Interposta.Info

Postsovet məkanında daha bir qondarma “dövlət”

Siyasət
 20-07-2017, 10:04     519

Ekspert: “Zaxarçenko və özü kimi bir qrup rus şarlatanlar...”

Rusiyanın dəstəyi ilə Donbasda separatçılar "Malorossiya" adlı dövlət elan edəcəklərini bəyan ediblər. Rusiyanın bu “dövləti” tanıyacağı deyilir. Ukraynanın xarici işlər naziri Pavel Klimkin twitter səhifəsində bildirib ki, "Malorossiya"nın yaradılması Rusiyanın Donbasda abxaz ssenarisi tətbiq etməsidir. O qeyd edib ki, Ukrayna nümayəndə heyəti Gürcüstanda olan zaman Kreml çalışır ki, Donbasda abxaz ssenarisini tətbiq etsin. “Biz tərəfdaşlarımızla bunun reallaşmasına imkan verməyəcəyik” deyə Klimkin qeyd edib.

Bəs daha bir postsovet respublikasının ərazisindəki münaqişə ocağında qondarma “dövlət” elan edilməsi hadisəsinin Dağlıq Qarabağ məsələsinə hansısa formada təsiri ola bilərmi?

Eyni zamanda bu hadisə Ukraynada güclü müharibəyə səbəb olacaqmı?

Hərbi ekspert Üzeyir Cəfərov öncə bildirdi ki, Donbasda separatçıların belə bir addım atacaqları gözlənilən idi. Amma belə tezliklə olacağı gözlənilən deyildi. Görünür, rəsmi Moskva hadisələri bir qədər də sürətləndirməyə qərar verib: “Baxmayaraq ki, dünən tez-tələsik Rusiya siyasi rəhbərliyinin adından belə bir fikir səsləndirildi ki, bu, Zaxarçenko və ətrafı tərəfindən sərbəst qəbul edilən qərardır. Amma Moskva mediasının siyasi elita ilə bu ”gözlənilməz qərara" verdikləri reaksiyalardan da hiss olunur ki, “Malorossiya”nın yaradılması göstərişi Moskva tərəfindən verilib. Hətta Rusiya indi bir qədər gözləmə mövqeyi tutacaq və ola bilsin ki, bir müddətdən sonra bu qondarma qurumu da tanısın. Bu isə Rusiyanın onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdıracaq. Çünki özünə və beynəlxalq hüquqa hörmət edən dövlətlər heç vaxt Ukrayna kimi böyük dövlətlə münasibətlərinin korlanması üçün belə ağılsız addımlar atmaz. Rusiya özü-özünə problemlər yaratmaqda davam edir. Və bu hərəkətlərinə görə də ola bilsin ki, Ukrayna ilə təkcə söz savaşı deyil, güc müstəvisində də üz-üzə gəlsin. Hər şey mümkündür. Donbasda vəziyyət yaxın bir neçə ayda yenə gərginləşəcək və qan axacaq".

Hərbi ekspertin sözlərinə görə, maraqlıdır ki, separatçılar özləri də gözəl anlayırlar ki, bu əldəqayırma “dövlət”in heç bir perspektivi yoxdur və olmayacaq:
“Lakin ağılsız Zaxarçenko və özü kimi bir qrup rus şarlatanları, sanki narkotik təsir altında belə siyasi qərarlar verirlər”.

Ü.Cəfərov bildirdi ki, bu hadisə özlüyündə Dağlıq Qarabağdakı separatçılara da bir qədər ruh verə bilər, lakin bu müvəqqəti ruh yüksəkliyi olacaq: “Çünki onların arxasında birbaşa Rusiya dayanmır deyə, bunlar bir 3-4 gün bu məsələdən gen-bol danışıb yazacaqlar və məsələ bununla da yekunlaşacaq. ”Müstəqil dövlət" məsələsi belə asan olsaydı, yəqin ki, separatçı ermənilərə maddi və mənəvi dayaq olan Ermənistanın özü birinci addımı atardı-Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanıyardı. Onlar bilir ki, belə bir özbaşınalıq və özfəaliyyət çox faciəvi sonluqlara gətirib çıxara bilər. Donbasla bağlı yaxın aylarda təkcə güclü siyasi və hərbi müzakirələr deyil, eyni zamanda hərbi toqquşmaların da baş verəcəyini proqnozlaşdırıram. Hadisələrin inkişafı onu deməyə əsas verir ki, tez bir zamanda ola bilsin elə Zaxarçenkonun özünü fiziki aradan götürməklə bu prosesə ara verilsin. Ukrayna prezidenti də iyulun 18-də bu məsələ ilə bağlı çox sərt münasibət açıqladı. Düşünürəm ki, Donbas gec-tez Rusiyanın oyunlarından bezib, sakit və rəvan həyata qayıtmaq üçün Ukrayna tərəfi ilə barışmağa məcbur olacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26