər keçirməsi də xatırlanıb, onun beynəlxalq qurumun binasındakı görüşdə “Qarabağ - bu, ölkədir, konflikt deyil” iddiasını səsləndirməsi xüsusi vurğulanıb. İddia olunub ki, Azərbaycan ABŞ-ın bu davranışından panikaya düşüb. Ancaq əslində panikaya ermənilərin özləri düşüb, Azərbaycan ordusunun öz ərazisində genişmiqyaslı hərbi təlimlərə başlaması düşməni necə həyəcanlandırıbsa, dərhal ATƏT-ə şikayət ediblər. ABŞ hökumətinin separatçıya meydan verməsinə gəldikdə, istənilən ölkə bu cür davranışlara biganə qala bilməzdi, necə ki, Bakı haqlı olaraq sərt şəkildə etirazını ifadə etdi və indi də izahat gözləyir. Əks təqdirdə, Azərbaycan XİN bəyan etdiyi kimi, bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub: “ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”.

Təbii ki, Vaşinqton növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını izhar edəcək, necə ki, bundan əvvəl belə münasibətlərin şahidi olmuşuq. Lakin həmsədrliklə uyğun gəlməyən son davranışların bir ilk olmadığının da fərqindəyik. Ermənilərin və havadarlarının məmnunluqla ifadə etdiyi kimi, B.Saakyanın özünün və ondan əvvəlki baş separatçı A.Quaksyanın ABŞ-a dəvət olunaraq, ona tribuna verilməsi, Dövlət Departamenti rəsmiləri ilə görüşünə şərait yaradılması faktları inkarolunmazdır. Bu isə ondan xəbər verir ki, Saakyana gələn dəvət Tramp administrasiyasının yeni yanaşması ilə əlaqədar deyil, əvvəlki administrasiyalar da Qarabağ məsələsində digər separatçı ocaqlardan fərqli yanaşıblar və erməni iddialarına meydan tanıyıblar. Paralel olaraq ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evansın Qarabağdakı rejimin “müstəqil subyekt” kimi tanıtmaq cəhdində bulanması və bir çox ermənipərəstlərin səs-səsə vermələri diqqətdən yayına bilməz.

Burada sözsüz ki, erməni lobbisinin ABŞ-Azərbaycan münasibətlərini korlamaq cəhdi var. Xüsusilə də seçkilər qabağı bu gərginliyin yaradılması erməni lobbisinə çox lazımdır. Ancaq digər tərəfdən yanaşdıqda ABŞ-dakı dairələrin də Ermənistanı və Qarabağ ermənilərini qorumaq üçün hərəkətə keçdiyi açıq görünür. Təsəvvür edin, ABŞ Milli Kəşfiyyatı Qarabağ müharibəsi xəbərdarlığı edir, Azərbaycan ordusunun hərbi təlimlərindən işğalçının qorxuya düşdüyü məqamda ABŞ-da Qarabağ separatçısının mükafatlandırılması mərasimini keçirir. Açıq şəkildə işğala və terrora dəstək tədbiridir, deyilmi?

“Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında formalaşdırılmış separatçı-marionet rejimin oyuncaq rəhbərinin Ermənistan pasportu ilə ABŞ-a səfər etməsinə razılıq verilməsi və ona Konqresdə qondarma rejim adından çıxış etmək imkanının yaradılması Vaşinqtonun ənənəvi simasızlığının növbəti nümunəsidir”.

Politoloq Elçin Mirzəbəyli bunu “Yeni Müsavat”a açıqlamasında dedi. Ekspert bildirdi ki, Bako Saakyana bu imkanı tanıyanlar heç şübhəsiz onun kim olduğunu yaxşı bilirlər: “ABŞ-a viza verilməsi proseduruna bələd olan hər kəs yaxşı bilir ki, bu ölkəyə səfər etmək üçün hansı mərhələlərdən keçmək lazımdır. Proses hətta Konqres tərəfindən başladılsa da, son nəticədə viza alan şəxslə bağlı bütün məlumatlar ABŞ-ın Ermənistandakı səfirliyi vasitəsilə xarici işlər idarəsinə ötürülür. ABŞ-ın Ermənistandakı səfiri isə Konqresi deyil, xarici siyasət idarəsini - icra hakimiyyəti strukturunu təmsil edir. Şübhəsiz ki, ABŞ-ın Ermənistandakı səfirliyi Bako Saakyan barədə məlumatları Ağ Evə ötürüb”.

E.Mirzəbəyli digər bir məqama da diqqət çəkdi: “ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını yerinə yetirdiyini nəzərə alsaq, danışıqlar prosesinə maneə yarada biləcək istənilən davranışın Reks Tillersonun, yaxud onun köməkçilərinin diqqətinə çatdırıldığı şübhəsizdir. Bu baxımdan, separatçı rejimin oyuncaq rəhbərinin ABŞ-a səfərinin və səfərin doğurduğu nəticələrin bütün məsuliyyəti Tramp administrasiyasının üzərinə düşür. Separatçılarla, terrorçularla iş birliyində olmaq, onları mükafatlandırmaq ABŞ-ın ənənəvi siyasətinin tərkib hissəsidir. Lakin bu, o demək deyil ki, Vaşinqton Dağlıq Qarabağdakı separatçı rejimlə bağlı hər hansı qərar qəbul etməyə hazırlaşır. Baş verən hadisəni ”əsəblərin yoxlanılması" kimi də qiymətləndirmək olar".

Politoloq qeyd etdi ki, hər halda, separatçının ABŞ-a səfəri Vaşinqtonun Bakı ilə münasibətlərinə müsbət təsir göstərməyəcək: “Maraqlıdır ki, bununla bağlı ABŞ-ın mövqeyini ifadə edən hər hansı izahat da verilməyib. Separatçının ABŞ-a səfəri Azərbaycanda keçirilən seçki kampaniyası dövründə Birləşmiş Ştatlara qarşı kəskin reaksiyanı stimullaşdıra bilər. Ola bilsin ki, hansısa qüvvələrə də elə bu lazımdır”.

Bu yerdə yanvar ayında qəzetimizin xüsusi diqqət yetirdiyi bir mövzu oldu. Orda bildirilirdi ki, ABŞ qondarma Dağlıq Qarabağ respublikasında yaşayan ermənilərə elə bu separatçı rejimin verdiyi sənədlər əsasında viza verir. Belə bir açıqlama ilə ABŞ-ın Rusiyadakı səfirliyində işləmiş diplomat çıxış etmişdi. Görünən budur ki, Vaşinqton separatçı rejimi tanımadığını elan etsə də, onun verdiyi sənədləri leqallaşdırır, bu isə separatçılığın dəstəklənməsidir.

Maraqlıdır, rəsmi Bakının rəsmi Vaşinqtona nota verməsi martın 14-də Bako Saakyanla bağlı tədbirə əngəl ola biləcəkmi?

«Atlas» araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu modern.az-a deyib ki, Dövlət Departamenti Bako Saakyanı qəbul edərsə, bu, Azərbaycan-Amerika münasibətlərinə mənfi təsir edən hadisə olacaq. “Əgər belə bir hadisə baş versə, Azərbaycan-Amerika münasibətlərinə kölgə salacaq. Həmçinin bu hadisə antiazərbaycan hadisəsi kimi dəyərləndirilərdi. Nə qədər Ermənistanı Rusiyanın forpostu adlandırsaq da, ədalətlə deyə bilərik ki, Rusiyanın xarici işlər naziri Bako Saakyanı qəbul etməzdi. Çünki bu baş verərsə, ikitərəfli münasibətlərə xələl gələr. Amma Amerika bunu edirsə, deməli, Azərbaycanın maraqlarını nəzərə almırlar”.

E.Şahinoğlu “Yeni Müsavat”a ilginc təklif də verdi: “Əslində Bako Saakyanı İnterpol axtarışına vermək lazımdır ki, dünyanın istənilən nöqtəsində ayağının altı yansın”. Təbii ki, bu da olmalıdır, ən azı növbəti təhlükələrin qarşısını almaq üçün. Lakin indi nəzərlər 14 mart tədbirinə yönəlib. Əgər Qarabağ separatçıları ABŞ-da istədiklərinə nail olsalar, onların həyasız bəyanatları və təhdidləri üçün yeni stimul yaranmış olacaq. Belə olan təqdirdə Azərbaycanın hərbi əməliyyatlara başlamaqdan başqa çıxış yolu qalmayacaq və ABŞ-ın proqnozlaşdırdığı dağıdıcı savaş qaçılmaz olacaq. Deməli, dolayısı ilə Qarabağ savaşını körükləyən həm də ABŞ olacaq...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26