Interposta.Info

Yaqland Azərbaycana qarşı olanların “danışan dili” rolunda

Siyasət
 29-11-2017, 08:47     10 417

Avropa Şurasının baş katibinin Azərbaycanla problemi nə...

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının mümkün olduğu barədə açıqlama verib. O deyib ki, Avropa Şurası Rusiya əleyhinə sanksiyaların ləğv edilməsi məsələsini nəzərdən keçirir. Onun sözlərinə görə, qurum belə bir qərarı Rusiyanın təşkilatdan çıxmaq ehtimalı ilə əlaqələndirib. Baş katibin fikrincə, belə şey baş verərsə, o zaman bütün dünyada insan haqlarının qorunmasına zərbə dəyə bilər: “Rusiya qurumdan çıxsa, həqiqətən çox pis vəziyyət olar. Bu, Avropa üçün neqativ hadisə olar. Çünki onda Avropa Rusiyasız olacaq. Bu da Avropa üçün geriyə böyük bir addım deməkdir”.

Yaqland onu da bildirib ki, bu halda 140 milyon rusiyalı Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüququnu itirmiş olacaq.

Krımın ilhaqına görə haqlı sanksiyalara tuş gələn Rusiya barədə narahatlıq keçirən baş katibi nədənsə Azərbaycana gələndə 10 milyonluq əhalinin Avropa Məhkəməsinə müraciət imkanından məhrum ola biləcəyi bir elə maraqlandırmır. Avropa Şurasının Rusiyanı itirə biləcəyindən qorxu keçirdiyini dilinə gətirən Yaqland Azərbaycanın təşkilatdan çıxarılması kimi sərt qərarın verilə biləcəyini mümkün sayıb.

Göründüyü kimi, Avropa Şurasının baş katibi faktiki ayrı-seçkilik edir, ikili standart yanaşması sərgiləyir.

Ona görə də ortaya bir sıra suallar çıxır: Yaqlandın Azərbaycanla problemi nədir? Azərbaycana münasibətdə nədən bu qədər aqressivdir?

Deputat Çingiz Qənizadə bildirdi ki, Azərbaycan həmişə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çalışıb və riayət edir. Amma biz zaman-zaman Avropa Şurasından gözlədiklərimizin əksini alırıq. Çünki müəyyən dövlətlərin bəzi deputatları Avropa Şurası Parlament Assambleyasında fraksiya yaratmaqla həmişə Azərbaycana təzyiq etməyə çalışırlar və bəzən də buna nail olurlar. Başqa dövlətlərdə, hətta öz dövlətlərində gördükləri, bildikləri məsələlərin Azərbaycanda ən kiçik formasını belə görsələr, bunu siyasiləşdirib, təzyiq formasında istifadə etməyə çalışırlar. Yəni fərqli münasibət ortaya qoyurlar.

Yaqlandın da o cür fraksiyalarla sıx bağlılığı yox deyil: “Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduqdan sonra üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir və yerinə yetirməyə çalışır. Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq etməkdə maraqlıdır.

Çox təəssüf ki, bəzən bunun Avropa Şurasından qarşılığını görmürük. Avropa Şurası Azərbaycana açıq təzyiqlər etməyə çalışır, hətta baş katib Yaqland səviyyəsində müəyyən bəyanatlar verilir. Mən hesab edirəm ki, bu təzyiqlər Azərbaycanın müstəqil siyasəti, inkişafı və Azərbaycan prezidentinin Azərbaycanın milli və dövlət maraqlarına uyğun siyasəti ilə bağlıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil, ədalətli daxili və xarici siyasəti bəzi Qərb dairələrində, o cümlədən AŞ-da qıcıq doğurur. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı siyasət müəyyən dövlətlər, dairələr tərəfindən qəbul olunmur. Yaqlandın həmin dairələrlə bağlı olmasının da onun bizə münasibətinə təsiri var. Azərbaycana təzyiq etmək istəyirlər. Yəni kiçik dövlətlərin müstəqil qərar qəbul etməsi və müstəqil siyasət həyata keçirməsi heç də böyük dövlətlər tərəfindən qəbul edilmir. Sadəcə, böyük dövlətlər istəyirlər ki, bu dövlətlər sözəbaxan olsun, vassala, əyalətə çevrilsin və qərarları da özləri qəbul etsinlər. Azərbaycana qarşı təzyiq forması kimi müxtəlif bəhanələr tapmağa, ölkəmizə qarşı qərarlar qəbul etməyə çalışırlar. Bunu bir çox hallarda Avropa Şurası baş katibinin dili ilə ifadə etmək istəyirlər”.

Deputatın sözlərinə görə, Avropa Şurası məkanına daxil olan dövlətlərin özündə Avropa İnsan Haqları Məhkəməsinin 10 min icra olunmamış qərarı var. Avropa Şurası, o cümlədən Yaqland çox susqunluqla bunun üzərindən keçir, görməməzliyə vurur, hətta başqa metodlarla bu qərarların icrasına çalışırlar. Amma həmin qərarların icra olunmadığı üzv dövlətlərin qurumdan çıxarılması barədə təkliflər ortaya atmırlar.

Avropa Şurasının baş katibi tərəfindən bir nəfərə görə Azərbaycanın Avropa Şurasından çıxarılması təklifinin irəli sürülməsi nə həmin şəxsə sevgidən irəli gəlir, nə də Yaqlandın insan haqlarına hörmət göstərməsindən və dəyər verməsindən: “Bunun arxasında daha böyük siyasət, daha böyük maraqlar var. Bütün vasitələrlə Azərbaycana təzyiq etməyə çalışır, hər şeyi siyasiləşdirib, belə bəyanatlar verirlər”.

Politoloq Elşən Mustafayev isə hesab edir ki, Yaqlandın Rusiyaya jesti bir sıra səbəblərdən irəli gəlir: “Yaqland deyir ki, əgər Rusiya Avropa Şurasına üzvlük haqqını ödəməsə, təşkilatın nizamnaməsinə görə, onun çıxarılması qaçılmaz olacaq. Sözsüz, bu müzakirələr olarsa tələblər yerinə yetirilməyincə Yaqlandın istəyindən asılı olmayaraq hər hansı irəliləyiş olmayacaq. Baxmayaraq ki, Rusiya Avropa Şurasında, hətta Avropa Birliyində olan dövlətlərin bir çoxu üçün böyük əhəmiyyət daşıyır, ABŞ və Avropanın aparıcı dövlətlərinin istəyi olmasa sanksiyaların qaldırılmasına kifayət edən səs verilməyəcək. Hesab edirəm ki, Yaqland fikirlərini ikibaşlı işlədib və ilk növbədə Avropa Şurasında olan dövlətlərin və xüsusilə AB üzvü olan dövlətlərin reaksiyanı gözləyir. Hətta ola bilər ki, Rusiya tərəfindən bu fikirlərin jest kimi qəbul olunacağını da öncədən düşünüb və bu da bir plandır”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26