Interposta.Info

İşğalçını ayaqda saxlayan paytaxtlar -

Siyasət
 16-03-2017, 09:53     523

Qarabağa dair ədalətli qətnamələri unutdurmağa və sıfırlamağa hesablanmış təşəbbüslərin pərdəarxası; politoloq: "Bakı Ermənistanın irəli sürdüyü prinsipləri heç vaxt qəbul etməyəcək...”


Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının bunca uzun sürməsinin kökündə sözsüz ki, həm də xristian amili, daha doğrusu, xristian təəssübkeşliyi dayanır. Heç şübhəsiz ki, həm də bu amildən məharətlə yararlanan erməni tərəfi on illərdir BMT başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qətnamələrini qulaqardı edir, beynəlxalq təzyiqlərdən yayınır.


Beləcə, sanksiyalarla üzləşməli olan Ermənistan tam əksinə, gizli-açıq şəkildə himayə olunmaqdadır. Müşahidələr göstərir ki, qardaş Türkiyəyə qarşı qondarma soyqırım iddiasından istifadə edən bir çox Qərb paytaxtları Azərbaycana münasibətdə də Qarabağ "rıçaqı”ndan kontur-təzyiq vasitəsi kimi istifadə edir. Hər halda, belə olmasaydı, Krımın ilhaqına görə 3 ildir Rusiyaya maliyyə-iqtisadi sanksiyalar tətbiq edən ABŞ və Avropa Qarabağ separatçılarına və erməni işğalçılarına da sərt üzünü göstərər, öz ərazilərində separatçıların rahat mənzillənməsi və səfərlər eləməsinə şərait yaratmaz, təcavüzkar Ermənistana da sanksiyalar tətbiq edərdi.


Yəni Qarabağ nümunəsində, Azərbaycana münasibətdə də biz demokratiya paytaxtlarının beynəlxalq hüquq normalarına yenilməz sayğısını müşahidə etməli idik, daha "Qarabağ məsələsi başqa münaqişələrdən fərqlənir” kimi demaqogik bəyanatlar eşitməzdik. Yəni yenə əksini görürük.


Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər naziri” David Babayanın bugünlərdə Yunanıstana rahatca səfər edib, orada silsilə görüşlər keçirməsi, yunan dövlətində təmtəraqla qarşılanması dediklərimizə sübutdur. Belə olan təqdirdə işğalçı tərəf niyə də özünü Azərbaycan sarıdan daha arxayın və cəzasız hiss eləməsin, Qarabağ məsələsində barışmaz mövqedən çıxış eləməsin ki?

 

***


Təsadüfi deyil ki, bu arada Ermənistan prezidenti Serj Sərkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh danışıqlarında iştirakdan nümayişkaranə imtinasını növbəti dəfə absurd səbəblərlə izah etməyə çalışıb və Azərbaycanın ünvanına yeni ultimativ bəyanatla çıxış edib. Yada salaq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi sülh danışıqlarını əvvəlki formatlarda və əvvəlki gündəliklə davam etməkdən imtina edir.


"Ermənistan heç vaxt Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlardan imtina etmir və İrəvan yüksək səviyyədə yeni görüş imkanını müzakirə etməyə hazırdır, əgər Bakı əvvəlki görüşlərində nail olunmuş razılığı yerinə yetirəcəksə”. Ermənistan prezidenti Serj Sərkisyan bunu ispan agentliyi EFE-yə müsahibəsində Azərbaycanla münasibətlərin normallaşdırılması perspektivinə toxunarkən deyib (virtualaz.org).


S.Sərkisyanın sözlərinə görə, Ermənistan danışıqlar masasına yalnız atəşin dayandırılması rejiminin pozulması hadisələrinin araşdırılması üçün mexanizmin yaradılması halında qayıdacaq. Lakin bəllidir ki, Azərbaycan öz işğal edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərində belə mexanizmin yaradılmasından prinsipial olaraq imtina edir və tələb irəli sürür ki, işğalçı Ermənistan qoşunlarını özünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə çəksin. Əks halda, bu, işğal rejiminin möhkəmlənməsi, hazırkı cəbhə xəttinin legitimləşməsi demək olar ki, buna da Azərbaycan heç vaxt razı olmaz.


Müsahibə zamanı Sərkisyan, həmçinin Azərbaycanı hədələyərək, İrəvanın qondarma "DQR”in müstəqilliyini tanıyacağını da istisna etməyib: "Təsəvvür edin ki, indiki şəraitdə Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Bu, danışıqlara son qoyacaq. Və məlum olduğu kimi, danışıqlara alternativ müharibədir”. Hərçənd o əlavə edib ki, hər şey konkret vəziyyətdən asılıdır. Ermənistan öz mövqeyini dəyişə bilər. "Mən dəfələrlə demişəm: əgər Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi hərəkətləri yeniləyəcəksə, biz müstəqilliyi dərhal tanıyacağıq”, - deyə erməni prezident vurğulayıb.


***


"Ermənilər hər dəfə sülh danışıqlarında yeni bir məsələ ortaya atırlar. İndi də dəfələrlə razılaşdırılmış məsələləri yenidən müzakirə obyektinə çevirmək istəyirlər”. Bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Sərkisyanın Fransa səfərində Dağlıq Qarabağın status məsələsinin ön plana salınması hər şeyi alt-üst edir.


"Ermənistan prezidentinin Fransa səfərində Madrid prinsipləri irəli sürülüb. Azərbaycan yalnız yenilənmiş Madrid prinsipləri əsasında problemin həllinə razıdır. Bu məsələnin əsas nüansları da ondan ibarətdir ki, 7 rayon mərhələ-mərhələ qaytarılır. Bu, 5+2 variantı üzrə də həll edilə bilər. Ancaq həmsədr ölkə Fransanın mövqeyi danışıqlar prosesini bütünlüklə pozur. Status məsələsinin ortaya atılması o deməkdir ki, Dağlıq Qarabağın statusu həll ediləndən sonra ermənilər rayonların geri qaytarılmasını və bütövlükdə sülh prosesini tamamilə poza bilərlər”, - deyə politoloq qeyd edib.


Onun fikrincə, məsələdə ardıcıllıq belə olmalıdır: "Təcavüzkar işğal edilmiş ərazilədən çıxmalıdır. Ermənistanın təcavüzkar elan edilməsi BMT-nin qərarlarında öz təsdiqini tapıb. Əgər vəziyyəti işğalçı diktə edəcəksə və öz şərtlərini irəli sürəcəksə, Fransa da bunu müdafiə edəcəksə, bu, danışıqlar yox, birbaşa diktə prosesidir. Bu, Azərbaycanın hüquqlarının tamamilə heç sayılması və Ermənistanın bir növ hərtərəfli müdafiəsi deməkdir. Azərbaycan heç cür Ermənistanın irəli sürdüyü və Fransanın müdafiə etdiyi prinsipləri qəbul etməyəcək. Beləliklə də bölgədə müharibə təhlükəsi gündəmdə qalacaq”.

 

***


Məlum olduğu kimi, Ermənistan prezidenti martın 8-də Parisdə fransalı həmkarı Fransua Ollandla görüşüb. Görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib. Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının sədri Murad Papazyan erməni mətbuatına müsahibəsində bildirib ki, Olland görüşdə Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərinin əsas götürülməsini vurğulayıb və Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirmək üçün referendumdan sonra 5 rayonun Azərbaycana qaytarılmasını irəli sürüb.


Olland Sərkisyanla görüşündən sonra hətta sülhə qarşı çıxılan hallarda müşahidə və xəbərdarlıq edilməsi, sanksiyaların tətbiqi üçün mexanizmin hazırlanmasına dair bəyanat da verib. Azərbaycan isə təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsinin əleyhinədir. Çünki bu, deyildiyi kimi, işğal rejimini legitimləşdirməyə, Qarabağa dair ədalətli qətnamələri sıfırlamağa və Azərbaycanın öz qanuni torpaqlarını azad eləmək üçün əl atacağı sonuncu vasitədən - hərb variantından onu məhrum etməyə yönəlib. Rəsmi Bakı təbii ki, heç vaxt buna razılıq verməyəcək./musavat.com

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26