Interposta.Info

Rusların qaraba-qara izlədiyi Colani

Siyasət
 6-10-2017, 07:26     10 487

«Ən-Nusra» lideri nədən rusların əsas hədəfinə çevrilib? Suriyada İŞİD-dən sonra ən böyük qruplaşma haqda nə bilirik?

Suriyada hökumətə qarşı savaşan əsas silahlı terror qruplaşması olan «ən-Nusra»nın (Şamın Fəth Cəbhəsi) lideri Məhəmməd Colani ağır yaralanıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) oktyabrın 4-də məlumat yayıb. Rusiya MN sözçüsü İqor Konaşenkov bildirib ki, əməliyyat İdlib vilayəti ərazisində, ötən həftə Rusiya hərbi polisinə qarşı həyata keçirilən əməliyyata cavab olaraq keçirilib.

Rusiya ordusunun məlumatına görə, oktyabrın 3-də kəşfiyyat Colaninin rəhbərliyi altında « ən-Nusra» səhra komandirlərinin toplantısı barədə məlumat əldə edib. Bundan sonra bu bölgəyə Rusiya Hava-Kosmik Qüvvələrinin SU-34 və SU-35 təyyarələri göndərilib. Nəticədə toplantıda iştirak edən 12 səhra komandiri və onların 50-dək mühafizəçisi məhv edilib. Öldürülənlərdən biri də Colaninin köməkçisi olub. Ancaq «ən-Nusra» liderinin ölmədiyi, bombardman nəticəsində bir qolunun qopduğu və ağır qəlpə yaraları aldığı bildirilir.

Bir gün sonra isə ruslar Colaninin komaya düşdüyü haqda xəbər yayıb. «Ən-Nusra»ya yaxın internet resursları isə bu məlumatı təkzib edib, Colaninin sağ olduğunu yazıb. Ancaq hələlik Colaninin özü görünməyib.

Konaşenkov ikinci bir hava əməliyyatının keçirildiyini və bu zaman aralarında 7 yüksək rütbəli səhra komandirinin də olduğu 49 nəfərin öldüyünü bildirib. Ruslar bu əməliyyatların ötən ay Rusiya hərbi polisinə təşkil olunan sui-qəsdə cavab məqsədli qisas əməliyyatı adlandırır. Öldürülən terrorçuların bəzilərinin adları da açıqlanıb. Bunlar Musab əl-Hüseyn, Əbu Turab Dağıstani, Əbdürrəhman əl-Mühacir, Əbu Əhməd əl-Cəzravi olub. Adlardan da göründüyü kimi, öldürülən komandirlərin əksəriyyəti xaricilər olub. Bundan başqa hava bombardmanı zamanı terrorçuların nəzarətində olan və təxminən 1000 ton partladıcının və silahların saxlandığı anbar da məhv edilib.

Qeyd edək ki, hazırda Suriyanın tamamilə Əsəd müxaliflərinin nəzarətində olan vilayəti olan İdlibdə yerləşən ən-Nusra. Ya da yeni adı ilə Şamın Fəth Cəbhəsi İŞİD-dən sonra ən böyük və mütəşəkkil qruplaşma hesab olunur. Qruplaşma rəsmən «əl-Qaidə»nin Suriya qanadı hesab olunur. Məhəmməd Colani bir qədər qurulan “Heyət Təhrir Şam” (Şamın Azadlığı İttifaqı) təşkilatlar ittifaqının lideri idi. Bu birliyin mərkəzində dayanan «ən-Nusra» isə ən mütəşəkkil və böyük silahlı güc hesab olunurdu.

“Ən-Nusra Cəbhəsi” (Ərəbcədən tərcümədə “Cəbhət ən-Nusra) 2011-ci il sentyabr ayında Suriyada yaradılıb, ilk dəfə 2012-ci il yanvarın 23-də haqqında məlumatlar yayılmağa başlayıb. Qruplaşmanın tam adı “Cabhat an-Nusra li-əhli-Şam” Şam Əhli üçün Yardım Cəbhəsidir. Qruplaşma «əl-Qaidə»nin Suriya qolu hesab olunur, təşkilatın lideri Əbu Muhəmməd əl-Culani 2013-cü ilin aprel ayında verdiyi bəyanatda məqsəd və vəzifələrinin digər islamçı qruplaşmalara dəstək olmasına baxmayaraq, “ən-Nusra”nın müstəqil bir təşkilat olduğunu bildirib. Həmin ilin noyabrında isə “əl-Qaidə” lideri Ayman Zəvahiri “ən-Nusra Cəbhəsi”ni rəhbərlik etdiyi təşkilatın Suriyadakı yeganə qanuni təmsilçisi elan edib. “Ən-Nusra Cəbhəsi” bütün dünyada terror təşkilatı kimi tanınır. ABŞ və bir sıra dövlətlər tərəfindən terror təşkilatı siyahısına salsa da, bir sıra ərəb dövlətləri, o cümlədən Türkiyə hökuməti «ən-Nusra Cəbhəsi”nin adını terror təşkilatları siyahısından çıxarıb. Buna səbəb kimi qruplaşmanın Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı savaşması göstərilib.

«Ən-Nusra» Suriyada hazırda 3 ən güclü müxalif qruplaşmadan biridir. Dəməşqdə bir sıra terror hücumlarının, eyni zamanda ələ keçirilən hökumət tərəfdarlarının edam səhnələri xeyli “məşhurdur”. Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Colaninin əsl adı Usamə əl-Haddavidir. Suriyanın Deyr əz-Zor bölgəsindəki əş-Şəhil şəhərində doğulub. Bəzi məlumatlara görə, 2003-cü ildə Amerika İraqı işğal etdiyi zaman Dəməşq Universitetinin tibb fakültəsində təhsil alan Colani təhsilini buraxaraq İraqa gedib. Burda «əl-Qaidə»nin İraq qoluna qoşulub. 2010-da həbs olunub və bir il sonra həbsdən buraxılıb.

Qeyd edək ki, daha əvvəl «ən-Nusra» və İŞİD bir təşkilat olub. Hətta mənbələrdə Colaninin İraqdan məhz İŞİD lideri Əbubəkr Bağdadi tərəfindən Suriyaya göndərildiyi haqda məlumatlar yer alıb. Bildirilir ki, «ən-Nusra» Suriyada məhz İŞİD və «əl-Qaidə»adına savaşıb. Ancaq sonradan İŞİD qruplaşması da öz fəaliyyətini Suriyaya keçirib və Əbubəkr Bağdadi 2013-cü ildə iki qruplaşmasının birləşdiyi və “İraq-Şam İslam Dövləti”nin yaradıldığını elan etdikdən sonra iki lider arasında münasibətlər soyuyur. Colani İŞİD-ə qatılmaqdan imtina edir.
Daha sonra iki qruplaşma arasında kiçik toqquşmalar, zəbt olunmuş ərazilərə nəzarət uğurunda qarşıdurmalar baş verir, İŞİD bir neçə «ən-Nusra» komandirini qaçıraraq qətlə yetirib. 2014-cü il yanvarın 3-də isə iki qruplaşma arasında qanlı müharibə başlayıb. Bu toqquşmalarda Suriyada fəaliyyət göstərən digər islamçı qruplaşmalar «ən-Nusra» qruplaşmasını dəstəkləyib. Ancaq buna baxmayaraq İŞİD-ə üstün gəlmək mümkün olmayıb. Suriyada islamçı qruplar arasında 6 ay davam edən döyüşlərdə 5 min nəfərdən çox adam ölüb. Qeyd edək ki, 2013-cü ildə iki qruplaşma arasında qarşıdurma yarananda “əl-Qaidə” lideri Əyman əl-Zəvahiri xüsusi müraciətlə çıxış edərək Suriyadakı İŞİD üzvlərini “ən-Nusra”ya qoşulmağa çağırıb. Zəvahiri bəyan edib ki, İŞİD “əl-Qaidə”yə bağlı qurum deyil, onların Suriyadakı dəstəklədiyi qruplaşma «ən-Nusra Cəbhəsi”dir.

2016-cı ildə Rusiyanın tələbi ilə müxaliflərin terror təşkilatlarından ayrılması və terror qruplarına qarşı mübarizə aparılması haqda ümumi razılıq əldə olunduqdan sonra «ən-Nusra» adını dəyişərək Şamın Fəth Cəbhəsi elan edir. Eyni zamanda Colani yeni Təhrir əş-Şam qruplaşması yaradıb və bütün bu qruplar siyasi çağırışlar etməyə başlayıb. Bununla da beynəlxalq antiterror əməliyyatından qorunmağa çalışıblar. Ancaq ruslar adını dəyişməsinə baxmayaraq Colani və onun tərəfdarlarına qarşı əməliyyatları davam etdiriblər. Bunun bir səbəbi də Suriyada İŞİD-dən sonra ən mütəşəkkil, yaxşı silahlanmış güclü silahlı birləşmənin ən-Nusra və ya onun bazasında yaradılmış qruplaşma olmasıdır. Hətta bir neçə il əvvəl sayları 70 min nəfərə çatan bu qruplaşmanın kamikadzehücumları, yüksək döyüş və əməliyyat təcrübəsi var. Rusiya bu qruplaşmanın Bəşər Əsəd hökumətinə qarşı əsas təhdid olduğunu, üstəlik mövqeyini dəyişməklə siyasi müxalifət cərgəsində dayanaraq danışıqlar masasına oturması. Hökumətə qarşı alternativ qüvvə olmasını istəmir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26