“Dağlıq Qarabağın idarəçiliyi müvəqqəti olaraq BMT-yə verilməlidir”
Ziddiyətli proqram, yoxsa real həll variantı?
interposta.info xəbər verir ki, son vaxtlar Dağlıq Qarabağ ətrafında vəziyyət mürəkkəbləşib və müxtəlif təkliflərin irəli sürülməsi intensivləşib. Artıq 29 ildir davam edən Azərbaycan-Dağlıq Qarabağ-Ermənistan münaqişəsi ATƏT çərçivəsində həllini tapmır. Uzun-uzadı davam edən danışıqlar heç bir konkret səmərə vermir. Beynəlxalq birlik isə, Azərbaycan torpaqlarının işğalına göz yummaqda davam edir. Bəs nə etməli?
Dağlıq Qarabağ münaqişəsinin həll variantı mümkündürmü? ATƏT-in Minsk qrupundan nəsə gözləməyə dəyərmi?
interposta.info bildirir ki, “Şimal xəbərləri” qəzetinin əməkdaşı bu suallarla Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevə müraciət edib. Müsahibimiz bir sıra ciddi məqamlara toxunub və maraqlı açıqlamalarla çıxış edib. “Dağlıq Qarabağ münaqişəsinə müxtəlif prizmalardan baxmaq olar. Münaqişənin həll variantı müxtəlif dövrlərdə müxtəlif yanaşmalar tələb edib. Məsələn, qarşıdurma Sovetlər Birliyi dövründə başlayıb. Həmin vaxt bunun elə SSRİ daxilində həll yolu tapılmalı idi. 1988-1991-ci illəri əhatə edən bu dövr ziddiyətli olsa da, Azərbaycan rəhbərliyi münaqişənin həllinə çox bəsit yanaşdı. Yəqin hamının yadındadır. “AZTV”-ni erməni mahnıları bürümüşdü, “Azərnəşr”də tələm-tələsik erməni dilində kitablar buraxılırdı, Azərbaycan ziyalılarının əksəriyyəti müxtəlif məktublar yazaraq Moskvaya sübut etməyə çalışırdılar ki, Ermənistanın mövqeyi düzgün deyil. Tarix kitabları vərəqlənirdi, müxtəlif tarixçi və yazıçılardan sitatlar gətirilirdi. Mən heç də o dövrdə insanların çəkdiyi zəhməti yerə vurmaq istəmirəm. Lakin 70 il SSRİ-nin tərkibində olmuşuq. Kimə nəyi sübut edirdik axı? Məgər Moskva bilmirdi ki, bu münaqişə qarşı tərəfdən başlayıb? Tarixçilərimiz və alimlərimiz ermənilərlə aramızda olan münaqişənin köklərindən bixəbər idilər? SSRİ-nin o vaxtki rəhbərliyi bizə düşmən idi. O hər vəchlə, o cümlədən, yenidənqurma adı altında imperiyanı dağıdırdı. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr SSRİ daxilində millətlərarası münaqişənin başlamasında maraqlı idilər. Çoxları deyir ki, SSRİ-nin çökməsi Dağlıq Qarabağdan başlayıb. Bu da həqiqətdir. Əslində isə Sovetlər Birliyi daxilində belə bir layihə Qazaxıstanda sınaqdan keçirilmişdi. 1986-cı ildə bu respublikaya Kolbin soyadlı və milliyətcə rus olan bir şəxs birinci katib təyin edildi. Buna etiraz olaraq minlərlə gənc Almatanın meydanlarına axışdı. Hərbçilərlə qarşıdurmalarda ölən və yaralananlar oldu. Lakin dekabrda baş vermiş bu hadisə Qazaxıstanda ruslarla qazaxlar arasında milli münaqişə ilə nəticələnmədi. 1989-cu ildə Özbəkistanda eyni soydan olan özbəklərlə ahıska türkləri arasında süni qarşıdurma yaradıldı. Xeyli ahıska türkü öldürüldü və yurdundan didərgin düşərək Azərbaycana pənah gətirdi. Qazaxıstan və Özbəkistan sakitləşdi. Lakin Dağlıq Qarabağ qaynar qazana çevrildi. Çünki Qarabağ münaqişəsinin digərlərindən fərqli olaraq tarixi kökləri vardı. Onun ssenarisini hazırlayanlar da bunu bilməmiş deyildilər. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da münaqişənin həllində ciddi səhvlər buraxıldı. Ölkədə baş vermiş hakimiyyət boşluğundan, siyasi qarşıdurmalardan istifadə edən daşnaklar himayədarlarının köməyi ilə torpaqlarımızın xeyli hissəsini işğal etdilər. Bişkek protokolu imzalananadək Azərbaycanı tamamilə diz çökdürmək istəyirdilər. Amma Bakı-Tiflis-Ceyhan neft kəmərinin ortalığa çıxması vəziyyəti dəyişdi. Həmin vaxt Rusiyada da ciddi siyasi iradəyə malik hakimiyyət yox idi. Azərbaycan rəhbərliyi yaranmış geosiyasi durumdan məharətlə istifadə etdi. 1993-cü ilin iyun hadisələrindən ruhlanan Rusiyadakı bəzi dairələr cəbhədəki qarşıdurmanı daxili qarşıdurma ilə əvəz etdilər. 1994-cü ilin oktyabr və 1995-ci ilin martında baş verənlər sıradan bir hadisə deyildi. Bu çevriliş cəhdlərində təkcə Rusiya yox, İran, hətta Türkiyənin bəzi siyasi dairələri də maraqlı idilər. Məhz sonuncu iki çevriliş cəhdi baş tutmayandan sonra ölkədə siyasi sabitlik yavaş-yavaş öz axarına düşdü”.
Müsahibimiz bildirir ki, Azərbaycan xalqı az qala əmin idi ki, neft əvəzinə Qarabağ prinsipi əsas götürüləcək. Bunu ABŞ və Qərbdən gözləyirdi. Lakin heç də belə olmadı. Qafqaz regionunda hegemonluq uğrunda mübarizə aparan güclər münaqişə ocağının qalmasında maraqlı oldular. “Mən bir daha demək istəyirəm ki, müxtəlif dövrlərdə dünyada, eləcə də, MDB məkanında baş verən hadisələr fonunda münaqişəyə yanaşma da müxtəlif olub. Məsələn, Azərbaycanda bir sıra siyasətçilər iddia edirdilər ki, ölkədə tam demokratik və açıq vətəndaş cəmiyyəti olacağı təqdirdə Qarabağ problemi həllini tapacaq. Bu kökündən yalnışdır. Götürək Gürcüstanı. Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra bu respublikada vətəndaş cəmiyyəti və demokratiya bərqərar oldu, korrupsiya və rüşvətə qarşı böyük bir mübarizə başladı. Qafqazın tarixində ilk dəfə olaraq ABŞ prezidenti C. Buş bu ölkəyə səfər etdi. M. Saakaşvili Gürcüstan ordusunu NATO standartlarına uyğunlaşdırmaq üçün ABŞ hərbi inspektorlarını respublikaya yığdı. Bəs, axırı nə ilə qurtardı? Öz ərazisini işğaldan azad etmək istəyən M. Saakaşvili 2008-ci ilin avqustunda rüsvay oldu. Nəinki Cənubi Osetiya və Abxaziyanı azad etdi, əksinə, həmişəlik itirdi. Rusiya hərbi təyyarələri az qala Tiflisi bombardıman edəcəkdilər. Əsəbi halda qalstukunu çeynəyən Saakaşviliyə bəzi siyasi liderlər yardım etməsəydilər özü də məhv olacaqdı. Bəs ABŞ və Qərb niyə kömək etmədi? M. Saakaşvilini Kremlə düşmən edən və onu daim Rusiya ilə qarşıdurmaya sürükəyən qüvvələr nə üçün ona dəstək vermədilər? Belə çıxır ki, bəzi siyasətçilərin qeyd etdiyim kimi demokratiya və vətəndaş cəmiyyəti haqqında irəli sürdüyü tezislər sadəcə bir nağıldır.Gürcüstan rəhbərliyini isə siyasi oyuna saldılar. Dünyadakı güclər hansı ölkədə bu prinsiplərə əməl olunub-olunmadığının fərqində deyillər. Öz siyasətlərinə uyğun olaraq istədikləri ölkəni demokratik və yaxud qeyri-demokratik ölkə adlandırırlar. Bu prizmadan yanaşanda təbii ki, Azərbaycan iqtidarı Gürcüstan hadisələrini ciddi təhlil edərək nəticə çıxarmamış deyil. Onun öz ölkəsini dünya güclərinin siyasi poliqonuna çevirməmək üçün tutduğu yol düzgün qiymətləndirilməlidir”.
M. Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar maraqlı açıqlamalar da verdi. “Təbii ki, mənimlə razılaşmayanlar çox olacaq. Hətta bəziləri deyəcəklər ki, rayonda oturub böyük dövlətlərin həll edə bilmədiyi məsələyə baş qoşuram. Mən bir vətəndaş olaraq təkliflərimi deyirəm. Ola bilsin ki, yanlışlığa da yol verərəm. Amma kimin üçünsə səhv görünən təklifləri özüm üçün məqbul hesab edirəm. Təxminən 10 il əvvəl “Dağlıq Qarabağda sülh təşəbbüsü” adlı bir proqram hazırlayıb xarici işlər nazirliyinə və ictimai müzakirəyə təqdim etmək istəyirdik. Lakin müəyyən obyektiv səbəblər üzündən bunu edə bilmədik. Mən bu məsələ barəsində qısa məlumat verəcəyəm. Əvvəla onu qeyd edim ki, ATƏT-in Minsk qrupu yaranandan indiyədək onun fəaliyyətinin qəti əleyhinəyəm. Çünki bu oyuncaq qurum əvvəlində müxtəlif ölkələrin paytaxtlarının və şəhərlərinin adlarının olduğu prinsiplər irəli sürməkdən başqa bir işə yaramır. Ən maraqlısı budur ki, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin rəhbərləri bəyan edirlər ki, münaqişəni Azərbaycan və Ermənistan prezidentləri həll etməlidirlər, bu problemdən çıxış yolu iki ölkə başçısının siyasi iradəsindən asılıdır. Başa düşə bilmirəm, işğalçı da məlumdur, işğala məruz qalan da. Siyasi iradəni Ermənistan rəhbərliyi nümayiş etdirib işğal olunmuş torpaqları azad etməlidir. Siyasi iradə də məhz ondan tələb edilməlidr. Bunun Azərbaycana nə dəxli var ki? Nə isə. Proqramın qısa məzmunu bundan ibarətdir ki, Azərbaycan-Dağlıq Qarabağ-Ermənistan münaqişəsinin yalnız BMT çərçivəsində həlli variantına keçilir, ATƏT-in Minsk qrupu ləğv edilir. Əlimizdə BMT-nin dörd qətnaməsi var. Biz onların icrası üçün çalışmalıyıq. Mübahisəli olsa da, deyəcəyəm. Bizim təkliflərimizə görə, Dağlıq Qarabağın idarəçiliyi üç illiyə(maksimum beş) BMT-yə keçirilir. BMT Dağlıq Qarabağa komendant təyin edir. Hər iki tərəfdən təmas xəttindənki bütün hərbi qüvvələr tam geri çəkilir. Dağlıq Qarabağla Azərbaycanın inzibati sərhəddinə BMT-nin sülhməramlıları yeridilir. Bu həm də Dağlıq Qarabağla Ermənistanın sərhədlərinə də şamil olunur. Region tam hərbisizləşdirilir. Azərbaycan Ermənistanın blokadasını aradan qaldırır, məcburi köçkünlər öz yerlərinə qayıdırlar. Buna paralel qondarma Dağlıq Qarabağdakı bütün idarəetmə strukturları ləğv edilir. Azərbaycan və erməni icmalarının rəhbərləri komendantın müavinləri seçilirlər. Komendant Dağlıq Qarabağın rayonlarına müvəqqəti səlahiyyətli nümayəndələrini təyin edir. Bu strukturlarda hər iki icma təmsil olunur. İctimai asayişi yalnız BMT sülhməramlıları qoruyur. Bu müddət ərzində əhalidəki və qondarma respublikanın ordusundakı bütün silahlar yığılır. Komendantlıq beynəlxalq standartlara cavab verən, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını müəyyən edən referenduma və paralel olaraq icra və seçkili strukturların yaradılmasına hazırlıq görür. Referenduma əhaliyə dünyada mövcud olan yüksək muxtariyyat növlərinin bir neçəsi(məsələn, Tatarıstan, Başqırdıstan və s) təqdim olunur. Referendumdan dərhal sonra muxtariyyatı idarə edən icra strukturları və seçkili qurumların yaradılmasına start verilir. Bu müddət ərzində Azərbaycan və Ermənistan prezidentləri, Dağlıq Qarabağın komendantı və onun hər iki xalqı təmsil edən icma rəhbərləri vaxtaşırı görüşlər keçirirlər. BMT-nin komendantlığı və sülhməramlıları bölgəni yalnız yerli icra və özünüidarəetmə orqanları yaradıldıqdan bir il sonra tərk edirlər. Bu bizim hazırladığımız “Dağlıq Qarabağda sülh təşəbbüsü” proqramının çox qısa izahıdır. ”
Şimali Qafqaz üzrə ekspertin fikrincə, ATƏT-in Minsk qrupunun indiki fəaliyyəti yolverilməzdir. Çünki uzun-uzadı yorucu danışıqların və səfərlərin artıq heç bir əhəmiyyəti yoxdur. Münaqişənin həlli yeni müstəviyə keçməlidir. 25 ildir heç bir nəticə verməyən danışıqlardansa konkret həll variantı üzərində işləmək lazımdır. Tərəflərin silahlanmasının sonu isə böyük fəlakətə gətirib çıxaracaq müharibədir.
29 05 2017
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26