Interposta.Info

Azərbaycanı “İslam NATO-su”na çağıran ölkənin hərb naziri Bakıya gəlir -

Siyasət
 30-05-2017, 10:36     759

Ərəb dünyasında əsas müttəfiqimiz olan Səudiyyə Ərəbistanının müdafiə naziri Putinlə danışıqlardan dərhal sonra paytaxtımızda olacaq - əsas motiv; ərəb nazir Moskvadan Azərbaycana hansı mesajla gələcək, buradan nə aparacaq?..

Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn-Salman Rusiyaya səfərə hazırlaşır. Virtualaz.org-un “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, Moskvada o, prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Xəbərin Azərbaycanla bağlı özəlliyi isə odur ki, Putinlə danışıqlardan dərhal sonra ibn-Salman Bakıya gələcək.

Maraqlıdır ki, Kreml qarşıdakı danışıqlar barədə rəsmi məlumat verməyib. Gözlənildiyinə görə, danışıqlarda əsas mövzu Suriyadakı vəziyyət olacaq.

Məlumdur ki, Suriya məsələsində Rusiya və Səudiyyə Ərəbistanı əks mövqe tutur: əgər Moskva Bəşər Əsəd rejimini müdafiə edirsə, rəsmi Ər-Riyad, əksinə Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına çalışır. İŞİD terror qruplaşması isə ortaq düşmən sayıla bilər, ancaq bu məsələdə də siyasi maraqları hələ ki vahid cəbhə formalaşdırmağa imkan vermir.

*****

Moskvada digər aktual məsələlərin də diqqət mərkəzində olacağı istisna deyil. Söhbət nədən gedir?

Məsələ ondadır ki, ibn-Salmanın Moskva səfərindən az öncə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ prezidenti Donald Trampın iştirakı və təşəbbüsü ilə İslam sammiti keçirilib. Eyn zamanda “İslam NATO-su” ideyası gündəmə gətirilib - hansı ideya ki, ilk növbədə İranın, ardınca isə Rusiyanın bölgədəki köklü maraqları üçün təhlükə vəd edir və Tehranla Moskvanın narahatlığına səbəb olub.

Bundan başqa, Trampın səfəri zamanı ABŞ-la onun ərəb dünyasında əsas müttəfiqi Səudiyyə Ərəbistanı arasında misli görünməmiş bir məbləğdə - 360 milyard dollar dəyərində silah anlaşması imzalanıb. Həmin anlaşmanın 110 milyard dollarlıq hissəsinin dərhal reallaşması nəzərdə tutulur.

Bu, təbii ki, çox böyük anlaşmadır və bölgədə hərbi balansa təsir eləmək gücündədir. Ehtimal ki, Moskvada İŞİD-lə mübarizə mövzusu ilə yanaşı, regionda hərbi qüvvələr balansı da diqqət mərkəzində olsun.

*****

Ər-Riyaddakı sammitdə “İslam NATO-su” və ya “İslam ordusu” ideyası ətrafında da diskussiya gedib. Yada salaq ki, ötən il “İslam ordusu” təşəbbüsü ilə çıxış edən Səudiyyə Ərəbistanı Azərbaycana da müvafiq dəvət göndərmişdi. Bakının isə bununla bağlı rəsmi cavabı hələ ki yoxdur. O da diqqətçəkicidir ki, İslam sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Bir sıra ekspertlər bu faktı Bakının İranla yanaşı, Rusiyaya da xəfif xəbərdarlıq mesajı kimi qiymətləndiriblər.

Onu da unutmayaq ki, Səudiyyə Ərəbistanı ərəb-müsəlman dünyasında Azərbaycanın əsas müttəfiqi, İslam Əməkdaşlıq Təşkilatının 3 mühüm dövlətindən biridir. Bu ölkə məhz Dağlıq Qarabağ və daha 7 rayonun işğalına görə hələ də Ermənistanla diplomatik əlaqələr qurmayıb, ümumiyyətlə, Ermənistanı dövlət kimi tanımır.

Bu mənada Azərbaycan rəsmi Ər-Riyadın təklif və xahişlərinə neytral, laqeyd yanaşa bilməz. Ehtimal ki, Bakı görüşlərində bu məqamlar da konfidensial söhbətlərin mövzusu olsun. Üstəlik, Səudiyyə Ərəbistanı müdafiə nazirinin Moskva görüşlərindən dərhal sonra Bakıya gəlməsi diqqət çəkməyə bilməz. Yəni əslində gündəlikdə hərbi məsələlərlə bağlı bir uzlaşma zərurətinin durduğu hiss olunur. Hətta ola bilsin, saatlar təzədən “Bakı vaxtı” ilə tutuşdurulsun.

Hər necə olmasa, son illər Azərbaycan paytaxtı həm də qlobal məsələlərlə bağlı bir dialoq məkanına çevrilib ki, bu da ölkəmizin geosiyasi önəminə verilən qiymət sayıla bilər. Bu önəm rəsmi Bakının xarici siyasətdə, o sırada Dağlıq Qarabağla bağlı kursunda manevr imkanlarını artıra bilər.

*****

Bir şeyi yəqinliklə qeyd eləmək olar ki, Səudiyyə Ərəbistanı müdafiə naziri Moskvadan Bakıya “əliboş” gəlməyəcək. Nəzərə alsaq ki, Moskvadan Bakıya səfər edəcək şəxs məhz hərb naziridir, o zaman Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ilk növbədə hərbi və hərbi-texniki əməkdaşlıq, o sırada həmçinin silah ticarəti mövzularının diqqətdə saxlanılacağını söyləmək olar.

Bu sıraya “İslam NATO-su” mövzusunu da əlavə eləmək mümkündür. İstisna deyil ki, Məhəmməd ibn-Salman Güney Qafqazın yeganə müsəlman ölkəsi kimi Azərbaycanın “İslam NATO-su”na qoşulmasına Moskvanın da reaksiyasını öyrənəcək, Bakıda isə o, məsələyə Azərbaycan rəhbərliyinin konkret münasibətini bilməyə çalışacaq.

Sonda onu da əlavə edək ki, ABŞ Qarabağ münaqişəsinə görə Azərbaycan və Ermənistana silah satmır. Lakin Səudiyyə Ərəbistanının belə bir öhdəliyi yoxdur. Üstəgəl, o, Ermənistanı dövlət kimi tanımır. Bu xüsusda Ər-Riyad hər şeyə rəğmən, Bakıya istənilən silahı verə də bilər.
Ümumiyyətlə, sevindiricidir ki, son illər iki dövlət arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bunu Bakıdakı ərəb turistlərin çoxunun məhz S.Ərəbistanından olması faktı da təsdiqləyir. İnsani əlaqələr isə siyasi-hərbi əlaqələrin də möhkəmlənməsinə xidmət edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26