Interposta.Info

Azərbaycan müxalifəti Putinə inanırmı...

Siyasət
 13-04-2017, 09:49     417

Müxalifət liderləri keçmişi unutmur

Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyev Vesti.FM-in canlı efirində bir neçə gün öncəki Bakı səfəri və prezident İlham Əliyevlə iki saatlıq görüşündən danışarkən Rusiya ilə Azərbaycan arasında partnyorluq münasibətlərinə də toxunub: “Mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz, İlham Əliyev etiraz etdi, dedi ki, ”Putin heç vaxt satmaz". Və mənim etiraz etməyə sözüm yoxdur".

Azərbaycanın birinci şəxsi Rusiyanın birinci şəxsinə inandığını bu şəkildə ortaya qoyub. Bəs Azərbaycanın müxalifət partiyalarının birinci şəxsləri necə, onlar Vladimir Putinə, onun-Rusiyanın Azərbaycanı nə vaxtsa satacağına inanır, yoxsa inanmır?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Rusiyanın rəhbərinin kim olmasından asılı olmayaraq, Rusiyanın dövlət maraqları, dövlət siyasəti var: “Bu maraqlara və siyasətə uyğun olaraq istənilən addımı Rusiya həmişə atıb. Bundan sonra da atacağı bəllidir. Ona görə də istənilən dövlətlə, istənilən dövlət liderləri ilə münasibətlərdə Azərbaycanın maraq və mənafelərini öndə tutub, bu maraqları maksimum qorumağa çalışmaq lazımdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə dedi ki, satmaq və ya satmamaq məsələsini şəxsi sədaqət, dostluğun nə dərəcədə səmimi olub-olmaması müəyyən edir: “İlham Əliyevlə Vladimir Putinin şəxsi dostluğunun nə dərəcədə davamlı olduğunu mən xarakterizə edə bilmərəm. İlham Əliyev-Vladimir Putin münasibətlərində nə qədər sədaqətli olduqlarını və bir-birinə qarşı mövqeyində, rəhbərlik etdikləri ölkələrə münasibətdə nə qədər sistemli, ardıcıl, sədaqətli olacaqlarını onların özləri dəqiq bilirlər. Lakin başlıca olaraq Putin yox, Rusiya prezidenti Azərbaycanı satarmı şəklində suala gəldikdə, Rusiya hər zaman Azərbaycanı öz maraqları üçün satıb, bundan sonra satacaq. Rusiya hər bir dövlətə qarşı onu öz maraqlarına tabe etdirmək üçün istənilən zaman istənilən addımı atar.
Azərbaycan müxalifəti Putinə inanırmı...

Əgər tarixə fikri versək, SSRİ dönəmində bizim büdcəyə verdiklərimiz, İkinci Dünya müharibəsində Rusiyanın yanında olmağımız və rolumuz, ondan sonrakı dönəmdə iqtisadiyyata verdiyimiz pay və digər məqamları nəzərə alsaq, Rusiya bizim yanımızda olmalı idi, Ermənistanın yanında olmamalı idi. Amma fakt budur ki, Ermənistanın yanında oldu. Deməli, on illər boyu bütün etdiklərimizə rəğmən Rusiya bizi satdı. Ona görə deyirəm ki, Rusiyanın dövlət marağı tələb etdiyi vaxtda nəinki Azərbaycanı, hətta ərazisində yaşayan qeyri-rusları da sata bilər. Amma yenə deyirəm, Putinin satmağına gəlincə, bu, sədaqət məsələsidir. Buna isə mən qiymət verə bilmərəm”.
Azərbaycan müxalifəti Putinə inanırmı...


ADP sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, Solovyevin dediyindən də bəlli olur ki, İlham Əliyev Rusiyaya yox, Putinə inandığını dolayısı ilə ortaya qoyub: “Tarixdə acı təcrübələr var ki, Rusiya öz maraqlarına görə müttəfiqlərini satıb. Həmişə belə olub. Ona görə də mən Rusiyanın Azərbaycanı heç vaxt satmayacağına inanmıram. İstər 1-ci Pyotrın, istər çar Nikolayın, istər Vladimir Leninin, istər Boris Yeltsinin vaxtında Rusiyanın Azərbaycanla bağlı siyasətində dəyişiklik olmayıb. Həmişə çalışılıb ki, Azərbaycan istismar və işğal olunsun. Pyotrun apardığı siyasəti Lenin davam etdirib, Leninin apardığı siyasəti isə indi Putin davam etdirir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26