Interposta.Info

Qarabağ üçün iki gözlənti - Bakı və Soçi görüşləri

Siyasət
 24-08-2017, 14:06     9 164

Ərdoğanın Azərbaycan səfəri nizamlama prosesinə özünəməxsus dinamika gətirə bilər; rusiyalı analitik: “Ermənistandakı iqtisadi gərginlik Kremlə sərf edir, çünki...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-ci on günlüyündə Azərbaycana gələcək. Qardaş ölkə başçısının Bakıda keçirəcəyi yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ məsələsinin də müzakirəsi gözlənilir. Böyük ehtimalla, tərəflər Güney Qafqazın ən uzun münaqişəsi ilə bağlı bir daha “saat əqrəblərini” tutuşduracaq, konfliktlə bağlı vahid mövqe ortaya qoyacaqlar.

Bu mövqe sülh danışıqlarının xeyli müddətdir dalanda olduğu və müharibə riskinin artdığı dönəmdə xüsusi önəm daşıyır və ilk növbədə işğalçı Ermənistan üçün soyuq duş təsiri yarada bilər - hansı ki, son vaxtlar danışıqların bərpası üçün ən absurd şərtlər, təxribatçı mövqe sərgiləməkdədir.

“Güclü Türkiyə Qarabağ nizamlanması üçün əsas qarantlardan biridir”. Bunu iki gün öncə Bakıdakı beynəlxalq tədbir çərçivəsində qardaş ölkənin sabiq xarici işlər naziri Hikmət Çətin “Vestnik kavkaza” deyib. Bu, gerçəkdən də belədir və erməniləri ən çox narahat edən amillərdəndir. Öncəliklə də o səbəbə ki, Türkiyənin güclənməsi Azərbaycanın da güclənməsi deməkdir, o cümlədən Dağlıq Qarabağ məsələsində.

Ankara, üstəlik, Rusiya ilə - Ermənistanın əsas siyasi-hərbi müttəfiqi ilə axır vaxtlar yaxınlaşma içindədir ki, bu da İrəvanı xeyli rahatsız edir. Çünki Rusiya və Türkiyənin günün birində Qarabağ məsələsində ermənilərin əsas istəyi nəzərə alınmadan anlaşma əldə edə biləcəyindən narahatdır. Ərdoğanın qarşıdakı Bakı səfəri bu xüsusda - problemin Moskva-Ankara-Bakı formatı çərçivəsində mümkün həll perspektivinə də işıq sala, bütövlükdə dinc nizamlama prosesinə özünəməxsus dinamika gətirə bilər.

Xatırladaq ki, Türkiyə hakimiyyəti “Qarabağ məsələsində Azərbaycanın razı olmayacağı anlaşmanı Türkiyə də qəbul etməyəcək” mövqeyindən çıxış edir ki, bu da ölkəmizi strateji baxımdan qane edir. Lakin həll olunmamış Dağlıq Qarabağ ixtilafı iki qardaş ölkənin daha sıx hərbi əməkdaşlığını da zəruri edir. Bu mənada Ermənistana qarşı çəkindirici faktor kimi, Naxçıvanda Türkiyə hərbi bazalarının yerləşdirilməsinin də zamanı çatıb. Ümid edək ki, Ərdoğanın Bakı səfəri çərçivəsində bu mühüm mövzu də diqqət mərkəzində olacaq.

*****

Bu arada isə işğalçı ölkənin Rusiyanı qıcılqlandıracaq addımları davam edir. Söhbət Qərbə (ABŞ-a, Avropa Birliyi və NATO-ya) reveranslardan gedir. Hərçənd bir sıra ekspertlər Ermənistanın Rusiyadan qopmasının asan olmayacağı, hətta mümkünsüz olduğu qənaətindədirlər.

“Həm Gürcüstan, həm də Rumıniyadakı təlimlərdə iştirak edən Ermənistan gələcəkdə NATO-ya üzv olmaq haqda da müzakirələr aparır”. Bu sözləri axar.az-a açıqlamasında deputat Asim Mollazadə deyib. O bildirib ki, Ermənistan müstəqil dövlət olaraq heç bir addım ata bilmir.

“Ermənistan müstəqil dövlət deyil. Avropa Birliyi və NATO ilə əlaqələri kifayət qədər gərgindir. O, bu gərginliyi aradan qaldırmaq üçün müəyyən addımlar atır. Bu səbəbdən də Ermənistan Avropa Birliyi və NATO-dan istifadə etməklə Rusiyanı əvəz etməyə çalışır. Buna görə də həm Gürcüstan, həm də Rumıniyadakı təlimlərdə iştirak edən Ermənistan gələcəkdə NATO-ya üzv olmaq haqda da müzakirələr aparır. Ermənistanda Avropa Birliyi ilə ”Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq gündəmə gəlib, həm hakimiyyət, həm də müxalifət təmsilçiləri yeni variantda “Şərq tərəfdaşlığı” sazişini imzalamağın vacibliyini vurğulayırlar. Son dövrlərdə onların Qərbə meyillənməsinin şahidi oluruq" - Mollazadə deyib.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan Rusiyanı xüsusi qıcıqlandıran bu təlimlərdə nümayişkaranə şəkildə iştirak edib: “Ernməni mətbuatı açıq şəkildə NATO təlimlərində iştiraki Rusiyanın təsirindən çıxmaq üçün lazım olduğunu yazır. Fikrimcə, Ermənistanın Rusiyaya qarşı siyasəti həmişəki kimi qalır. Sadəcə, bu onun həmişə oynadığı oyunların tərkib hissəsidir. Bununla Ermənistan Rusiyanın təsirlərini öz üzərindən götürmək istəyir. Ermənistanın Rusiyanın təsirindən çıxması üçün onillər lazımdır, çünki onların belə bir müstəqil addım atmağa gücü yoxdur”.

Qeyd edək ki, rusıyalı politoloq Sergey Markov Ermənistanın artıq Ukraynanın yolu ilə getdiyini və hər hansı Maydan tipli hadisələrin erməni hakimiyyətinə Qərnbə üz tutmağa əsas yarada bıləcəyini demişdi.

*****

İşğalçı ölkənin Rusiyadan aralanmasına gerçəkdən də böyük zaman lazımdır. Söhbət heç iqtisadi-energetik asılılıqdan, Ermənistanın Türkiyə və İranla sərhədlərinin rus hərbçiləri tərəfindən (FSB-FTX) qorunmasından da getmir. Söhbət ən əvvəl Qarabağ problemindən gedir. Bu problemin qalması kifayətdir ki, İrəvan Moskvadan bərk-bərk yapışsın. Çünki Rusiya Dağlıq Qarabağ konfliktinin əsas sponsoru, memarıdır və bu məsələ vasitəsilə ermənilərə çox böyük pislik edə bilər.
Üstəlik də, Rusiya hərbi cəhətcə Ermənistanın içindədir. Rus hərbi bazaları isə bir ölkənin ərazisindən elə-belə, sakitcə, problemsiz çıxıb getmir. Odur ki, Ermənistan hələ uzun müddət öz ağasından möhkəm yapışmaq zorundadır. Başqa, yan səbəblər də var. Onlardan birini təqdim edirik.

“Bu gün xüsusilə Azərbaycanda çox az adam bu faktı qəbul etmək istəyir ki, Rusiya heç də ”xristian həmrəyliyi" səbəbindən Ermənistanı dəstəkləmir. Bunun tamamilə ayrı, konkret iqtisadi, “kasad” səbəbləri var". Belə bir fikir rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsova məxsusdur.

Politoloq iki ölkə münasibətlərindəki maraqlı bir məqama toxunub. Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatını inkişaf etdirmək, ölkədəki qara işləri görmək, məsələn, şəhər küçələrindəki zibil yığımını təmin etmək üçün ucuz işçi kütləsinə böyük ehtiyacı var: “Moskva küçələrində asfalt və daş plitələr qoymaq üçün müəyyən əmək vərdişləri Cənubi Qafqazda ermənilərdə, Mərkəzi Asiyada müəyyən qədər özbəklərdə var. Ucuz işçi qüvvəsi ilə bu işə sərf olunacaq pulu yarıya qədər azaltmaq və ya mənimsəmək mümkündür. Buna görə də Ermənistandakı iqtisadi gərginlik Rusiyaya sərf edir. Çünki bunun sayəsində Rusiyaya minlərlə ucuz erməni işçi qüvvəsi gəlir. Rusiyada bu insanlar tam qul kimi yaşayırlar. Çünki Rusiya və Ermənistan xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlanılırlar”.

Tarixçi-alim hesab edir ki, bu ucuz işçi kütləsi Ermənistan hakimiyyəti ilə qarşılıqlı razılaşmanın bəhrəsidir: «Ermənistanı bu bataqlıqda saxlamaq və bundan öz iqtisadi-siyasi maraqları üçün istifadə etmək! Serj Sərkisyanın “Qarabağ klanı” hakimiyyətdə olduqca, bu, belə də davam edəcək. Buna görə də hələ ki Ermənistanın Rusiyanın “tərkibindən ayrılması” haqda danışmaq tezdir".

*****

Şübhə yox ki, bu və başqa sərt həqiqətləri, eləcə də Qarabağ gerçəyini dünən Soçidə prezident Vladimir Putin öz vassalı Serj Sərkisyanın diqqətinə bir daha çatdırıb. Qalır, Soçi və Bakı görüşlərinin Qarabağ nizamlanmasına real təsirini gözləmək./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26