Interposta.Info

“Kreml Qarabağ münaqişənin uzanmasına görə “topu” Qərbə atır” – ekspert

Siyasət
 9-09-2017, 07:24     10 455

“Rusiya həmişəki kimi Qarabağ münaqişəsini həll etməyə hazır deyil, buna marağı yoxdur. Ona görə də BMT-də xarici işlər nazirlərinin görüşündən nəticə gözləmək əbəsdir. Moskvanın özü də Nyu-Yorkdakı görüşə maraq göstərmir. Əks halda deyərdilər ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünə ümidlə baxırlar. Belə bir açıqlama ortada yoxdur”.
interposta.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvadakı universitetlərin birindəki çıxışı zamanı müzakirələrə səbəb olan fikir söyləmişdi. Onun “Qərb bizim təklifləri qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı”-fikri birmənalı qarşılanmadı. Qarabağ münaqişəsinin yaradıcılarından və tətikçilərindən olan Moskvanın indi suçlu qismində Qərbi təqdim etməsi müzakirələrə rəvac verdi.
E.Şahinoğlunun fikrincə, S.Lavrov yəqin demək istəyib ki, NATO Şərqə doğru genişlənməsəydi, Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramını irəli sürməsəydi və ya ABŞ Şərqi Avropada raketlərdən müdafiə sistemləri yerləşdirməsəydi, Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdı: “Dağlıq Qarabağ münaqişəsinin yuxarıda sadalanan mövzulara nə dəxli var? Nə Ermənistan, nə də Azərbaycan NATO-ya üzvlüyə can atır, ərazilərində Qərbin hərbi bazaları da yoxdur. Qərb Cənubi Qafqazda yalnız Gürcüstanda varlığını qoruyur. Rusiya istəsə Dağlıq Qarabağ münaqişəsinin həllini bir günün içində sürətləndirə bilər. Vassalı olan Ermənistan hakimiyyətinə deməlidir ki, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldın. Kreml bunu İrəvana demək istəmir və münaqişənin uzanmasına görə topu Qərbə atır. Bəli, Qərb Ukraynanı və Gürcüstanı Rusiyadan uzaqlaşdırıb, eyni sözləri Azərbaycana və Ermənistana şamil etmək mümkün deyil. Qərb Rusiyanın bütün təkliflərini qəbul etsəydi belə, Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcəkdi. Qərblilər özləri deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Ona görə də Lavrovun Azərbaycanla qorxutması yersizdir. Qərb – Fransa və ya ABŞ hipotetik olaraq təkbaşına Qarabağ münaqişəsinin həll etmək istəsələr belə Rusiyanın maneəsi ilə üzləşəcək. Əksinə, Rusiya Qərbin iştirakı olmadan Qarabağ münaqişəsini həll etmək istəsə belə Fransa və ya Amerikanın bu prosesə mane olmaq üçün əllərində resursları yoxdur”.
“Kreml Qarabağ münaqişənin uzanmasına görə “topu” Qərbə atır” – ekspert



Bu arada, Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin Bakıda keçirdikləri növbəti görüş və imzaladıqları birgə bəyannamə diqqəti çəkir. Bəyannamədə üçtərəfli əməkdaşlığın əsas istiqamətləri göstərilib. Bu görüşün Qarabağ münaqişəsinə nə dərəcədə təsir edəcəyi barədə suallar da ortadadır. E.Şahinoğlu qeyd etdi ki, Bəyannamədə önəmli bəndlərdən biri də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etmələridir: “Bu Ermənistan hakimiyyətinə növbəti mesajdır ki, Siz yalnız Azərbaycan və Türkiyə ilə düşmənçilik etmirsiniz, Gürcüstan da sizin işğalçı siyasətinizi bəyənmir və Tiflis üçün Bakı və Ankara ilə əməkdaşlıq İrəvanla əməkdaşlıqdan daha vacib və faydalıdır. Əks halda Ermənistan da üçtərəfli formatlarda iştirak edərdi. Azərbaycanın isə iştirakçısı olduğu 5 belə format var”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26