Interposta.Info

Azərbaycan və Türkiyəyə ortaq təhlükə - ASALA...

Siyasət
 16-01-2018, 09:12     8 821

Ekspertlərə görə, iki qardaş ölkə bu terror təşkilatını nəzarətdə saxlamaq imkanındadır

Ötən sayımızda qeyd etdiyimiz kimi, Ermənistanın yenidən terror təşkilatı olan ASALA-nı diriltməsi ilə bağlı məlumatlar var. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey də bildirib ki, 1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur.

ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olub.

Bəs hazırkı məqamda ASALA fəaliyyətə başlayarsa, Azərbaycan və Türkiyə bu terror təşkilatına qarşı necə mübarizə apara bilər?

“Ancaq ASALA-nın fəaliyyətə başlaması ilə bağlı məlumatlar toplusuna rast gəlməmişəm. Ermənistan milli təhlükəsizlik xidmətinin yaydığı məlumata görə, 2017-ci ildə 986 nəfərə terrorçu prizmasından yanaşaraq, ölkəyə daxil olmağa icazə verilməyib. Ermənistanın da quruluşuna bələdik və məlumdur ki, bu adamların bir qismi içəri keçməyi bacarıb.

Onların da böyük əksəriyyəti İŞİD üzvləridir. 2017-ci ilin aprel ayında Ermənistanda Rusiya hərbi bazasında bir əsgəri bıçaqlayaraq öldürdülər. Bəlli oldu ki, onu öldürən erməni Yunanıstanda yaşayır və bir müddət də Suriyada terrorçu dəstəsində təlimlər keçib, dinini də dəyişib. Deməyim odur ki, İŞİD-in Ermənistana və Gürcüstana daxil olmaqda marağı böyükdür. Xüsusilə də onların Ermənistanda fəaliyyətlərini aktivləşdirməklə bağlı ehtimallar irəli sürmək olar. Səbəb odur ki, terrorçuların əsas hədəfi Azərbaycan və Türkiyədir. Onlar bizim regionda qarışıqlıq yaratmaqla Şimali Qafqaza çıxa bilərlər. Azərbaycan və Rusiya öz sərhədlərini yaxşı qoruya bilirlər. Ona görə də terrorçular Ermənistanda məskunlaşaraq, Azərbaycanı hədəfə ala bilərlər. Bunlar bəlli faktlardır, ancaq beynəlxalq ictimaiyyət buna diqqət etmir. Bu yaxınlarda məlum oldu ki, kriminal avtoritet Ruben Tatulyan Ermənistan xarici işlər nazirinin müşaviridir. Ermənistan kriminal cəmiyyətdir. Terrorçuların, kriminal avtoritetlərin orada aktivləşməsi bir faktdır. Bunun da son nəticəsi Azərbaycan və Rusiya üçün təhlükədir. Bunların qarşısını almaq üçün ilk növbədə mətbuatla işləməliyik. Qərbin oxuduğu mətbuatda belə məsələləri aktual olaraq saxlamalıyıq. Çünki biz Ermənistan dövlətinin mahiyyətini informasiyalarla Qərbə başa salmalıyıq. Onlar görməlidir ki, kriminal adamlar Ermənistanın rəsmi dairələrinə qədər daxil olublar. İstənilən İŞİD terrorçusu oraya gəlib, viza alıb, istədikləri ölkəyə gedə bilərlər. Qərb çarə qılmasa, biz daha çox Rusiya ilə əməkdaşlıq edərək, onlara qarşı gəlməliyik. Rusiyada bu təhlükədən xəbərdardırlar. Nə qədər ki, Azərbaycan və Rusiyanın əlaqələri zəif idi, Şimali Qafqazda terrorçular aktivlik nümayiş etdirirdilər. Hər iki dövlət gücləndi və əlaqələr də intensivləşdi, daha sonra Şimali Qafqazda da vəziyyət düzəldi. Ona görə də bu dövlətlə əməkdaşlıq ərazidə terrorçuluğun qarşısını almaq üçün önəmlidir”.

Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev hesab edir ki, ASALA məsələsinin ortaya atılması seçki öncəsi siyasi gedişlərin göstəricisidir: “İstər ASALA, istərsə də Daşnaksütyun və ya Suriyadan qaçıb gələn terrorçuların Ermənistan, o cümlədən Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi ilə bağlı məlumatlar var. Bu məlumatların da yayılmasının bir neçə səbəbi var. Əvvəla, seçki öncəsi gedişat edirlər. Məqsəd də odur ki, seçkidə daha çox elektorat cəlb olunsun, ictimai rəy formalaşdırılsın ki, Dağlıq Qarabağ münaqişəsi heç zaman Azərbaycanın xeyrinə həll edilməyəcək. Bunlara vasitə kimi də belə metodlara əl atırlar. Çünki Serj Sərkisyan Qarabağ münaqişəsi üzərindən öz dəstəsi ilə Ermənistanda hakimiyyəti zəbt edib. Hakimiyyətdə qalmağın metodlarından biri qorxu və belə bir təhdidin yaradılmasıdır. Təhdidin yaradılmasında da terror təşkilatlarından istifadə edirlər. ASALA, Daşnaksütyunun qolu və Suriyada olan digər terrorla birbaşa əlaqəli şəxslərlə bağlı xüsusi xidmət orqanlarında məlumatlar var. Bu məlumatlar həm Azərbaycan, həm də Türkiyə tərəfinə məlumdur. Terrorçuları tam nəzarətdə saxlamaq üçün də müəyyən metodlardan istifadə edilir. Düşünürəm ki, dünyada məşhur olan terror təşkilatlarının daxil olduğu siyahıda ASALA-nın da adı olduğu üçün bununla həm Türkiyə, həm də Azərbaycanın xüsusi xidmət orqanları lazımi səviyyədə məşğul olacaq. Hazırda da onları nəzarətdə saxlama ən ümdə məsələdir. Seçki öncəsi bu məsələnin qabardılması isə siyasi gedişlərdən qaynaqlanır”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26