Interposta.Info

Prezidentlərin son - Peterburq görüşündən 1 il ötdü:

Siyasət
 21-06-2017, 10:05     539

Həmsədrlərin fiasko olan vasitəçilik missiyası fonunda müharibə amili sürətlə önə keçir; politoloq: “Qarabağ probleminin indiyədək həll olunmamasının əsas səbəbi ikili standartlardır”

Bu gün - iyunun 21-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son, Sankt-Peterburq görüşündən bir il ötür. Bu, sülh danışıqları tarixində kifayət qədər böyük pauzadır və şübhəsiz ki, ilk növbədə Dağlıq Qarabağ konflikti ətrafında situasiyanın pisləşməsindən, müharibə riskinin artmasından xəbər verir.

Ötən müddətin ikinci mühüm nəticəsi Dağlıq Qarabağ məsələsinin beynəlxalq güclər üçün hər halda, prioritet mövzu olmadığının təsdiqidir. Belə görünür, Rusiya və Qərbin diqqəti hələ bir müddət də Yaxın Şərq böhranına yönəlmiş qalacaq. Üstəlik, Suriya və digər məsələlərlə bağlı Rusiya ilə ABŞ arasında yaşanan və artmaqda olan gərginlik öz neqativ təsirini Qarabağ danışıqlarına da göstərməkdədir.

Keçən bir ilin əsas nəticəsi isə heç şübhəsiz, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasının tamamən fiasko olmasıdır. Bu müddətdə quru və növbətçi bəyanatlardan savayı, onların heç bir real təşəbbüsünün, işinin şahidi olmadıq. Həmsədrlər yalnız proseslərin arxasınca süründülər və sürünməkdə davam edirlər. Onların bölgəyə təzəcə başa çatmış son səfəri də bu qənaəti dəyişmədi.

Xəbər verildiyi kimi, həmsədrlər - Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) Bakıya srağagünkü ziyarəti ilə onların regiona növbəti səfər başa çatıb. Səfərin yekunlarına dair yaydıqları bəyanatda vasitəçilər budəfəki gəlişlərinin əsas məqsədinə belə aydınlıq gətiriblər: “Əsas məqsəd bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ probleminin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub. Bakıda aparılan danışıqlar zamanı həmsədrlər bu yaxınlarda - Azərbaycana səfərləri ərəfəsində, təmas xəttində itkilərə səbəb olmuş atəşkəs pozuntusundan dərin narahatlıqlarını bildiriblər. Onlar Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Onlar tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıblar”.

*****

Göründüyü kimi, diplomatların başlıca hədəfi atəşkəs zonasında nisbi sakitliyin, status-kvonun saxlanması olub - hansı ki, ən çox məhz Ermənistanın marağına cavab verir. Həmsədrlər bu dəfə də nizamlama prosesini irəli aparmaq, sülh danışıqlarını dalandan çıxarmaq üçün yeni və konkret heç bir təklif gətirməyiblər.

Bu, heç gözlənilmirdi də. Yəni yenə əliboş gəldikləri kimi, əliboş da geri qayıtdılar. Yalnız bəyanatda belə bir fikir vurğulanır ki, “prezidentlər həll prosesinin ən mübahisəli məsələləri üzrə kompromis tapmaq üçün siyasi dialoqu bərpa etmək niyyətlərini bəyan ediblər”.
Lakin siyasi dialoqun bərpası üçün ilk növbədə rəsmi İrəvanın xoş məram və ya konstruktiv yanaşma göstərməsi lazımdır. Çünki işğalçı tərəf Ermənistan, işğala məruz qalan isə Azərbaycandır. Əfsus ki, təcavüzkar ənənəvi taktikasına sadiqdir. Belə pozucu yanaşma diplomatların budəfəki səfəri öncəsi də özünü göstərdi.

Bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin həmsədrlərlə görüşdə dediyi bir fikir, daha dəqiqi, onlara etdiyi xatırlatma xüsusi diqqət çəkir. “Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik. Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz. Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür və baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır”, - prezident vurğulayıb.

*****

Bəs sülh danışıqlarında, status-kvo məsələsində müsbətə doğru dönüş nə vaxt baş verəcək, sülhün alternativi hesab edilən müharibədən qaçmaq mümkün olacaqmı? Siyasi ekspertlərin bu yöndə proqnozları təəssüf ki, ürəkaçan deyil. Bir neçə səbəbdən.

“Dağlıq Qarabağdakı vəziyyət hələ uzun müddət belə davam edəcək”.

Bu sözləri axar.az-a politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. O da həmsədrlərin regiona səfəri ərəfəsində ermənilərin daha da azğınlaşmasına və özəlliklə təmas xəttində müxtəlif təxribatlar törətməsinə diqqət yönəldib: “Ermənistan Azərbaycanı aqressiv dövlət kimi qələmə verməyə çalışır. Həmsədrlərin regiona səfəri ümidverici nəsə vəd etmir. Çünki bu səfər də heç bir pozitiv nəticə verməyəcək. Minsk Qrupu həmsədrləri ilk növbədə Ermənistanı ya konkret qəbul olunan qətnamələrin yerinə yetirilməsinə məcbut etməli, ya da hansısa yeni təkliflərlə çıxış etməlidirlər. Ancaq ikincidə Azərbaycan Ermənistanla bərabərləşdirilməməlidir. Çünki Bakı İrəvana güzəştə getmək fikrində deyil”.

Politoloqa görə, Dağlıq Qarabağda vəziyyət hələ uzun müddət ona görə belə davam edəcək ki, havadarları Ermənistanın başına sığal çəkir, dünya gücləri isə buna seyrçi qalır, hətta Azərbaycanı hansısa kompromislərə çağırırlar: “Bu isə region üçün olduqca təhlükəli vəziyyətdir. Ancaq Azərbaycan Ermənistana qarşı sərt addımlarını davam etdirəcək. Zənnimcə, danışıqlarla bərabər, yeni kənd və əraziləri azad etməliyik. Bakı sübut edəcək ki, bu səssizliyə əbədi dözməyəcək”.

Ekspert ABŞ-ın Rusiyanı yeni sanksiyalarla zəiflətməsi fonunda Qarabağ məsələsinin həllində hansısa irəliləyişin olacağına inanmadığını da söyləyib: “Çünki Rusiyanı zəiflətmək asan məsələ deyil. ABŞ Rusiyanı iqtisadi cəhətdən nə qədər zəiflətsə də, Kremlin maraqlarını məhv edə bilməyəcək. Əksinə, fikir verin, Rusiya müxtəlif regionlarda öz addımlarını daha sərt şəkildə atır. Rusiya Krım, Donbas, Abxaziya və Cənubi Osetiya, Dağlıq Qarabağdan heç vaxt əl çəkməyəcək. İndiki dönəmdə əsas məsələ digər həmsədr dövlətlərin niyə seyrçi mövqedə qalmasıdır. ABŞ və Fransa nədənsə sadəcə, müşahidə aparır. Üstəlik, Ukraynadan fərqli olaraq Azərbaycanla niyə belə oyunlar getdiyi də düşündürücüdür. Əgər həqiqətən də dedikləri kimi, məsələnin həlli ilə məşğul olsaydılar, onda Rusiya və Ermənistana qarşı sərt reaksiyanı görərdik. Problemin indiyədək həll olunmamasının tək səbəbi ikili standartlardır”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26