Interposta.Info

Avropa Birliyi Ermənistan üçün həm təhlükə, həm də təhlükəsizlik mənbəyi imiş - erməni politoloqlarının rəyi...

Siyasət
 27-03-2017, 13:38     472

Ermənistan siyasətçiləri və siyasi ekspertlər Ermənistan və Avropa Birliyi arasında tamhəcmli və geniş əməkdaşlıq haqqında sazişin paraflanması ilə bağlı ilə ehtiyatlı və narahatlıq dolu bəyanatlar səsləndirirlər.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı “Konrad Adenauer” fondunun təşkil etdiyi tədbirdə müxtəlif fikirlər ifadə edilib.

“Bu ikitərəfli prosesdir və hakimiyyət tərəfindən piar olaraq təqdim olunmur”, - hakimiyyətdə olan Respublika partiyasından olan deputat Karin Bekaryan qeyd edib.

Ermənistanın Avropa Birliyi ilə inteqrasiyasına tərəfdar sayılan partiyalarından “Azad demokratlar”ın nümayəndəsi Anjela Xaçatryan sənədə ehtiyatlı yanaşıb.

Onun sözlərinə görə, göstərilən sənəd heç bir iqtisadi müddəanı nəzərdə tutmur: “Sənəd gizli saxlanılır və onun heç bir müddəası hələ dərc olunmayıb. Lakin bizim Avrasiya İqtisadi İttifaqında olmağımız nəzərə alınsa, burada iqtisadi elementlərin nəzərdə tutulması mümkün deyil. Bunu Avropa Birliyinin nümayəndələri də təsdiq edirlər”.

Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin sədri, “Tsarukyan” blokundan deputatlığa namizəd Ararat Zurabyan bu sazişi ölkə üçün təhlükə hesab edib:

“Avropa Birliyi ilə assosiasiya haqqında sazişi Ukrayna kimi qüdrətli dövlət də imzaladı. Baxın, görün, onun başına nə oyun gətirdilər. Zəif və kövrək Ermənistan üçün isə bu əməlli-başlı fəlakətə çevrilə bilər”.

“Erməni dirçəlişi” partiyasından olan deputatlığa namizəd Mger Şahgəldiyan isə paraf olunan sənədə ən çox məhkəmə sisteminin və demokratik institutların təkmilləşdirilməsi baxımından vacib olduğunu qeyd edib.

“Birtərəfli xarici siyasət dövləti müstəmləkəyə sürükləyir və hakimiyyətin əl-qolunu bağlayır. Yeni sənəd buna qarşı həyata keçirilən mexanizm ola bilər”, - Ermənistan Dövlət Universitetinin Avropa araşdırmaları mərkəzinin rəhbəri Artur Kazinyan bildirib.

Başqa bir ekspert, erməni türkoloq Varujan Geqamyan isə məsələyə ayrı nöqtədən yanaşıb.

Geqamyan Türkiyə və Avropa Birliyi arasında münasibətlərin gərginləşməsinin Ermənistana mənfi təsir edəcəyini düşündüyünü söyləyib.

Onun sözlərinə görə, Türkiyə getdikcə Avropanın təsirindən uzaqlaşır və Türkiyə-Ermənistan münasibətlərində daha müstəqil davranmağa başlayıb.

“Türkiyə-Ermənistan münasibətlərində heç bir yaxşılaşma gözlənilmir. Bundan başqa, iki ölkə arasında dialoq qurulmasında körpü rolunu oynayan üçüncü qüvvə (AB-red.) sıradan çıxmaq üzrədir. Türkiyə indi bu məsələlərdə özünü daha azad və rahat hiss edəcək. Əgər əvvəllər Avropa Birliyi Ankara və İrəvan arasında siyasi dialoqun qurulmasına kömək edirdisə, indi Türkiyə və Ermənistan üz-üzə qalıb”, - Geqamyan qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26