Interposta.Info

İşğalçıya çarpaz zərbə: Bakının “əli” güclənir, İrəvan şanssız qalır

Siyasət
 21-10-2017, 10:24     10 460

Bölgənin taleyində mühüm dönüş, Azərbaycan uduşda...; 10 gün sonra Azərbaycanın açar rol oynadığı iki nəhəng layihə ilə bağlı qərarlar veriləcək; “Şimal-Cənub” dəhlizi Bakı-Tiflis-Qars dəmir yolu ilə eyni vaxtda işə düşə bilər...

Noyabrın 1-də Tehranda Rusiya, Azərbaycan və İran prezidentləri üçtərəfli görüşü baş tutacaq. Yada salaq ki, bu formatda axırıncı zirvə görüşü ötən ilin avqustunda Bakıda reallaşıb. Növbəti üçtərəfli təmas 2017-ci ilin yayında İranda nəzərdə tutulsa da, istisna deyil ki, həm bölgədə cərəyan edən dramatik proseslər, həm də ola bilsin, ortaq iqtisadi, nəqliyyat layihələrinə bəzi korrektələr onun ertələnməsinə gətirib.

Xəbər verdiyimiz kimi, Tehran zirvəsi zamanı əsas diqqət “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı görülən işlərin yekunlaşmasına yönələcək. Bəllidir ki, bu nəqliyyat dəhlizi hər üç ölkənin tranzit ərazi kimi regional önəmini artıracaq, onların dövlət büdcələrini zənginləşdirəcək. Böyük ehtimalla, Tehran zirvəsi sözügedən layihə, bütövlükdə üçtərəfli əməkdaşlıqla bağlı mühüm bəyanatlar və anonsların verilməsi ilə yadda qalacaq.

*****

Oktyabrın 30-da isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda olacaq. Ondan bir gün sonra Bakı-Tiflis-Qars dəmir yolunun təntənəli açılış mərasimi nəzərdə tutulub - hansı tədbirə ki, Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin qatılacağı gözlənilir.

Bu dəmir yolu layihəsi də “Şimal-Cənub” nəqliyyat dəhlizi (dəmir yolu) kimi üç ölkənin - Türkiyə, Gürcüstan və Azərbaycan üçün böyük iqtisadi, siyasi önəm kəsb edir. Çünki ötən saylarımızda da vurğuladığımız kimi, yeni dəmir yolu onlar arasında iqtisadi bağları bir az da möhkəmləndirməklə yanaşı, Ermənistanın xarici aləmdən və dünya bazarlarından təcridini gücləndirəcək, dünya okeanına çıxışını daha əlçatmaz edəcək, beləliklə də, onun iqtisadi durumunu daha ağır vəziyyətə gətirəcək və işğalçı ölkənin tranzit ölkə kimi əhəmiyyətini minimuma endirəcək.

Hətta istisna deyil ki, iki layihə (“Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tiflis-Qars dəmiryolu) tam gücü ilə işə eyni vaxtda düşsün. Bütün hallarda bu iki meqa-layihə təcavüzkar Ermənistana “çarpaz zərbə” olacaq. İqtisadi təhlilçilər də bunu mümkün hesab edirlər.

***

“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşü regional əməkdaşlıq baxımından mühüm perspektivlər vəd edir”. Bu sözləri axar-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O, Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşündə bir sıra önəmli məsələlərin müzakirə ediləcəyinə diqqət yönəldib.

***

“Birincisi, ”Şimal-Cənub" dəmir yolu layihəsinin başa çatdırılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Çünki tikinti işləri demək olar ki, yekunlaşmaq üzrədir. Bu layihə əhəmiyyətinə görə Bakı-Tiflis-Qars dəmir yolunda, geri qalmır. “Şimal-Cənub” dəmir yolu layihəsinin Atlantik okeanına qədər çıxmaq imkanı var. Üstəlik, layihənin Rusiya ərazisindən şərqə doğru genişlənməsi də mümkündür. Hər iki nəhəng layihədə açar rolunu Azərbaycan oynayır. İkincisi, Xəzər dənizinin statusu ilə bağlı məsələ də gündəmdə olacaq. Yeganə destruktiv mövqe nümayiş etdirən İrandır, Türkmənistanla artıq dil tapmışıq. Əgər İran da konstruktiv mövqe tutsa, Xəzərin statusu müəyyənləşə bilər. Bu isə bölgədə əməkdaşlıq üçün çox mühüm perspektivlər açacaq", - deyə politoloq qeyd edib.

Üçüncü mühüm amil kimi politoloq bunu vurğulayıb: “Azərbaycan İranla ikitərəfli münasibətlərdə geniş əlaqələrə malikdir və bu əlaqələrin inkişafında maraqlıdır. Bu fonda Bakının Tehrandan gözləntiləri böyükdür. Çünki bu ölkədəki soydaşlarımızın İran iqtisadiyyatında böyük rolu var. Azərbaycan İrandakı soydaşlarımızın potensialının dinamikasını artırmaq niyyətindədir. Ancaq İranın siyasətində Ermənistanla əlaqələr də üstünlük təşkil edir. Bakı bu görüşdə Tehrandan İrəvana təzyiq göstərməsini istəyəcək. Ermənistan Dağlıq Qarabağ problemini xristian-müsəlman davası kimi qələmə verir. İran bu məsələnin ideoloji tərəfinin nə qədər ziyanlı olduğunu qəbul etməli və artıq İrəvanla bağlı gərəkli addımı atmalıdır. Üstəlik, İran bu istiqamətdə Rusiyaya təsir göstərmək imkanına malikdir”.

Sabiq dövlət müşavirinin qənaətincə, İranın sözügedən məsələdə Azərbaycanın yanında olması Bakının əlini xeyli gücləndirəcək: “Hər halda, üçtərəfli zirvə toplantısı bölgənin taleyi üçün böyük rol oyanacaq və güman edirəm ki, Bakı bu görüşdən uduşla çıxacaq. Çünki ”Şimal-Cənub" dəmir yolu layihəsinin işə salınması gəlirlərimizi artacaq. Eyni zamanda Xəzərin statusunun müəyyən edilməsi istiqamətində sonuncu addımlar atılacaq. Ən başlıcası isə Azərbaycan bir çox ölkələrlə əlaqələrini strateji əməkdaşlıq səviyyəsinə qaldırmaqla beynəlxalq münasibətlərdə oynadığı rola aktivlik gətirəcək. Bu da Qarabağ probleminin həllində ölkəmizə əlavə güc verəcək".

***

Maraqlıdır ki, bu arada ABŞ-ın İrana təzyiqləri artmaqdadır. Bəllidir ki, az öncə ABŞ Konqresi İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar paketi qəbul edib və prezident Donald Tramp onu imzalayıb. Lakin İrana qarşı ABŞ-ın yeni sanksiyaları əslində Azərbaycana əlavə dividentlər gətirə bilər. Söhbət neftin qiymətinə müsbət təsirlərlə yanaşı, cənub qonşumuzun ölkəmizə daha böyük ehtiyac duymasından, Azərbaycanın artan önəmindən gedir.

Bu ehtiyac və önəm ən əvvəl yeni və ortaq iqtisadi, nəqliyyat layihələrinə artan maraqda özünü büruzə verə bilər. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan İrandan ötrü qat-qat mühüm və əlverişli tərəfdaşdır. Yəni bütün hallarda həm 10 gün sonra gözlənilən iki mühüm zirvə görüşü və açılışı planlaşdırılan dəmir yolları, həm də ABŞ-İran münasibətlərinin pisləşməsi müəyyən neqativ təsirlər xaric, həqiqətən Bakının bölgədə əlinə işləyəcək, adekvat surətdə işğalçı ölkənin olan-qalan şanslarını da əlindən alacaq. Bu isə öz növbəsində Dağlıq Qarabağ məsələsində Azərbaycanın daha uğurlu mövqeyə çıxmasına yardımçı olardı...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26