İlham Əliyev 2 sərəncam imzaladı
18:05
Azərbaycan Respublikası Prezidenti Cavanşir Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"XeberBiz" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilib.
Müəyyən edilib ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır, həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirmək tapşırılıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də bu Sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etmək və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli digər aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin etmək tapşırılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26