Interposta.Info

Regionda yeni Türkiyə-İran-Rusiya ittifaqı yaranır?

Siyasət
 5-10-2017, 07:22     7 603

Ekspertlər son zamanlar 3 dövlətin yaxınlaşmasının möhkəm ittifaqa çevriləcəyinə inanmır

Yaxın Şərqdə yeni Türkiyə, Rusiya, İran ittifaqı yaranır. Doğrudur, İran və Rusiya artıq uzun müddətdir ki, Yaxın Şərq proseslərində koordinasiyalı siyasət həyata keçirir, müttəfiqlik münasibətləri saxlayırlar. Ancaq indi Türkiyə də həm Rusiya, həm də İranla sürətlə yaxınlaşır. Təbii ki, bunun əsas göstəricisi bölgədə baş verən proseslərdir.


Ötən həftə Rusiya prezidenti Putin Ankaraya səfər etdi. İki gün əvvəl isə Türkiyə ordusunun baş qərargah rəisi, dünən isə prezident böyük bir heyətlə Tehrana səfər etdi. Tehran və Moskva arasında gediş-gəliş qrafiki isə çoxdan sıxdır. 3 dövlətin birgə əməkdaşlığının əsas nöqtəsi Suriyadır. Hazırda hər 3 dövlət Astanada əldə olunmuş razılaşma əsasında Suriyada münaqişənin həll olunması və terror təşkilatlarının ləğv edilməsi istiqamətində plan üzrə əməkdaşlığı davam etdirir. Suriyada son olaraq təhlükəsizlik zonalarının yaradılması ilə bağlı əldə olunan razılaşma icra olunur, İdlib vilayətinin təmizlənməsi istiqamətində də anlaşma əldə olunub.

Eyni zamanda 15 iyul olaylarından sonra Qərbə qarşı ciddi ümidsizliyin baş qaldırdığı Türkiyədə hökumət Moskva ilə yaxınlaşma ilə cavab verdi. Bu ilin 9 ayı ərzində Türkiyə və Rusiya prezidentləri 5 dəfə görüşüb və bir çox mövzularda, o cümlədən Türkiyəyə Hava Hücumundan Müdafiə Sistemlərinin (S-400) satılması ilə bağlı razılıq əldə olunub.

Və ən son İraqda kürdlərin referendumu, müstəqillik tələbləri son iki ilə qədər aralarında soyuq münasibətlər olan Tehran və Ankarana yaxınlaşdırıb. Əslində, kürd separatizmi mövzusu İraqdan əvvəl, hələ ötən ilin əvvəllərində Suriyada ortaya çıxmışdı və o zaman Ankara və Tehran arasında ilk dəfə Suriya mövzusunda ortaq mövqe ortaya qoyulmuşdu. Həm Türkiyə, həm də İranı regiondakı kürd separatizmi narahat edir. Çünki kürdlərin dövlət müstəqilliyi elan etməsi Yaxın Şərqdə domino effekti verə bilər. Onsuz da sərhədləri müstəmləkə dövlətləri tərəfindən müəyyən olunmuş və daxildə ciddi etnik və dini-məzhəbi parçalanmalara məruz qalan bu ölkələrin bir çoxunda separatizm hərəkatları baş qaldıra bilər. Ən ciddi təhdid isə Yaxın Şərqdə kürdlərin kompakt yaşadığı Türkiyə və İranda qeydə alına bilər. Bunun təkanvericisi isə ilk dəfə Suriya kürdlərinin muxtariyyət tələbləri oldu. Hazırda həm İran, həm də Türkiyə Suriyanın ərazi bütövlüyü üzərinə vurğu edir.

Həmçinin, Bərzaninin sentyabrın 25-də referendum təyin etməsi Ankara və Tehranı daha isti şəkildə bir araya gətirmiş oldu. Hər iki ölkə İraqın parçalanaraq kürd dövlətinin yaranmasını özünə qarşı təhlükə olaraq görür. Qısaca ifadə etməli olsaq, hazırda regiondakı vəziyyət 3 ölkəni bir-birinə yaxınlaşdırır. Ancaq bu yaxınlaşma bir ittifaqa çevrilə bilərmi?

Ankara-Moskva Analitik mərkəzinin eksperti Engin Özər deyir ki, Türkiyənin Avrasiyaya inteqrasiyası önündə əsas maneə Ermənistandır. Ekspertə görə, Türkiyə indiki şərtlərdə Ermənistanın da təmsil olunduğu qurumda yer almaq istəmir. Ancaq Özərin fikrincə, Rusiya Ermənistanı məhz Azərbaycan və Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq əlində saxlayır. Ancaq Azərbaycan və Türkiyə ilə yaxınlaşan Rusiyanın seçim etməsi lazım gələcək. Ancaq ekspertə görə, Rusiya və Türkiyə arasında son zamanlar müşahidə olunan yaxınlaşmanın möhkəm ittifaqa çevrilməsi mümkün deyil: “Məsələ ondadır ki, İrana qarşı sanksiyaların ləğv olunmasından sonra Fransa və Almaniya şirkətlərinin bu ölkəyə qoyduğu sərmayələrinin həcmi artdı. Bu iki Avropa ölkəsi İranla yaxşı əlaqələr qurmağa çalışır. Bu da yaxın dövrdə Rusiyanın erməni siyasətində dəyişikliyə gətirə bilər”.

Ancaq ekspertə görə, bu dərin ittifaqa səbəb olmayacaq. Ekspertlərə görə, hazırkı yaxınlaşma daha çox bölgədəki situasiya və daha yaxın maraqların uzlaşması ilə bağlıdır. Çünki hər 3 dövlətin regional maraqları üst-üstə düşür. Üstəlik İran və Türkiyəni birbaşa təhdid edən məsələ var. Bundan başqa ABŞ-ın kürd məsələsində Türkiyəyə güzəştə getməməsi Ankaranı narazı salıb və Moskva ilə yaxınlaşmağa vadar edir. Lakin bu yaxınlaşmanın möhkəm ittifaqa çevriləcəyi ilə bağı ekspertlər xeyli dərəcədə ümidsizdirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26