Interposta.Info

“RUSİYA QƏZƏB PÜSKÜRƏCƏK” - “Kreml hesabatı” və ABŞ-ın əsl məqsədi...

Siyasət
 30-01-2018, 20:39     10 475

""Kreml hesabatı” miqyasına və sənəddə adı çəkilən şəxslərin statusuna görə dünyanın siyasi tarixində bu günədək analoqu olmayan bir hesabatdır”.

interposta.info xəbər verir ki, bu sözləri BakuPost-a politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, hesabatda Rusiya prezidenti istisna olunmaqla faktiki olaraq dövlətin bütün rəhbər şəxslərinin adlarının yer alması Vaşinqtonla Moskva arasında hərbi məsələlər istisna olunmaqla bütün dialoq körpülərinin bağlanması deməkdir:


"Siyahıda adı olan şəxslərə avtomatik olaraq sanksiyaların tətbiqi nəzərdə tutulmasa da, bu hər zaman baş verə bilər. Çünki hesabat sanksiya qanunu əsasında hazırlanıb və təbii ki, bu qanundan irəli gələn hüquqi addımların atılması üçün heç bir maneə yoxdur. Hesabatın nə dərəcədə effektiv olub-olmadığı təbii ki, mübahisəli məsələdir. Amma görünən odur ki, ABŞ Rusiya prezidentinin komandasını və yaxın ətrafını "qanundankənar” elan edib”.
“RUSİYA QƏZƏB PÜSKÜRƏCƏK” - “Kreml hesabatı” və ABŞ-ın əsl məqsədi...


Politoloq hesab edir ki, bu, ABŞ-ın Rusiyaya son xəbərdarlığıdır və xəbərdarlığın məhz indi edilməsi heç də təsadüfi deyil:

"Hesabat, zənnimcə son xəbərdarlıq xarakteri daşıyır. Çünki daha öncə də qeyd etdiyim kimi artıq sənəddə adı çəkilən şəxslərə sanksiyaların tətbiq edilməsi üçün heç bir hüquqi maneə qalmır. Artıq xeyli müddətdir ki, haqqında danışılan "Kreml hesabatı”nın məhz indi, Rusiyada mart ayında keçiriləcək prezident seçkisi öncəsi və seçki kampaniyasının başladığı bir dövrdə Konqresə təqdim olunması və qismən ictimailəşdirilməsi də təsadüfi deyil. Zaman seçimi hesabatın məhz prezident seçkisi öncəsi Vladimir Putinə təzyiq məqsədilə açıqlandığı təəssüratını yaradır.
Hesabatdan da göründüyü kimi Rusiyaya gəlir gətirən bütün sektorların rəhbərləri hədəfə alınıb. Adıçəkilən şəxslərin arasında enerji sektoruna rəhbərlik edən şəxslərin adı ön sırada gəlir. İkinci sırada Rusiyanın maliyyə sektoru gəlir. Putinə yaxın olan iş adamlarının adının siyahıya salınması isə Rusiyanın siyasi hakimiyyətinin maliyyə qaynaqlarına zərbə vurulmasına hesablanıb”.

Elçin Mirzəbəyli hesabatın Rusiya, eləcə də dünya üçün gətirəcəyi nəticələr bardə də fikirlərini bildirib:
"Hazırda "Kreml hesabatı”nın nəticələrini daha ətraflı şəkildə proqnozlaşdırmaq mümkün deyil. Çünki bu sənədin Birləşmiş Ştatların müttəfiqlərinin mövqeyinə necə təsir göstərəcəyini də qiymətləndirmək lazım gələcək. Avropanın aparıcı dövlətləri – Fransa və Almaniya Rusiya ilə iqtisadi əlaqələrini kəsmək niyyətində deyillər. Bu milyardlarla avronun itirilməsi, Rusiya kimi nəhəng bir bazardan könüllü surətdə imtina edilməsi deməkdir. Yranmış vəizyyətdən Şərqi Avropa ölkələri də ciddi zərər çəkəcək.

"Kreml hesabatı” münasibətlərin dalana dirənməsi və açıq düşmənmilik müstəvisində qədəm qoyması deməkdir. Mövcud vəziyyət dünyada qütbləşməni daha da dərinləşdirəcək, hərbi ritorikanı gücləndirəcək və dünyanın ayrı-ayrı bölgələrində mövcud olan münaqişələrin həllinə ciddi təsir göstərəcək.
Hesabatın ən ağrılı tərəfi isə ondan ibarətdir ki, Kreml daha da aqressivləşəcək və ətrafa qəzəb püskürəcək. Vaşinqton hər zaman olduğu kimi okeanın o tayında qərar verərkən yalnız öz maraqlarını əsas götürür. Hətta öz müttəfiqlərini sığortalamaq üçün ciddi tədbirlər həyata keçirmir. SSRİ dağıldıqdan sonra postsovet məkanının Rusiyanın siyasi hakimiyyətlərinin hərbi-siyasi eksperiment meydanına çevrilməsinə göz yuman, onları Moskvanın təsir və təzyiqlərindən qorumaq üçün heç bir ciddi addım atmayan Vaşinqton yenə də öz ampluasındadır. ABŞ üçün əsas öz maraqlarına xidmət edən nəticədir, proses isə önəmli deyil. Çünki ziyan çəkən başqaları olacaq.

Ötən əsrin sonlarında olduğu kimi Vaşinqtonun ssenarisi yenə də ona hesablanıb ki, sanksiyalar nəticəsində Moskvanın aqressiyası güclənəcək və ətrafına təzyiq göstərməyə başlayacaq. Nəticədə Rusiyanın təzyiqi altında qalan subyektlər və xalqlar müqavimət göstərəcəklər. Yəni Ağ Ev ənənəsinə uyğun olaraq, təbii müqaviməti stimullaşdırmaqla, başqalarının itkiləri hesabına nəticə əldə etmək istəyir. Proses ərzində baş verə biləcək fəlakətlərin, dağıntıların, insan faciələrinin isə ABŞ üçün heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, Amerikanın siyasətinin gerçək siması budur”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Konqresə təqdim etdiyi "Kreml hesabatı” sanksiyalar paketinə 210 nəfərin adını daxil edib.
Hesabatda adları yer alan şəxslərdən 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə oliqarxdır.
Siyahıda yer alanlar sırasında Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, onun müavini Aleksey Qromov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko, Dumanın spikeri Vyaçeslav Volodin, "Rosneft”in rəhbəri İqor Seçin, "Qazprom”un rəhbəri Aleksey Miller, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və s. adı var.
Oliqarxlar siyahısında isə Əlişir Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, Yevgeni Kasperski, Oleq Deripaska, German Qref, Vladimir Kostin yer alıb.
Siyahını təqdim edirik:
1. Dmitri Medvedyev – Baş nazir;
2. İqov Şuvalov – Baş nazirin müavini;
3. Sergey Prixodko – Baş nazirin müavini;
4. Aleksandr Xlopin – Baş nazirin müavini;
5. Vitali Mutko – Baş nazirin müavini;
6. Arkadi Dvorkoviç – Baş nazirin müavini;
7. Olqar Qolodets – Baş nazirin müavini;
8. Dmitri Kozak – Baş nazirin müavini;
9. Dmitri Roqozin – Baş nazirin müavini;
10. Sergey Şoyqu – Müdafiə naziri;
11. Maksim Oreşkin – İqtisadi İnkişaf naziri;
12. Vladimir Medinski - Mədəniyyət naziri;
13. Nikolay Nikiforov – Rabitə naziri;
14. Aleksandr Tkaçev – Kənd Təsərüffatı naziri;
15. Aleksandr Novak - Energetika naziri;
16. Anton Siluanov – Maliyyə naziri;
17. Sergey Lavrov – Xarici işlər naziri;
18. Vladimir Kolokotsev – Daxili işlər naziri.
Siyahıda həmçinin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Prezidentin Ətraf Mühitin Qorunması, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobov, Moskva meri Sergey Sobyanin, Baş prokuror Yuri Çayka, Rusiya Dəmiryollarının rəhbəri Oleq Belozerov, "Rostex”in rəhbəri Sergey Çemezov, "Rosatom”un rəhbəri Aleksey Lixaçev, "Transneft”in rəhbəri Nikolay Tokarev, "Qazprombank”ın rəhbəri Andrey Akimov, "Aeroflot”un rəhbəri Vitali Savelyev, "Başneft”in rəhbəri Andrey Şişkin, "Tatneft”in rəhbəri Nail Maqanov yer alıblar.
Oliqarxların siyahısında azərbaycanlı milyarderlərə də yer verilib. Bunlar sırasında Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov, Zarax İliyev və Vahid Ələkbərovun adı var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26