Interposta.Info

İrandakı xaosu türklər önlədi – Tehrana böyük yaxşılıq

Siyasət
 6-01-2018, 09:16     10 409

Azərbaycan, Türkiyə və Güney Azərbaycan Tehrana özünü xilas şansı verdi; bəs qarşılığı nə olacaq?..

Qonşu İranda ABŞ və onun regiondakı müttəfiqlərinin dəstək verdiyi qarışıqlıq, daha doğrusu, hakim rejimə qarşı qiyam cəhdi fiasko olmuş sayıla bilər. Yeni il ərəfəsi başlayan xaos artıq səngiməyə üz tutub.


Lakin iğtişaşlarla müşayiət olunan etirazlar səngisə də, nümayişlər özündən sonra cavab tələb edən bir neçə ciddi sual saxlayıb. Onlardan biri və birincisi təbii ki, baş verən olaylarda “xarici iz”lə bağlıdır. İranın siyasi və dini hakimiyyətini yetərincə qəfil yaxalayan bu hadisələr həmçinin, Güney amilinin passiv olması ilə diqqət çəkdi.

*****

Yada salaq ki, insanlar formal olaraq, gündəlik tələbat mallarının bahalaşması motivi ilə küçəyə çıxmışdılar. Lakin iqtisadi tələblərlə başlayan etirazlar qəfildən siyasi çalar aldı. Nümayişçilər hətta dekabrın 28-də hərbi və polis məntəqələrini ələ keçirməyə çalışdılar ki, bu da başqa suallar yaratdı.

Rəsmi məlumata görə, Tehran, Məşhəd, İsfahan və Rəştdə təxminən 42 min adam küçələrə çıxıb. Prezident Həsən Ruhani, İran rəhbərliyi öncə dinc etirazları ölkə vətəndaşlarının konstitusion hüquq kimi dəyərləndirsə də, az sonra ABŞ və onun bölgədəki müttəfiqlərini - İsraili və Səudiyyə Ərəbistanını İranı qarışdırmaq cəhdində suçladı. Paralel surətdə nümayişləri yatırtmalı oldu: hazırda hadisələrlə bağlı 450 nəfər həbsə alınıb. Onların ən sərt şəkildə cəzalandırılacağının anonsu da artıq verilib. Böyük ehtimalla, saxlanılanların ifadələri İrandakı dekabr-yanvar iğtişaşlarında aparıcı motivə güclü işıq sala biləcək.

*****

Qonşu İranda dinclik və sabitliyin qısa zamanda bərqərar olunmasında şəkk-şübhəsiz, həlledici rolu iki türkdilli qonşu dövlət - Türkiyə və Azərbaycan, bir də İrandakı böyük türkdilli kəsim - Güney Azərbaycan əhalisinin, onun öncüllərinin proseslərə təmkinli, strateji uzaqgörənliklə yanaşması oynadı.

Ondan başlayaq ki, rəsmi Bakı və rəsmi Ankara ilk gündən hadisələri İranın daxili işi hesab eləməklə yanaşı, xarici müdaxilənin əleyhinə çıxdı, İran daxilindəki türk amilinin hərəkətə gəlməsinə nədən olmadı, hətta əksinə, Güney türklərinin tarazlı və düzgün mövqe tutmasına yardımçı oldu. Bu, İran rəhbərliyi üçün çox mühüm idi. Hər halda, yaxın tarix göstərir ki, Təbriz, Ərdəbil, Urmiyənin ayağa durmadığı hərəkatlar qalibiyyətlə bitmir.

Güney isə sağdan-soldan, xaricidən təxribatçı çağırışlara rəğmən, buna getmədi. Düz də elədi, ən azı ona görə ki, xarici güclərin maraq dairəsində hazırda heç də “Güney Azərbaycan” adlı dövlətin yaradılması yox, neft-qazla zəngin İranı tam nəzarət altına almaq hədəfi var. Oxşar ssenarilər, əksər ekspertlərə görə, qardaş Türkiyəyə qarşı da mövcuddur və 2016-cı ilin iyul hərbi çevriliş cəhdi onlardan biri idi...

*****

Qayıdaq İrana. Məsələ ondadır ki, məhz İrandakı qarışıqlıqla bağlı Türkiyə və Azərbaycan rəsmi mövqe ortaya qoyandan, İrandakı qanuni hakimiyyəti müdafiə edəndən və konstitusiya çevrilişi cəhdini pisləyəndən sonra İranın güc strukturları situasiyanı nəzarət altına ala bildilər - hərçənd, etirazların tam səngidiyini söyləmək bir az tez olar.

Xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənlərin “nəbzini” düzgün tutaraq mövqe sərgiləməsi, həmkarı Ruhaniyə telefon açması öz işini gördü. Türkiyə liderinin hadisələr fonunda söylədiyi “İrandakı rejim bütün qüsurlarına rəğmən, hər halda bölgədə sabitlik faktorudur, onun yerini qərbyönlü avantüristlər tuta bilər ki, bu da ölkəni Suriyadakından da üzücü və miqyaslı vətəndaş müharibəsinə çəkər” sözləri çox önəmli idi.

İndi qalır Azərbaycan, Türkiyə və Güney Azərbaycanın rəsmi Tehrana, İran hakimiyyətinə verdiyi belə bir özünü xilas şansının, böyük yaxşılığın ölkə rəhbərliyi, Tehran tərəfindən doğru və ədalətli dəyərləndirməsi. İnanmaq istərdik ki, son olaylar Tehrana dost-düşmənlərin ünvanını daha dəqiq göstərəcək.

Buna da ümid eləmək istərdik ki, İranda vaxtaşırı fars KİV-ləri tərəfindən aşağılanan və türkofobik münasibətlə üzləşən Güney toplumunun konstitusion haqlarına, nəhayət, İran rəhbərliyi daha sayğılı yanaşacaq. Bölgənin mədəni, sosial-iqtisadi problemlərinə münasibətdə daha həssas olacaq. Dağlıq Qarabağ məsələsində müsəlman qonşumuzdan çoxdan umduğumuz, Türkiyə kimi ədalətli yanaşma də öz yerində.../musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26