Interposta.Info

Ədalətsiz vasitəçilər “triosu”:

Siyasət
 22-04-2017, 10:02     477

Azərbaycanın 1 nömrəli müttəfiqi - Azərbaycan ordusu, müdafiə naziri cəbhədə “döyüşə hazır ol!” əmrini verdi; rusiyalı hərbi ekspert düşməni məyus etdi: “KTMT-nin Qarabağ öhdəliyi yoxdur”; Ermənistanın müdafiə naziri isə Qarabağda ölməyə erməni axtarır...

İki gün sonra işğalçı Ermənistan və dünya erməni lobbisi saxta erməni soyqırım iddiasının növbəti - 102-ci ildönümünü qeyd edəcək. Sirr deyil ki, ermənilər Türkiyəyə qarşı bir əsrdən çoxdur uydurduqları bu sərsəm iddia vasitəsilə dünyanın gözündə qardaş ölkəyə qarşı ərazi iddialarına bəraət qazandırmağa çalışırlar. Ermənilərin başqa bir hədəfi isə əlbəttə ki, bu yolla Dağlıq Qarabağın və daha 7 rayonumuzun işğalına haqq qazandırmaq, Azərbaycan torpaqları hesabına Ermənistan adlı saxta dövlətin ərazisini daha da genişləndirməkdir.

Əfsuslar olsun ki, xristian amili və başqa bu kimi səbəblər üzündən beynəlxalq birliyin əhəmiyyətli bir kəsimi erməni yalanlarına uyub. Söhbət öncəliklə bir sıra xristian ölkələrindən gedir. Təsadüfi deyil ki, qondarma genosidi tanıyan dövlətlərin mütləq əksəriyyəti də məhz xristian dünyasına aiddir.

Ən acınacaqlısı odur ki, uydurma məsələni tanıyan dövlətlərdən ikisi - Fransa və Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləri, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası daşıyan ölkələrdir. Üçüncü vasitəçi dövlət - ABŞ isə qondarma soyqırımı tanımasa da, işğalçı Ermənistana simpatiyasını da gizlətmir. Həmçinin hər üç dövlətdə Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəliyinin fəaliyyət göstərməsi də öz-özlüyündə az şey demir.
*****
Azərbaycan bax, illərdir belə bir ədalətsiz vasitəçilər “triosu” ilə üz-üzədir. Yəni biz nə şimaldan ədalət uma bilirik, nə də Qərbə və okeanın o tayına bel bağlaya bilirik. Kaş ki, zamanında qardaş və müsəlman Türkiyənin vasitəçi üçlükdən uzaqlaşdırılmasına, onu ermənipərəst Fransanın əvəzləməsinə imkan verməzdik. Bunu şərt kimi qoyaydıq ki, vasitəçilikdə heç olmasa, nisbi balans saxlanaydı.

Əfsus şans əldən buraxıldı. İndiki vəziyyətdə isə yeganə yolumuz öz hərbi qüdrətimizi və silahlı qüvvələrimizin döyüş qabiliyyətini durmadan artırmaq, qardaş Türkiyə və Pakistan başda olmaqla, dost-müttəfiq ölkələrlə əlaqələrimizi daima daha yüksək səviyyəyə qaldırmaqdır.
Ancaq bir Qarabağ qazisinin tam haqlı olaraq dediyi kimi, Azərbaycanın bu məsələdə ən böyük müttəfiqi - onun öz ordusudur. Ordu, ordu, yenə də ordu! Hamımız bu 1 nömrəli müttəfiqimizin - silahlı qüvvələrimizin günü-gündən qüdrətlənməsi, ordumuzun döyüş qabiliyyətinin daha da qaldırılması üçün əlimizdən gələni etməliyik - harda yaşamağımızdan, Azərbaycanda və ya onun xaricində olmağımızdan asılı olmayaraq. Bir az da bu işdə xain qonşularımızın təcrübəsindən də istifadə eləməliyik.
*****
Hərbi və döyüş qabiliyyətimizin artırılmasında söz yox ki, vaxtaşırı keçirilən və döyüş şəraitinə maksimum yaxınlaşdırılmış böyük təlimlərin də özünəməxsus yeri var. Təbii ki, düşmən təkbətək qarşidurmada, hərb meydanında Azərbaycanla bacara bilmıyəcəyinin fərqindədir. Odur ki, getdikcə Rusiyaya daha çox sığınır, onun Ermənistanda möhkəmlənməklə bağlı yeni-yeni şərtlərini qəbul edir.

Erməni tərəfi indi də deyəsən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibi postuna rotasiya qaydasında erməni generalın gətirilməsinə müəyyən ümidlər bağlayır. Lakin əksər siyasi və hərbi ekspertlər bu ümidlərin əsassız olduğu qənaətindədir.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir ölkənin səyləri ilə yaradılmış müdafiə strukturudur”.

Bunu “168 Jam” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib (Axar.az). O, KTMT-yə üzv ölkələrin Rusiya ilə sıx əlaqədə olduğunu bildirərək, daha sonra deyib: “Bu təşkilata üzv ölkələrin ümumi hədəfləri yoxdur. Burada Belarus və Ermənistanı və yaxud Qazaxıstan və Ermənistanı az şey bağlayır. Bu ölkələr həm də Azərbaycanla dərin əlaqələrə malikdirlər. Bu səbəb ucbatından onlar KTMT-nin baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin təyin edilməsindən qaçmağa və ya Bordyujanın Qarabağla bağlı açıqlamasını danmağa çalışırdılar. Ona görə ki, bu ölkələrə Qarabağ konfliktinə müdaxilə, Qarabağa və ya Ermənistana Azərbaycanla savaşmaq üçün ordu göndərmək lazım deyil. KTMT-də belə problemlər olmaya da bilər. Çünki Qarabağ Ermənistan deyil və KTMT-nin onun qarşısında heç bir öhdəliyi yoxdur”.

Ekspertin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində situasiyanın gərginləşdiyi vaxtda bu məsələ ilə bağlı konsensus olmayacaq. “Yeni təyin olunmuş baş katib isə Ermənistanın yox, KTMT-nin gündəmini idarə etmək öhdəliyini götürüb. Ermənistan bu təyinatdan yalnız təşkilatın strukturunda bir az yüksək vəzifə almaqdan başqa heç nə əldə etməyəcək. Bu, sadəcə protokol vəzifədir. Qərarı Rusiya tərəfi öz tərəfdaşlarının iştirakı ilə qəbul edir. Üstəlik, bu vəzifə KTMT-dən istifadə edərək, Ermənistanın təhlükəsizlik problemlərini daha eşidilən etmək, onları Ermənistanın nöqteyi-nəzərindən təqdim etmək imkanı da yaradacaq. Bu qadağan edilməyib və Ermənistan nümayəndəsi bunları edə bilər. Belarus və Qazaxıstanın Ermənistana qarşı mövqeyini nəzərə alsaq, bunun necə nəticələr verəcəyini söyləmək çətindir”, - deyə hərbi analitik əlavə edib.
*****
Yəni işğalçı ölkəni KTMT ümidləri də əslində bir illüziyadır. Düşmən ölkə beləcə, öz hərbi xarakterli problemlərini KTMT vasitəsilə qismən həll eləmək niyyəti güdsə də, reallıqlar bunu istisna edir. Həmin problemlər arasında orduya çağırışçı problemi öndə gəlir.
“Ermənistan hakimiyyəti və generalları etiraf etməsələr də, son illərdə cəbhə bölgəsində üzləşdikləri itkilərin yerini doldurmaqda çətinlik çəkirlər”. Ermənistan Müdafiə Nazirliyinin ön cəbhədəki əsgər çatışmazlığının qarşısını almaq üçün “10 min dollar ölüm” təklifini şərh edən politoloq Elxan Şahinoğlu bu qənaətdədir.

Siyasi şərhçi bunun obyektiv səbəblərinin olduğunu düşünür: “Birincisi, gənclər Ermənistanı tərk edirlər, onlar Dağlıq Qarabağda ölməmək üçün ya Rusiyaya işləməyə gedirlər, ya da Qərb dövlətlərinə mühacirət edirlər. İkincisi, Ermənistanın əhalisi onsuz da azalır, Azərbaycanın isə əksinə artır, yaxınlarda sayımız 10 milyona çatacaq. Bu tendensiya Ermənistanı narahat edir, döyüşməyə adam tapmaqda çətinlik çəkirlər. Ermənistan Müdafiə naziri Viqen Sərkisyan bu vəziyyətdən çıxış yolu kimi yeni ideya irəli sürüb: ”Könüllü surətdə döyüş bölgələrində 3 il hərbi xidmət keçən hər gəncə xidməti bitirdikdən sonra 10 min dollar ödənəcək". Başqa sözlə, Ermənistanın müdafiə naziri gənclərə pulsuz ölməməyi təklif edir. Bu ideya yaxınlarda parlamentdə qanun şəklinə gələcək. Görək Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?"

Politoloq bir məqama da diqqət yetirməyi lazım bilir: “Azərbaycanın insani potensialı kifayət qədərdir, döyüş bölgəsində xidmət problemimiz yoxdur. Aprel döyüşləri də göstərdi ki, az qala bütün əhali döyüşə atılmaq istəyir”.

Yada salaq ki, ötən il Ermənistan parlamenti öldürülən erməni əsgərlərinin ailələrinə dövlət səviyyəsində maddi yardım göstərmək üçün əhalinin cibinə girmək anlamı verən qanun qəbul edib. Həmin qanuna görə, hər bir işləyən erməninin gəlirindən ayda 1000 dram yuxarıda deyilən məqsəd üçün tutulacaq. Bütün bunlar bir daha işğalçı ölkənin Azərbaycanla açıq savaşa, müharibəyə hazır olmadığını, buna canlı və başqa resurslarının yetmədiyini göstərir.
*****
Yazı hazırlanarkən məlum oldu ki, Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövrünün birinci rübündə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib.

Son təlimlərin nəticələrini də təhlil edən nazir bildirib ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib. Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan nazir hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib. İclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26