Interposta.Info

İki supergüc niyə Bakıda görüşür?

Siyasət
 7-09-2017, 17:23     10 394

NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşməsi ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik.

- Rusiya və NATO generallarının bu görüşü nədən xəbər verir?

- Görüş kifayət qədər önəmli bir dövrə təsadüf edir və müzakirə olunacaq məsələlərin sayı da kifayət qədər çoxdur. ABŞ və bu ölkənin dominat rol oynadığı Avroatlantik Alyansın hərbi rəhbərləri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü ilk növbədə Moskva ilə Vaşinqton arasında ciddi diplomatik problemlərin olduğundan xəbər verir. Çünki hərbi müstəvidə təmaslar əsasən diplomatik kanallarda problem yarananda baş verir.

- Bundan əvvəl Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Bakıda görüşmüşdülər. İndi isə NATO və Rusiya generalları Bakıda görüşür? Niyə məhz Bakı?

- ABŞ, eləcə də NATO və Rusiya generallarının Bakıda görüşmələrinin əsas səbəbləri Azərbaycan prezidentinin beynəlxalq nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunmasının tərəfdarı kimi çıxış etməsi və bu müstəvidə mütəmadi olaraq çox önəmli mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması, etibarlı tərəfdaş olması, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilidir. Artıq “nə üçün Bakı” sualına heç kim cavab axtarmır. Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq üçün çox çətin mərhələlərdən, kataklizmlərdən keçib. Regional miqyaslı təsirlərdən dünya miqyaslı, kütləvi tədbirlərin təşkilinədək çox önəmli mərhələləri uğurla adlayıb. Bakı bütün kriteriyalarına görə dünyanın iki nəhəng güc mərkəzinin hərbi rəhbərlərinin bir araya gəlməsi, nəinki konkret regionun, bütövlükdə dünyanın problemlərinin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilib.

- Elçin müəllim, bu görüşün siyasi əhəmiyyəti nədən ibarətdir?

- Görüşün Azərbaycan üçün siyasi əhəmiyyəti növbəti dəfə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki önəmli rolunun dünyanın iki əsas güc mərkəzi tərəfindən qəbul olunması və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlıdır. Görüş NATO üzvü olan ölkələr və Rusiya, bütövlükdə dünya üçün də mühüm hərbi və siyasi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə müzakirə olunan məsələlər bəşəriyyəti narahat edən məsələlərdir.

- Görüşdə hansı məsələlərin müzakirə olunacağı gözlənilir?

- İndiki halda ABŞ, o cümlədən NATO ilə Rusiya arasında müzakirə oluna biləcək hərbi məsələlərin ön sırasında şübhəsiz ki, Suriya böhranı dayanır. Bu sıraya İraqın kürd özünüidarəçiliyinin müstəqillik iddiaları və bu məqsədlə keçiriləcək referendumu da əlavə etmək olar. Bütün bunlar regionun mənzərəsini tamamilə dəyişə biləcək və münaqişələrin eskalasiyasına imkan yaradacaq məsələlərdir. Çox güman ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü, alyansın genişlənmə perspektivləri və bunun Rusiya üçün yarada biləcəyi təhlükə, Moldova, Dnestryanıda yaranmış vəziyyət və münaqişənin yenidən aktiv fazaya qədəm qoymaq ehtimalı, Dağlıq Qarabağ münaqişəsi, Şimali Koreya, İran və s. mövzularına toxunulacaq. Görüşün necə keçəcəyi və hansı nəticələrə səbəb olacağı barədə fikir söyləmək çox çətindir. Çünki ABŞ və müttəfiqləri ilə Rusiya arasındakı ziddiyyətlər o qədər dərin geosiyasi əhəmiyyət daşıyır ki, bu ziddiyyətlərin aradan qaldırılması üçün zaman və çox ciddi siyasi iradə lazımdır. Əgər görüşdə hər hansı bir razılaşma baş versə belə, bunun yalnız proseslərin inkişafında müşahidə etmək olacaq. Adətən belə görüşlər ictimaiyyət üçün qapalı qalır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26