“Stratfor” ABŞ-ın hədəflərini nişan verdi –
ABŞ Mərkəzi Kəşfiyyatının “kölgəsi” Qarabağ məsələsinə də yer ayırdı; ekspertlərdən maraqlı şərhlər
ABŞ Mərkəzi Kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” analitik mərkəzi növbəti geniş material yayıb. Yazıda bir sıra qlobal məsələlərdən bəhs olunur, xüsusilə də Rusiyanın 2018-ci ildəki xarici siyasəti geniş təhlil edilir, qarşıdakı seçkilərə toxunulur. Materialda həmçinin Azərbaycanı narahat edən Qarabağ məsələsinə də ötəri nəzər salınıb.
“Stratfor”un bu materialı hazırlayıb yaymaqda məqsədinin nədən ibarət olduğu maraq doğurur. ABŞ kəşfiyyatının “kölgəsi”nin bu materialla Ağ Evin strateji planlarına işarə vurduğu şübhə doğurmur. Ekspertlərin də məsələyə maraqlı yanaşmaları var.
“Stratfor” kimi təşkilatların hesabatları analitik xarakter daşımır, ictimai rəyin öyrənilməsinə və yönləndirilməsinə xidmət edir". Bunu politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, mərkəzin Rusiyanın 2018-ci ildəki xarici siyasəti ilə bağlı hesabatında bəzi məsələlər obyektiv şəkildə vurğulanır: “Burada da məqsəd hesabata obyektivlik donu geyindirməkdir. Diqqət yetirsəniz, hesabatda qismən obyektiv təəssüratı yaradan istiqamətlərin heç birində ABŞ-ın və bizim Qərb adlandırdığımız düşərgənin obrazı nəzərə çarpmır. Məsələn, ”Çin Rusiyanın 2018-ci il daxili və xarici siyasətində mühüm rol oynayacaq", “2018-ci il ərzində Rusiyanın Yaxın Şərq fəaliyyətində İran mühüm rol oynayacaq” və s. Nümunə gətirdiyim istiqamətləri sadalamaq üçün geniş analitik təhlilə ehtiyac yoxdur. Hesabata diqqət yetirsəniz, “Stratfor”un niyyətini görə bilərsiniz. Məsələn, “Müxtəlif müxalif qruplar seçki ərəfəsində bütün Rusiya boyu etiraz aksiyaları və hətta ola bilsin, Putinin yenidən seçilməsinə hazırlıq zamanı kütləvi nümayiş təşkil etsinlər”. Rusiyada seçkiyə qısa müddət qalıb. Bu günədək hər hansı aktivlik nəzərə çarpmayıb. Əslində bu aktivliyi nümayiş etdirə biləcək qruplar da çoxdan zərərsizləşdiriliblər. Buna baxmayaraq, “Stratfor” kütləvi aksiyaları ayrıca bir istiqamət kimi önə çəkir ki, bu da çox güman ki, ictimai rəyə hesablanmış addımdır və yaxud hansısa dairələrə mesaj xarakteri daşıyır".
Ekspert hesabatda Qarabağ münaqişəsinə toxunulmasına da münasibət bildirdi: “Hesabatda qeyd olunur ki, ”Rusiya Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin əsas hakimi olaraq qalacaq, gərginliyi aradan qaldırmağa, həmçinin hər iki tərəfə silah tədarük etməyə çalışacaq". Əslində burada da hansısa proqnozdan söhbət gedə bilməz. Bu yanaşma illərdir ortadadır və hər kəs də bunu bilir".
E.Mirzəbəyli bildirdi ki, hesabatın ABŞ-ın ssenarisinə uyğun olub-olmadığını deyə bilməz: “Amma təqdim olunan bütün istiqamətlər Vaşinqtonun maraqlarına uyğundur. Hesabatın heç bir yerində ABŞ və müttəfiqləri üçün təhlükə yarada biləcək amillərə yer ayırmayıb. ABŞ, müttəfiqlərinin atacağı addımlar, sanksiyalar və s. barədə geniş izahat verilir, amma qarşı tərəfin ata biləcəyi addımlara diqqət ayrılmır. Yəni baş verənlərin fonunda Rusiya əllərini qoynuna qoyub gözləyəcək ki, nə vaxt onu dünyanın xəritəsindən siləcəklər? Təbii ki, yox. Digər tərəfdən bugünkü beynəlxalq münasibətlər sistemi həddən artıq mürəkkəbdir və belə rahat ssenarilərə imkan vermir”.
Politoloq Arzu Nağıyev isə bildirdi ki, “Stratfor” analitik mərkəzinin verdiyi açıqlamada yeni və ya təəccüb doğuran ciddi bir məsələ yoxdur: “Yəni bütün deyilənlər gözlənilənlərdir. ”Stratfor" ümumiyyətlə, Rusiyaya və Cənubi Qafqaza ABŞ prizmasından yanaşır və zənnimcə, əsas məlumat mənbələri də Qərblə bağlı olan qurumlar və şəxslərdir. Təbii ki, 2018-ci ildə Rusiya ilə başlı proqnozlarda bizi maraqlandıra bilən istiqamət əsasən Rusiyanın qonşuluq siyasəti, Dağlıq Qarabağ münaqişəsi və onun həll edilməsində Rusiyanın oynadığı mühüm rol, enerji təhlükəsizliyi, terrorla mübarizə, insan haqları və buna bənzər məqamlar ola bilər. Məlumdur ki, bu il 2018-ci ildə Rusiyada , Azərbaycanda, Gürcüstanda və Ermənistanda da prezident seçkiləri keçiriləcək. Təbii ki, bu mühüm bir məsələdir və hər bir dövlətin daxili və xarici siyasətində müəyyən korrektələr istisna edilmir".
A.Nağıyev qeyd etdi ki, Rusiyanın Ermənistanda özəl maraqları olduğu və Sərkisyan rejiminin onu qane etdiyi məlumdur: “Bu istiqamətdə Rusiya əlindən gələni edəcək. Sərkisyan rejimi isə bizim üçün Dağlıq Qarabağda status-kvonun saxlanması deməkdir. Yəni Ermənistan Rusiya ilə hərbi tərəfdaşlığını davam etdirəcək. Azərbaycan isə xaricdə öz balanslı siyasətini yürüdəcək və bütün regional dövlətlərlə bunu saxlayacaq, ilk növbədə Gürcüstan və Türkiyə ilə istər energetika, istərsə də müdafiə sahəsində birgə layihələr davam edəcək. Bunu İrana da şamil etmək olar. Azərbaycan öz ərazi bütövlüyünü qorumaq və işğaldan azad etmək üçün hərbi yolu bir variant kimi saxlayacaq. Təbii ki, bu silah satışı baxımından Rusiyanı qane etsə də, təhlükəsizlik baxımından qorxudan amildir. Məlumdur ki, Rusiyanın Yaxın Şərq və İranla bağlı planları da hazırkı kimi qalacaq və İranın nüvə proqramına dəstək nümayiş etdirməklə ABŞ-a qarşı müəyyən dirəniş göstərməyə çalışır, bu da ona lazım olan əsas məsələlərdən biridir. Terrorla mübarizə və digər istiqamətlərdə paralel olaraq Türkiyə ilə yaxınlaşma məsələsini də gündəmdə saxlayacaqlar. ABŞ çalışacaq ki, Rusiyanı böyük beynəlxalq iqtisadi layihələrdən təcrid etsin. Bu, həm silah, həm də karbohidratların satışı ilə bağlıdır. Bundan başqa, Rusiyanın bank sektoruna da təsir edən addımlar atılacaq”.
Bununla belə, politoloq hesab edir ki, Avropa bəzi məsələlərdə Rusiyanı müdafiə etsə də, tam şəkildə ABŞ-ın əleyhinə getməyəcək: “Bir sözlə, Rusiyaya edilən təzyiq və təsirlər artacaq, bu isə regional dövlətlər, o cümlədən Azərbaycana da təsir edə bilər. Eyni zamanda Azərbaycanın vasitəçiliyinə ehtiyacı olan Rusiya bunun qarşılığında Qarabağ münaqişəsini həllində bizə yardımçı olmalı və açaq fiqur rolundan imtina etməməlidir. Əks halda, istər İslam dövlətləri, istərsə də islam inanclı federasiya subyektlərində bu, anlaşma ilə qarşılanmayacaq”./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26