Interposta.Info

Türkiyə-Azərbaycan-Rusiya ittifaqı bizə nə fayda verə bilər -

Siyasət
 13-03-2017, 08:54     479

Türkiyə-Azərbaycan-Rusiya ittifaqı bizə nə fayda verə bilər -
Elxan Şahinoğlu: “Bu formatda iştirak etməklə Azərbaycanın da maraqlarını ön plana qoyuruq”

Martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən sonra Türkiyə-Rusiya-Azərbaycan üçlü ittifaqının yaradılacağı anonsunu verib. Ərdoğan bildirib ki, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Türkiyə-Rusiya-Azərbaycan ittifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə ediblər.

Bəs bu ittifaq Azərbaycana nə verəcək?

interposta.info bildirir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu ittifaqın yaradılması Azərbaycan üçün faydalıdır:
“Dağlıq Qarabağ məsələsi ilə bağlı inanmıram ki, Rusiya hər hansı bir addım atıb Ərdoğanın çağırışını eşitsin. Lakin ittifaqın yaradılması ilə bağlı Ərdoğanın çağırışına Rusiya razı ola bilər. Əvvəlcə onu qeyd edək ki, indi də Azərbaycanın üçlü ittifaqlarda olduğu formullar var. Belə ki, bizim Türkiyə-Gürcüstan, Türkiyə-İran, Türkiyə-Türkmənistan və İran-Rusiya ilə üçlü ittifaqımız var. Haqqında danışılan ittifaq yaradılarsa, artıq bu, beşinci olur. Hesab edirəm ki, bu, müəyyən qədər uğurlu formuldur. Çünki Rusiya ilə Türkiyə arasında münasibətlər getdikcə yenidən inkişaf edir. Təyyarə hadisəsindən sonra artıq prezidentlər dördüncü dəfədir ki, görüşürlər və iqtisadi əlaqələr də artıb. Eyni zamanda Suriya məsələsində də artıq iki dövlət ciddi əməkdaşlıq edirlər. Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyə malikdir, ortaq iqtisadi layihələrimiz var. Həmçinin Rusiya ilə də münasibətlərimiz mövcuddur. Baxmayaraq ki, Rusiyanın işğalçı Ermənistana verdiyi dəstək, xoşumuza gəlmir”.

Politoloq ittifaqın Azərbaycan üçün uğurlu olmasının səbəblərini aşağıdakı kimi izah edib:

“İşğalçı Ermənistanın regional siyasətdə heç bir uğuru yoxdur. Azərbaycanın iştirakı ilə beş üçlü formulu saydım. Ermənistanla bağlı belə bir formul yoxdur. Çünki heç bir dövlət Ermənistanla üçlü əməkdaşlıq formatında bir araya gəlmək istəmir. Eyni zamanda Ermənistan heç bir regional layihənin də iştirakçısı deyil. Bu baxımdan da Rusiya-Türkiyə-Azərbaycan formulunun işə düşməsi Ermənistana növbəti mesaj olacaq ki, bu formatdan da kənarda qaldınız. Yaradılacaq üçlü formatda əsas müzakirə mövzuları iqtisadiyyat, ticarət və ortaq layihələrdir. Azərbaycanın isə irəli sürüləcək çox layihələri var. Bir çox regional layihələrdə Azərbaycanın iştirakı yüksək səviyyədədir. Ermənistan isə mövcud siyasəti, iqtisadi vəziyyəti ilə bu kimi layihələrdən kənarda qalıb. Hətta Rusiya belə onun bu kimi layihələrə qatılmasına ”yaşıl işıq" yandırmır. Çünki bilir ki, Azərbaycanla müqayisədə Ermənistanın heç bir iqtisadi gücü yoxdur. Məsələyə imic baxımdan yanaşdıqda da Türkiyə-Rusiya-Azərbaycan ittifaqının işə düşməsi bizim xeyirimizədir".

Politoloq Qərbin bu ittifaqa göstərə biləcəyi münasibət barəsində də fikir bildirib: “İnanmıram ki, bu ittifaq Qərbin Azərbaycana qarşı hansısa aqressiv münasibətinə səbəb olsun. Çünki bundan öncə də yuxarıda qeyd etdiyim kimi Azərbaycan üçlü formatların iştirakçısı olub. Əksinə, Qərbdə də başa düşürlər ki, Azərbaycan coğrafi mövqeyinə görə, Rusiya və İranla normal münasibətlər qurmaq məcburiyyətindədir. Qərbdə buna normal yanaşırlar. Azərbaycan lazım olanda digər formatlarda da müəyyən fəaliyyətlərini ortaya qoyur. Vacib olan Azərbaycanın milli təhlükəsizlik maraqlarıdır. Düşünürəm ki, bunu Qərbdə anlayırlar. Çünki bu formatlara rəğmən Azərbaycanın Qərblə də münasibətləri var. Avropa İttifaqı ilə bu il ərzində də strateji sənədin hazırlanması prosesi sürətlənməlidir. Həmçinin Vaşinqtonla da çox sıx əlaqələrə malikik”.

E.Şahinoğlu bildirib ki, Rusiya ilə Türkiyə arasında təyyarə hadisəsindən sonra yaranan gərginliyin yumşaldılmasında Azərbaycanın rolu olsa da, indi vəziyyət başqadır: “Rusiya ilə Türkiyənin münasibətlərinin düzəlməsində Azərbaycan və Qazaxıstanın rolu olub. Ancaq indi Rusiya və Türkiyə artıq əlaqələrini qurublar. Hədəfləri ticarət mübadiləsini 100 milyard dollara çatdırmaqdır. Təyyarə böhranından öncə də onların heç bir vasitəçiliyə ehtiyacları yox idi. İndi onların birbaşa baş qərargah rəisləri təmas qururlar. Azərbaycanın isə böyük maraqları, Suriya və digər bölgələr üçün planları yoxdur. Bizim əsas məqsədimiz öz milli və təhlükəsiz maraqlarımızı qorumaq, işğal faktına son qoymaqdır. Biz bu formatda iştirak etməklə Azərbaycanın da maraqlarını ön plana qoyuruq. Bəlkə gələcəkdə Rusiya-Türkiyə-Azərbaycan hansısa birgə ortaq layihələri olar ki, bu da bizim xeyrimizə nəticələnər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26