Interposta.Info

İslaholunmaz Jirinovskinin bəyanatına Bakıdan sərt təpkilər

Siyasət
 21-07-2017, 10:28     492

Fazil Mustafa: “Onun fikirləri Azərbaycanın da suveren hüquqlarına qarşı müdaxilədir, ona sərt reaksiya verməyimiz vacibdir”; Qabil Hüseynli: “Onun verdiyi bəyanatlar bir müddət keçdikdən sonra Rusiyanın rəsmi siyasətinə çevrilir, amma...”

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski növbəti dəfə keçmiş sovet respublikalarındakı münaqişələrin həlli ilə bağlı özünün “orijinal” ideyasını irəli sürüb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verib ki, Jirinovski Dövlət Dumasında jurnalistlərlə söhbətində bu münaqişələrin həllinin yeganə yolunun “bütün respublikaların yenidən vahid dövlətin tərkibinə qayıtması” olduğunu bildirib: “Bizdə Donbas, Dnestryanı, Abxaziya, Osetiya, Qarabağ əzab çəkir. Həll yolu birdir-ancaq vahid ölkənin bərpası, bunsuz qan və zorakılıq hələ onilliklər bundan sonra davam edəcək”.

LDPR lideri hesab edir ki, ölkələrin birləşməsi ancaq referendum yolu ilə olmalıdır. Onun fikrincə, keçmiş SSRİ-nin heç bir respublikası yenidən Rusiya ilə birləşib vahid ölkədə yaşamaqdan imtina etməz: “Referendum yolu ilə vahid böyük ölkə. Normal referendumda hamı, o cümlədən Pribaltika SSRİ sərhədlərinə qayıdacaq”.

LDPR lideri bundan əvvəl də bir neçə dəfə Qarabağ münaqişəsinin həll yolu kimi “Azərbaycan və Ermənistanın Rusiyaya birləşməsini” təklif edib.

Qeyd edək ki, V.Jirinovskinin bu cür bəyanat və çağırışları ilk dəfə deyil. Bu adam dəfələrlə keçmiş SSRİ respublikalarını Rusiyaya birləşdirməyə, bəzi bəyanatlarında isə Dağlıq Qarabağı, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişə bölgələrini Rusiyaya birləşdirməyə çağırıb. 2014-cü ildə isə V.Jirinovski Bakıda səfərdə olub, paytaxtın mərkəzi və tarixi küçələrində gəzib Azərbaycanı tərifləmişdi. Lakin buradan getdikdən bir müddət sonra yenidən Azərbaycanın əleyhinə danışmışdı. O zaman Jirinovskinin Bakıya gətirilməsini Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun təşkil etdiyi barədə xəbərlər yayılmışdı. Jirinovskini Bakı gəzintisində məhz Səməd Seyidov müşayiət edirdi. Lakin nə Jirinovskinin o zaman Bakıdan getdikdən bir müddət sonra Azərbaycan əleyhinə çağırışlarına, nə də son çağırışına S. Seyidovdan reaksiya olmadı.

Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tərəfi V.Jirinovskinin Azərbaycanın suverenliyi əleyhinə olan açıqlamaları ilə bağlı Rusiya tərəfinə etirazını bildirməlidir:

"Müstəqillik elə bir dəyərdir ki, hətta müəyyən dərəcədə Rusiya ilə münasibətlərin normallaşmasını istəyən qüvvələr belə, heç vaxt müstəqillikdən uzaqlaşacaq siyasət izlənməsinə maraqlı ola bilməzlər. O baxımdan da mən hesab edirəm ki, hansısa respublikada Jirinovskinin dediyi kimi Rusiyaya birləşmək referendumu keçirilməsi illüziyasının baş tutması mümkün deyil. Ona görə də biz çox vaxt Jirinovskiyə sərsəm fikirlər səsləndirən bir siyasətçi kimi yanaşırıq və bəzən onu çox ciddiyə almağa çalışmırıq. Amma ona, hər halda, cavab verilməlidir. Çünki Jirinovskinin fikirləri yekəbaşlıqdır və Azərbaycanın da suveren hüquqlarına qarşı müdaxilədir. Belə bir mövqe ilə heç barışmaq mümkün deyil, ona sərt reaksiya verməyimiz vacibdir. Etirazımızı bütün müstəvilərdə bildirməyimiz vacibdir".

F.Mustafa qeyd etdi ki, Jirinovskinin Azərbaycan barədə düşüncələrinin dəyişməsi üçün müəyyən addımlar atıldı və bu normal idi. Amma belə görünür ki, onun düşüncələri əvvəlki kimi qalır. Jirinovski keçmiş SSRİ respublikaları ilə bağlı çox anormal bir ideya səsləndirir və bu ideyanın reallaşması mümkün deyil: “Jirinovskinin hədəfi bir Azərbaycan deyil, digər respublikalar da onun hədəfidir. Bu adam imperiya düşüncəsinin daşıyıcısıdır. Onun islah olunacağını, dəyişəcəyini gözləmək sadəlövhlük olar”.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Vladimir Jirinovskinin açıqlamalarını həm də Rusiyanın arzusu kimi dəyərləndirmək mümkündür. Jirinovskinin əsasən Kremlin göstərişi əsasında danışdığını deyən Qabil Hüseynli bildirdi ki, Kremlin planlarında yeni SSRİ-nin yaradılmasının olması mümkündür: “Jirinovski nə qədər təxribatçı olsa da onun sözləri Rusiya xarici siyasətinin xətti ilə uyğun gəlir. Çox təhlükəli tendensiyadır. Bəzi insanlar Jirinovskini qeyri-ciddi adam, onun fikrilərini qeyri-ciddi fikirlər hesab etsələr də, mən əminəm ki, o, Kremllə razılaşdırmamış heç bir bu cür bəyanat vermir və verə bilməz. Əslində Vladimir Jirinovskinin bu bəyanatları Kremlin Azərbaycana və digər keçmiş sovet respublikalarına təzyiqi kimi qəbul edilməlidir. Diqqətli müşahidəçilər bilir ki, Jirinovskinin verdiyi bəyanatlar bir müddət keçdikdən sonra Rusiyanın rəsmi siyasətinə çevrilir”.

Bununla belə, Q.Hüseynlinin sözlərinə görə, Jirinovskinin və Rusiyadakı bir sıra qüvvələrin arzularının gerçəkləşməsi mümkün deyil. Çünki Rusiyanın özünün daxilində vəziyyət, eləcə də beynəlxalq birliklə münasibətləri getdikcə pisləşir. Rusiyanın özünün regionlarında mərkəzdənqaçma meyllərinin baş qaldırması daha çox ehtimal olunur. Odur ki, Rusiya gələcəkdə hazırkı sərhədlərini necə qorumaq istiqamətində daha çox məşğul olmalı ola bilər, nəinki keçmiş SSRİ respublikalarını özünə birləşdirməklə./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26