Interposta.Info

Polkovnikdən erməni nazirə: Ordumuz hazırdır

Siyasət
 30-06-2017, 07:28     556

Ermənistanın müdafiə naziri Vigen Sərkisyanın çərşənbə günü İrəvanda jurnalistlərlə görüşü zamanı səsləndirdiyi fikirlər düşmən ölkənin təlaşda olduğunu bir daha sübut etdi. O, əmindir ki, Azərbaycan genişmiqyaslı müharibəyə başlamayacaq.

"Mən, demək olar, əminəm ki, genişmiqyaslı müharibə ola bilməz. Sadəcə, ona görə ki, Azərbaycan bu müharibə ilə Qarabağ məsələsini həll edə bilməz", - erməni müdafiə naziri deyib.


O hesab edir ki, genişmiqyaslı müharibənin nəticələri problemi hərb yolu ilə həll etmək istəyən tərəfin istədiyi istiqamətdə inkişaf etməyə də bilər.

"Əksinə, çox böyük risk var ki, genişmiqyaslı müharibə nəticəsində Azərbaycan dövləti və iqtisadiyyatına zərər vurula bilər", - o deyib.

Vigen Sərkisyan genişmiqyaslı müharibənin Ermənistana da böyük ziyan vura biləcəyini istisna etmir: “Bunların heç birini istisna etmək olmaz. Lakin bilərəkdən indiki şəraitdə genişmiqyaslı müharibəyə başlamaq Azərbaycan rəhbərliyi tərəfindən cəfənglik olardı. Lakin bu, heç də Azərbaycan tərəfindən müxtəlif təxribatlar, gərginlik yaratmaq, hədəfli atəşlərin mümkünlüyünü istisna etmir".

Müdafiə naziri xofunu gizlətməyərək, ölkəsinin daima hazır vəziyyətdə olmaqdan başqa çarəsinin qalmadığını da söyləyib.

Rusiyanın Azərbaycana silah verməsinə dair jurnalistlərin sualına cavab olaraq, nazir Rusiyanın Azərbaycana silah satmasına münasibətinin dəyişmədiyini deyib: “Azərbaycana istənilən silah tədarükünə münasibətim son dərəcə mənfidir. Bunun səbəbi sadəcə Azərbaycanın qabaqcadan hərəkətləri duyulmaz ölkə olmasıdır. Bu ölkədə demokratik nəzarət mexanizmləri olmadığına görə, onun aqressivlik dərəcəsi daxili və bəzən təhqiqata çətin tabe olan problemlərdən irəli gəlir".

Ermənistan müdafiə naziri eyni zamanda Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq proqramı çərçivəsində "müttəfiqlik prinsipi əsasında, Rusiyanın daxili qiymətləri ilə" Ermənistanın silahla təchiz edildiyini və bu proqramın həyata keçirilməsindən məmnun olduğunu bildirib.

Ekspertlər V.Sərkisyanın bu açıqlamalarının rəsmi İrəvanın narahatlığından doğduğunu düşünürlər. Göründüyü kimi, açıqlamalarının əvvəlində Azərbaycanın genişmiqyaslı hücuma keçməyəcəyini deyən erməni müdafiə naziri çıxışının sonuna doğru ölkəsinin daima hazırlıqlı olmasından söz açır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov düşmən ölkənin nazirinin açıqlamalarına bu cür reaksiya sərgilədi:
“Ermənistanın müdafiə naziri çaşqınlığını kameralar qarşısında açıq şəkildə büruzə verdi. Öz jurnalisti çox normal şəkildə ona sual verib, cavab istəyir. Deyir ki, guya son 10 gündə Azərbaycan tərəfi 8 əsgər itirib. Heç olmasa, o, əsgərlərdən bir-ikisinin adını Vigen Sərkisyan deyə bilər? O da mətbuat katibi Avanesyanın yolu ilə gedir. Olmayan şeyləri ölkəmizin adına deyir. Azərbaycan heç vaxt heç nəyi gizlətməyib. Nə mümkündürsə, onu göstərib. Azərbaycanın hücuma keçib-keçməmək qərarını nə Vigen Sərkisyan, nə də onun ağası verir. Bu qərarı Azərbaycanın Ali Baş Komandanı lazımi anda müdafiə nazirimizə verəcək, buna heç kəsin şübhəsiz olmasın. Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdədir. Keçirilən təlimlərdə onu göstərir ki, əsgərlərimiz torpaqlarımızı azad etmək üçün nə lazımdırsa onu öyrənir, praktiki şəkildə mənimsəyirlər. Rusiyadan aldığımız silahlarla bağlı müdafiə nazirinin dediklərinə gəldikcə isə, onlar son illərdə aldığımız müasir eləcə də, ötən ilin aprelində bellərini qırdığımız silahları gözdən salmaq üçün belə deyirlər”.

Hərbi ekspert bu tipli açıqlamaların əhəmiyyətsiz olduğunu da söylədi:
“Azərbaycan bu müddət ərzində kifayət qədər silahlar alıb, ordusunun da gücünü qaldırıb. Erməni müdafiə naziri digər məsələsini həll etsə daha yaxşı olar. Erməni müdafiə naziri elə gərgin vəziyyətdədir ki, ordusunun ağır vəziyyətini artıq ört-basdır etmək gücündə deyil. Azərbaycan ordusu mükəmməl şəkildə idarə olunur, ordumuz kifayət qədər təcrübə toplayıb. Vigen Sərkisyan qarşıdakı zamanda Azərbaycanın hələ elə silahlarını görəcək ki, biz onların çığırtılarına şahidlik edəcəyik. Hansı ölkələrdən modern silahlar aldığımızı da yaxşı görəcəklər. Azərbaycan nə qədər ki torpaqları işğal altındadır, öz təhlükəsizliyini qorumaq və ərazilərini azad etmək üçün əlindən gələni edəcək. Buna Ermənistanın siyasi və hərbi rəhbərliyinin şübhəsi olmamalıdır. Sözsüz ki, bu açıqlamaları erməni tərəfin önləyici tədbiri kimi də başa düşmək olar. Onlar çox məyus və narahatdırlar. Bu açıqlamalar daxili auditoriyaya hesablanıb. Guya 8 əsgərimiz ölüb, aldığımız silahlar da modern deyil. Əslində özləri də qəşəng bilirlər ki, bu gün Azərbaycanda olan silahların heç cüzi hissəsi də onlarda yoxdur. Biz tərəfi heç bunu gizlətmir də. Bu faktı heç vaxt gizli saxlamamışıq. Sadəcə onların narahatçılığı çox böyük olduğundan bu cür bəyanatlar verirlər. Amma belə bəyanatların heç bir çəkisi yoxdur. Yəni narahat olmağa zərrə qədər əsasımız yoxdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26