Interposta.Info

Xramçixin ermənilərin ümidini məhv etdi:

Siyasət
 10-05-2017, 14:45     584

Rusiya Qarabağ savaşına müdaxilə etməyəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.

“Mən dəfələrlə Rusiya-Ermənistan vahid ordu qruplaşmasının Qarabağ konfliktinə müdaxiləsi sualına cavab vermişəm. Bu nə qədər paradoksal görünsə də, hətta Ermənistan belə Qarabağın müstəqilliyini tanımayıb. Əgər müharibə Ermənistan ərazisinə müdaxiləyə səbəb olmasa, o zaman Rusiya Qarabağ savaşına müdaxilə etməyəcək. Əgər hərbi fəaliyyətlər Ermənistan ərazisində də aparılsa, o zaman qruplaşmanın Qarabağ cəbhəsinə cəlb edilməsi mümkündür. Müharibənin Qarabağla məhdudlaşacağı təqdirdə isə Rusiya konfliktə müdaxilə etməyəcək”, – deyə o bildirib.

Ermənistandakı 102-ci bazanın Rusiyaya tabe olduğunu bildirən ekspert bunun Türkiyəyə qarşı yaradıldığını söyləyib:

“Ermənistandakı 102-ci baza Rusiya Cənub Hərbi Dairəsinin tərkib hissəsidir. Onun birbaşa rəisi Cənub Hərbi Dairəsinin komandanıdır. Bu baza əmrləri Rostov Dondan alır. Müharibə zamanı nə olacağı məsələsinə gəlincə isə təkrar edirəm ki, hər iki ölkənin prezidenti ortaq qərar qəbul etməlidir. Yalnız bundan sonra qruplaşmanın komandirləri hərəkətə keçəcəklər. Məncə, 102-ci baza hərbi əməliyyatlar zamanı İrəvanın komandanlığına verilə bilər, amma bunun üçün də qərar ortaq qəbul edilməlidir.

102-ci baza Türkiyənin qarşısının alınması üçün yaradılıb. Vahid ordu qruplaşmasının məqsədi də Türkiyənin Qarabağ konfliktinə müdaxiləsinin qarşısını almaq, Azərbaycanın Qarabağdakı qüvvələrlə başbaşa qalmasını təmin etməkdir. Aydındır ki, buradakı qüvvələr Ermənistan ordusuna güclü şəkildə inteqrasiya olunublar, amma formal olaraq müstəqildirlər”.

Ekspert həmçinin Türkiyənin Naxçıvanda hərbi baza yaratmaq ehtimalının reallaşmaq imkanında olduğunu da bildirib.

Qeyd edək ki, 5 mayda Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, Ermənistan ordusunun general-mayoru Andranik Makaryan keçirdiyi mətbuat konfransında Qarabağda vəziyyətin gərginləşməsi halında rəhbərlik etdiyi qoşunların Dağlıq Qarabağa yeridilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya lideri Putin ona Qarabağa qoşun yeritməmək üçün əmr verə bilməz, çünki bu, nizamnamədə nəzərdə tutulmayıb.

Rusiyalı ekspertlər isə Makaryanın bu açıqlamasının həqiqətə uyğun olmayan daxili auditoriyaya hesablanmış siyasi çıxış adlandırıblar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26