Interposta.Info

Suriya növbəti ABŞ-Rusiya toqquşması məkanına çevrilir

Siyasət
 3-03-2018, 10:59     10 432

80 ölkənin qarışdığı Suriya münaqişəsi “böyük müharibəyə” çevrilmək yolunda
Suriyada böyük dövlətlərin qatıldığı qlobal müharibə baş verə bilər. Hazırda ABŞ və Rusiya arasında qarşılıqlı hədələr bu ehtimalı bir az da möhkəmlədir. Məsələ ondadır ki, Suriyada son bir ayda ABŞ və Rusiya arasında iki kəskin toqquşma baş verib. Hər iki tərəfdən yüzlərlə itkinin olması iddiaları var.

Birinci hadisə ölkənin şərqində Deyr əz-Zor əyalətində baş verib. Fevralın 7-də baş verən hadisədə ABŞ anti-İŞİD koalisiyası hərbi aviasiyası Rusiyaya məxsus hərbi şirkətin silahlılarını bombalayıb. İlk xəbərlərdə hücuma məruz qalanların Suriya hökumətinə yaxın silahlılar və tayfa qüvvələri olduğu bildirilsə də, sonradan amerikalıların hücumuna məruz qalanların ruslar, daha doğrusu, “Vagner” özəl hərbi şirkətinin silahlıları olduğu iddia edilib.

İddialara görə, ABŞ-ın hava qüvvələri, artilleriyası və “Apaçi” vertolyotları Rusiya silahlılarını məhv edib. Bəzi iddialara görə bu əməliyyat zamanı 100-dən çox rus muzdlu öldürülüb, 200-dən çoxu isə yaralanıb. Hətta itkilərin daha çox olması ilə bağlı iddialar da var. Rəsmi Moskva isə bir neçə nəfərin öldüyünü və yaralandığını bildirir.

Suriyada əsl gərginlik bundan sonra yaranıb. Fevralın 10-da Suriya ordusunun hava hücumundan müdafiə birlikləri İsrail ordusuna məxsus F-16 qırıcısını vurub. Elə həmin gün Amerika qüvvələri rusların daha bir birliyinə hücum edib.

Fevralın 22-də isə Qərb mediası Rusiya ordusunun 5-ci nəsil ən müasir döyüş təyyarəsi SU-57-lər göndərdiyini yazıb. Suriyadakı Rusiya hərbi hava bazası “Xmeymim”-ə göndərilən Rusiya hərbi aviasiyasına SU-57-lərlə yanaşı 4 ədəd SU-35, 4 ədəd SU-25 və 1 ədəd “Uçan radar” - A-50U göndərilib.

Bu xəbərin yayılmasından 3 gün sonra isə Rusiya mediası SU-57 qırıcılarının Suriya ordusunun hərbi əməliyyatlara başladığı Şərqi Quta rayonunu bombaladığı xəbərləri gəlib. Xəbərdə 2 minədək amerikalının ruslar tərəfindən öldürüldüyü qeyd olunub. Onların Şərqi Qutada fəaliyyət göstərən Amerika hərbi şirkətinin əməkdaşları olduğu iddia edilib. Ancaq aydın məsələdir ki, Deyr əz-Zorda olduğu kimi Şərqi Qutadakı “qətliam xəbərləri” də şişirdilmiş idi. Əslində Şərqi Qutada ilk günlərdə bombardmanlarda 400-dən bir qədər çox insan ölmüşdü, yaralılar isə 2 min nəfərə yaxın idi. İkincisi Dəməşqin “qulağının dibi”ndə Şərqi Qutada 2 min amerikalı muzdlunun olması inandırıcı deyil. Baxmayaraq ki, strateji əhəmiyyətinə görə, Şərqi Quta digər bölgələrdən daha çox əhəmiyyət daşıyır.

Çünki Şərqi Quta demək olar ki, Dəməşqə bitişikdir, buradan hətta kiçik məsafəli raketlərlə Dəməşqin mərkəzini vurmaq olur. Hazırda demək ola rki. Hər gün bu baş verir. 2012-ci ildə Suriyanın müdafiə naziri, kəşfiyyat rəisi də daxil olmaqla yüksək rütbəli generalların iştirak etdiyi toplantı məhz Şərqi Qutadan atılan raketlərlə vurulmuşdu. Digər tərəfdən Şərqi Qutada Suriyanın əsas radar mərkəzi olan “Merci əs-Sultan” hələ münaqişənin ilk illərində bombalanaraq məhv edilib və bununla da faktiki olaraq Suriya əraziləri İsrail qırıcıları üçün açıq meydana çevrilib. Şərqi Qutaya Amerika və Rusiyanın bu qədər diqqət göstərməsinin arxasında məhz bu amillər yatır. Ehtimal ki, ruslara Şərqi Qutada amerikalıların mövcudluğu əvvəldən məlum olduğu üçün ərazi bombalanıb.

İki gün əvvəl isə Rusiya Təhlükəsizlik Şurası ABŞ-ın Suriyada 20 hərbi baza qurduğunu bəyan edib. Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Suriyada 4 ildir rəsmi olaraq mövcuddur. Ehtimallara görə, Suriyada ABŞ Müdafiə Nazirliyinin 2 minə yaxın hərbçisi mövcuddur. Pentaqonun rəsmi sözçüsü Rob Meninq ötən ilin dekabrında bəyan edib ki, ABŞ-ın İraqda 5200, Suriyada isə 2 min hərbçisi var. ancaq bu rəqəmlər dəyişkəndir və sözçü deyib ki, bu say azala və ya arta bilər.

Ancaq maraqlıdır ki, 2017-ci il oktyabrın 31-də xüsusi təyinatlılarının birgə tapşırıq qüvvələrinin komandanı, general Ceyms Cerard Pentaqonda keçirdiyi videokonfransda Suriyada 4 mindən çox amerikalı hərbçinin olduğunu bildirib. Ancaq jurnalistlərdən birinin “siz 4 mindən çox amerikalı hərbçinin Suriyada olduğundan əminsiniz?” sualından sonra general üzr istəyərək düzəliş edib və Suriyada sadəcə 500 hərbçilərinin olduğunu bildirib.

Sonrakı aylarda isə Pentaqon Suriyada sadəcə 1723 hərbçisinin olduğunu təsdiqləyib. Məsələ ondadır ki, amerikalı hərbçilər Suriyadan zaman-zaman qüvvələrini geri çəkir və ya yeni qüvvələr göndərir. Məsələn, Raqqa alındıqdan sonra əməliyyatda iştirak edən 400 nəfərlik topçu batareyaları Suriyadan çıxarılıb. Ancaq ABŞ ordusunun Suriyada həm nizami birlikləri, həm də hərbi təlimatçılar, kəşfiyyatçılar, xüsusi təyinatlı əməliyyat qüvvələri ilə yanaşı bölgədə özəl hərbi şirkətlər də var. İraq müharibəsindən sonra “məşhurlaşan” bu şirkətlər dövlət sifarişi əsasında hərbi təlim keçir, xüsusi əməliyyatlar və obyektlərin mühafizəsini təşkil edir.

Yeri gəlmişkən, Amerika hərbi qüvvələri əsasən ölkənin şimalında kürdlərlə, daha dəqiqi Suriya Demokratik Qüvvələri adlı koalisiya ilə birgə fəaliyyət göstərir. ABŞ hərbi bazaları da əsasən bu bölgədədir. Ancaq eyni zamanda Suriyanın cənubunda İordaniya ilə sərhəd zonasında da ABŞ hərbi mövcudluğu var. 2012-ci il və sonralar amerikalı hərbçilər burada Əsədin müxaliflərinə təlim keçib.

Rusların isə rəsmi açıqlamaya görə, 2015-ci ilin sentyabrından, yəni formal olaraq Rusiya Suriyada əməliyyatlara başladığı tarixdən sonra Suriyada 5 min hərbçisi olub. Ancaq bəzi vaxtlarda qeyri-rəsmi mənbələr rusların sayının 20 min nəfərə çatdığını qeyd edib. Ruslar paytaxt Dəməşq və ətrafı, şimalda Hələb, şərqdə Deyr əz-Zor, şimal-qərbdə Tartus və Laziqiyyə bölgələrində yayılıb. Hətta hazırda qızğın əməliyyatların davam etdiyi Afrin rayonunda da rusların hərbi-kəşfiyyat mərkəzi və patrul qrupu var.

Fevral ayı ərzində həm ruslar. Həm də amerikalılar qarşılıqlı olaraq bir-birinə zərbə vurub. Həm Deyr əz-Zor hücumu, həm İsrail təyyarəsinin vurulması, daha sonra Şərqi Quta bombardmanları Suriyada Rusiya-ABŞ toqquşmasının “gözə görünən” detallarıdır. Ancaq son günlər qarışıqlı hədələr artdıqca savaşın davam etdiyi Suriyada iki tərəfin bir-birinə əməliyyatları daha da artacaq. Suriya indi faktiki olaraq Vyetnam, Əfqanıstandan sonra ruslarla amerikalıların qarşı-qarşıya gəldiyi növbəti döyüş meydanıdır.

Yeri gəlmişkən, 3 gün əvvəl İran ali dini liderinin xarici siyasət üzrə müşaviri, İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Suriyada bir “dünya müharibəsi”nin davam etdiyini bildirib. Vilayəti deyib ki, hazırda Suriyada 80 ölkənin qatıldığı bir beynəlxalq müharibə var. Söhbət təbii ki, Suriyada birbaşa və dolayısı ilə hərbi iştirakı olan dövlətlərdən gedir. Yaxın Şərqin və dünyanın bütün böyük gücləri hazırda Suriyada birbaşa və ya mandat gücləri ilə mövcuddur və hərbi-siyasi proseslərə təsir edir. Bu da Suriya savaşının həll olunmasına mane olur, münaqişənin ömrünü uzadır. Görünən odur ki, müharibə getdikcə daha da şiddətlənəcək./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26