Türkiyə Suriyada Rusiya cəbhəsini tərk edib, yenidən ərəb cəbhəsinə qoşulur?
Politoloq: “Türkiyə Suriya böhranının əvvəlindən öz mövqeyini tez-tez dəyişdirən iştrakçı kimi özünü birüzə verir”
“ABŞ, İsrail, BƏƏ, İordaniya və digər anti-Bəşər ölkələri “B” planını işləməyə başlayacaqlar və Türkiyənin də bu dəstədə olması artıq şübhə doğurmur”.
"XeberBiz" xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov Ərdoğanla Bəşər Əsəd arasındakı son gərginliyi Pia.az-a şərh edərkən qeyd edib.
“Reuters” agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədi terrorçu adlandırıb. Ərdoğanın sözlərinə görə, "Əsəd dövlət səviyyəsində terrorla məşğul olan terrorçudur. 1 milyona yaxın vətəndaşını öldürmüş olan insan Suriyanın prezidenti necə olacaq? Suriya xalqı belə birini başının üstündə görmək istəyə bilərmi? Qəti olaraq deyirəm, Əsəd əslində dövlət terroru törətmiş bir terrorçudur”. Eyni zamanda Ərdoğan bildirib ki, Ankara Əsəd höküməti ilə əməkdaşlıq etməyəcək. Cavabında isə Suriya XİN-liyi Ərdoğanı terroristlərə hərtərəfli yardım etməkdə ittiham edib.
Rusiya və İranla Suriya məsələsində ortaq çıxış edən Ərdoğan hakimiyyəti hansı səbəbdən Rusiya və İranın müdafiə etdiyi Əsəd hakimiyyətinin devrilməsini israrla istəyir? Bu məsələdə Ərdoğanın Səudiyyə və ABŞ-la eyni cəbhədən çıxış etməsi Türkiyənin İran və Rusiyanın Suriyadakı mövqelərinin zəifləməsinə çalışması kimi izah oluna bilərmi?
Tofiq Abbasov: “Əgər Amerika öz dostları ilə yenə də kürdləri qidalandırmaqda davam edəcəksə, onda Ankaranın tez bir zamanda yenə Rusiya-İran duetinə qayıdışını gözləmək əsaslı olacaq”.
Türkiyənin siyasi arenada tez-tez qərarını dəyişdirməsinin onun üçün bir sıra problemlər yaratdığını vurğulayan politoloq Tofiq Abbasova görə, Əsəd rejimi Türkiyənin Suriya ilə bağlı planlarını alt-üst edib:
“Türkiyə Suriya böhranının əvvəlindən öz mövqeyini tez-tez dəyişdirən iştrakçı kimi özünü birüzə verir. Əslində elə digər ölkələrlə münasibətdə də rəsmi Ankara bir neçə dəfə təzadlı yanaşmalar nümayiş etdirməklə, hətta özünü pis vəziyyətə salmışdı. Bəşər Əsədə gəldikdə isə problem ondadır ki, Ərdoğan onu əvvəl qiymətli dost və qonşu kimi qəbul edib, sonra isə diktatorluqda ittiham etməyə başladı. Zənn edirəm ki, Ərdoğan Əsəd hakimiyyətinin tez bir zamanda siyasi arenadan getməsini təxmin etmişdi. Əsəd isə qətiyyət və güclü müqavimət göstərməklə, ilk növbədə, Ankaranın Suriya ilə bağlı planlarını alt-üst etdi. Heç kəsə sirr deyil ki, Türkiyənin bəzi dairələri terror şəbəkəsinə nəinki dəstək göstərirdi, hətta Suriyanın neftini qara bazara çıxarmasına kömək edirdi və bundan mənfəət də əldə edirdi. İki lider arasında yaranmış barışmaz münasibət axıra qədər qalacaq. Amma hazırki dönəmdə belə görünür ki, Ankara yenə öz yanaşmasını 180 dərəcə dəyişib, yenə də Amerika və Səudiyyə ilə razılaşdırır. Nahaq yerə baş nazir Yıldırım Ər-Riyada getməmişdi.
Çox güman ki, orada yeni razılaşma əldə edilib və onun da əsas qayəsi Astana formatını bastırmaqdan ibarətdir. Belə olduğu halda Moskva ilə Tehran da yeni taktiki gedişləri işə salmalı olacaqlar. Belə gedişat heç də yaxşı və ürəkaçan transformasiyalar vəd etmir. Çox güman ki, ən yaxın zamanda terror qüvvələri zühur edib yeni cəbhə açacaqlar. ABŞ, İsrail, BƏƏ, İordaniya və digər anti-Bəşər ölkələri “B” planını işləməyə başlayacaqlar və Türkiyənin də bu dəstədə olması artıq şübhə doğurmur. Amma yeni gedişlər nə dərəcədə kürdlərin Suriya daxili muxtariyyat arzusuna imkan yaradacağını proqnozlaşdırmaq hələ ki çətindir. Əgər Amerika öz dostları ilə yenə də kürdləri qudalandırmaqda davam edəcəksə, onda Ankaranın tez bir zamanda yenə Rusiya-İran duetinə qayıdışını gözləmək əsaslı olacaq. Hələlik isə Türkiyə yenə də əleyhdarlarına özünü sürüşkən mövqedə olması ilə bağlı suçlamağa əsaslar verir. Tərəfdarlar isə Türkiyə diplomatiyasını çevik sayaraq təqdir etməkdə davam edirlər”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26