Ermənistanda tələbə qiyamı:
Düşmən ölkədə orduya çağırışçı problemi kritik həddə yaxınlaşıb; tələbə gənclər kriminal rejim üçün “top əti” olmaq istəmirlər – Sərkisyan iqtidarı çıxılmazda...
İşğalçı Ermənistanın paytaxtı İrəvanda tələbələrin aksiyaları davam edir. Erməni gənclər 5 gündür ki, hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinə əleyhinə etiraz aksiyaları keçirirlər.
Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, son olaraq İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan etirazçılar dərslərdə iştirak etməkdən imtina ediblər. “Elmin İnkişafı Naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib ki, etiraz edən tələbələrin sayı durmadan artır: “Sıralarımızı daha da gücləndirməliyik. Parlament bu gün (dünən - red.) ”Hərbi xidmət haqqında" yeni qanun layihəsini müzakirə edəcək. Biz bu müzakirədə iştirak etməliyik" (Azvision.az).
Dünən isə tələbələr sözügedən ali təhsil ocağının bütün korpuslarından keçməklə yürüş ediblər. Onlar digər tələbələri də aksiyaya qoşulmağa çağırıblar. Artıq etiraz aksiyalarının nəticəsi olaraq, dünən onlar baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Lakin Ermənistan Nazirlər Kabinetində keçirilən iki saatlıq görüş nəticəsiz qalıb. Müdafiə naziri tələbələrə aksiyaların mənasız olduğunu başa salmağa çalışıb və “hərbi xidmətə hazırlaşmağı” tövsiyə edib. İrəvan Dövlət Universitetinin rektorluğu isə tələbələri auditoriyalara qayıtmağa çağırıb.
Maraqlıdır ki, prezident Serj Sərkisyanın etibarlı kadrlarından olan Vigen Sərkisyanın özü heç hərbi xidmətdə olmayıb. Səbəblə bağlı jurnalistin sualını o, cavabsız buraxıb. Ən qəribəsi də elə hərbi xidmət görməmiş müdafiə nazirinin erməni gənclərə hərbi xidmətin vacibliyini “izah eləməsidir”. Əlbəttə ki, bunun da tək səbəbi erməni ordusuna çağırış planını doldurmağın ildən-ilə çətinləşməsidir.
*****
Xatırladaq ki, sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur. Tələbələr belə bir arqument irəli sürürlər ki, hərbi xidmətdən sonra ali təhsili davam etdirməyin heç bir anlamı qalmayacaq. Ancaq əsas motiv əlbəttə ki, bu deyil. Odur ki, gənclər digər həmyaşıdlarının aqibətindən nəticə çıxararaq, işğalçı ordu üçün “top əti” olmaq istəmirlər.
Qeyd edək ki, qanun layihəsi artıq ilk oxunuşda qəbul edilib. Qanun ikinci, üçüncü oxunuşda da qəbul edilib sonucda prezident Serj Sərkisyan tərəfindən imzalanarsa, o zaman şəksiz ki, Ermənistandan tələbə (gənc) axını daha da sürətlənəcək. Erməni gənclər müxtəlif yollarla ölkəni tərk edib gedəcək, ya da özlərini hərbi xidmətə “yararsız” çıxaracaqlar.
Nəzərə alsaq ki, işğalçı ölkədə korrupsiyanın səviyyəsi kifayət qədər yüksəkdir, o zaman erməni ailələr borc-xərc edib öz övladlarını ordudan yayındırmağa çalışacaqlar. Belə olan təqdirdə təbii ki, Ermənistan silahlı qüvvələrinin çağırışçı problemi yenə aradan qalxmayacaq. Yəni, hakim Sərkisyan rejiminin çıxılmaz durumu davam edəcək.
Bütün hallarda son baş verənlər ən əvvəl erməni toplumunda yaşanan müharibə xofunun bariz təzahürüdür. Bundan əlavə, məhz davam edən müharibə şəraiti üzündən Ermənistan getdikcə daha ağır blokadaya və sosial-iqtisadi duruma tuş gəlməkdə, ölkə xarici aləmdən, beynəlxalq bazarlardan, kommunikasiya xətlərindən təcrid olunmaqda, iş yerləri azalmaqdadır ki, bu da ilk növbədə gənc təbəqəyə Ermənistanda yaxşı heç bir perspektiv vəd eləmir.
Nəhayət, ötən ilin ağır “aprel” sindromu və bunun ardınca daha da artan əsgər itkiləri, habelə orduda baş alıb gedən başıpozuqluq da erməni tələbələri nəyin bahasına olur-olsun, hərbi xidmətdən yayınmağa vadar edir. Aydındır ki, söhbət kasıb təbəqəyə aid gənclərdən gedir. Onlar isə çoxluq təşkil edir.
*****
Məsələ ondadır ki, İrəvanda vaxtaşırı əsgər anaları da etiraz aksiyaları keçirirlər. Tələbələrin tələblərini onlar da müdafiə edirlər. Bu kimi etirazların hamısının qayəsində isə sözsüz ki, işğalçı tərəfin günahı üzündən həlli uzanan Dağlıq Qarabağ konflikti durur. Belə görünür ki, kriminal Sərkisyan rejimi iqtidarda qaldıqca problemin çözümündə “işıq ucu” da görünməyəcək. Demək, əsgər, hərbçi ölümləri da artacaq ki, azalmayacaq.
Hazırkı rejimin dayaqları isə hələ ki möhkəm təsiri bağışlayır. Tək səbəb də odur ki, Kreml Serj Sərkisyana hələlik etimad bəsləyir və onu əvəzləməyə hazırlaşmır. Ayrı sözlə, gələn ilin aprelində Ermənistan prezidentli üsul-idarəçilikdən parlament tipli idarəçiliyə keçsə belə, Rusiya indiki hakimiyyətlə işləməkdə maraqlıdır. Təbii ki, ona kimi Serj Sərksiyan hansısa “çp”-yə yol verib özünü “yandırmasa”.
Bu mənada Sərkisyanın noyabrın 15-də Moskvaya nəzərdə tutulan səfəri çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşü bir daha əsas məsələyə aydınlıq gətirəcək. Erməni toplumunda, ələlxüsus onun gənc təbəqəsində sülh-müharibə və perspektiv məsələləri ilə bağlı hər hansı illüziya qalmayacaq.
Onu da əlavə edək ki, prezident Sərkisyan Moskva səfərinə müdafiə naziri Vigen Sərksiyanı da aparacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26