Interposta.Info

Bakı-Tehran əməkdaşlığı yeni mərhələdə -

Siyasət
 7-03-2017, 09:05     478

Bakı-Tehran əməkdaşlığı yeni mərhələdə -

Tofiq Zülfüqarov: “Azərbaycan prezidentinin bu səfəri vaxtında həyata keçirilib”; Vüqar Bayramov: “Növbəti illərdə Tehran üçün ən azı, iqtisadi baxımdan Ermənistanın önəmi xeyli azala bilər”

“Son zamanlar İranın Cənubi Qafqazda fəallığı artıb. Bu fəallıq həm Azərbaycan istiqamətində hiss olunur, həm də narahatlıq doğuran məqam budur ki, Ermənistanla əməkdaşlıqda fəallıq var”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu İran-Azərbaycan münaisbətlərini, prezident İlham Əliyevin Tehrana son səfərini “Yeni Müsavat”a şərh edərkən söylədi.

Sabiq nazir Tehranda Ermənistanla əməkdaşlıq etmək istəyənlərin olmasını da təbii saydığını vurğuladı: “Başa düşürəm ki, İranda müxtəlif dairələr var. Onların bir hissəsi düşünür ki, Ermənistanla yaxınlıq, Azərbaycanla konfrontasiya yolu İrana xeyir gətirər. Ancaq digər dairələr isə - inanıram bu dairələr çoxluq təşkil edir - onlar Azərbaycanla əməkdaşlıq etmək istəyir. Bu əməkdaşlıq inkişaf edir və perspektivlər var”.

T.Zülfüqarov Rusiya, Azərbaycan-İran formatında üçtərəfli əməkdaşlığın da faydalı olduğunu vurğuladı. Həmçinin Rusiya, Azərbaycan-Türkiyə formatında bəzi perspektivlərin olduğunu söylədi: “Azərbaycan prezidentinin bu səfəri vaxtında həyata keçirilib. Müzakirə olunan məsələlər də bizim maraqlarımıza uyğundur. Bizim mövqeyimiz bəllidir. İstərdik ki, İranla münasibətlərimiz yaxşı olsun. Çünki bu ölkə bizə yaxın bir ölkədir və təbii ki, dövlət maraqlarımız onu diktə edir ki, İranla münasibətlərimizi inkişaf etdirək”.

“Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafı və xüsusən də nəqliyyat dəhlizinin reallaşması hər iki dövlətin iqtisadi maraqlarına uyğundur. Bu, xüsusən də Azərbaycanın qeyri-neft sektorundan gəlirlərinin artırılması baxımdan vacibdir”.

Bunu isə iqtisadçi ekspert Vüqar Bayramov söylədi. Onun sözlərinə görə, iki ölkə arasında bir müddət öncə soyuqlaşan münasibətlərin yenidən bərpası istiqamətində atılmış addım geniş müzakirələrə səbəb olub: "Xüsusilə də İranın işğalçı Ermənistanla intensivləşən əlaqələri, düşmən ölkəni ayaqda saxlamağa çalışan addımları Bakıda haqlı narahatlıq doğurmuşdu. Ancaq bir çox ekspertlər müsəlman qonşumuzla normal münasibətlərin alternativini görmürlər. Hesab olunur ki, Tehranla məsafə saxlamaq Ermənistana bu ölkə ilə hərtərəfli əlaqələr qurmaq üçün meydan vermək deməkdir. Ona görə də Azərbaycan ən müxtəlif yollarla bu ölkə ilə əlaqələrin davamlılığına çalışmalıdır. Üstəlik, Azərbaycan İran bazarını əldə etməklə iqtisadiyyatına yeni nəfəs gətirə bilər".

V.Bayramova görə, Azərbaycan prezidentinin İran səfəri iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını bir daha gündəmə gətirib: “Cənub qonşumuza tətbiq edilən sanksiyalar yumşaldıldıqdan sonra İran region üçün aparıcı bazarlardan birinə çevrilməkdədir. 78 milyon istehlakçı, 1.459 trilyon dollar Ümumi Daxili Məhsul və 63 milyard dollarlıq idxalı ilə İran cəlbedici iqtisadi tərəfdaşdır”.

“Azərbaycanla İran arasında iqtisadi münasibətlər hansı səviyyədə inkişaf edə bilər” sualına cavab olaraq ekspert bunları bildirdi: “Əvvəla, iki ölkə arasındakı rəsmi ticarət dövriyyəsi mövcud münasibətlərin səviyyəsini xarakterizə etmir və təbii ki, bu dövriyyənin artırılması olduqca vacibdir. Ticarət dövriyyəsi cəmi 123 milyon dollardır. Halbuki bu göstərici 10 il öncə yarım milyard dollardan çox idi. Deməli, ticari əlaqələrin genişləndirilməsi vacibdir. Azərbaycan bir sıra sənaye məhsulları ilə İran bazarına çıxış imkanı əldə edə bilər. İkincisi, İran turizm sahəsində ciddi tərəfdaş ola bilər. İranlılar üçün sekulyar Azərbaycan yalnız Novruz bayramında deyil, eyni zamanda ilin digər fəsillərində də cəlbedici turizm destinasiyasıdır. Bu isə real valyutanın ölkəyə daxil olması baxımdan əlverişlidir. Üçüncüsü, İran kiçik və orta miqyaslı sənaye sərmayəsində yaxşı tərəfdaş ola bilər. Əczaçılıq, avtomobil və eləcə də qida sənayesində başlanılan əməkdaşlıq buna misaldır. İranın xarici sərmayəçi kimi Azərbaycanın qeyri-neft sektorunda investisiyalarının həcminin artırılmasına ciddi şəkildə ehtiyac var. Dördüncüsü, Azərbaycan İrana investisiya etmək istəyən xarici sərmayədarlar üçün baza ölkəsi rolunu oynaya bilər. Bir sıra Qərb şirkətləri əsas ofislərini Azərbaycanda yaratmaqla, yəni ölkəmiz üzərindən İrana investisiya yönəldilməsinə nail olmaq mümkündür. Nəhayət, İran regional enerji və nəqliyyat dəhlizlərində Azərbaycanla tərəfdaşlıq edə bilər. Bütövlükdə uzun müddət sanksiyalara məruz qalan cənub qonşumuzun indi Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi imkanları heç də az deyil”.

V.Bayramov bu fikirdədir ki, tərəflərin sərmayə mübadiləsi imkanları da genişdir: “İranın regional enerji layihələrində xüsusən də Cənub Qaz Dəhlizində iştirakının müzakirəsi də gələcəkdə istisna edilmir. Təbii ki, İranla iqtisadi əməkdaşlıq eyni zamanda Qarabağ münaqişəsinin ədalətli həlli baxımından da vacibdir. Bununla belə, gözlənilir ki, İran növbəti dövrdə də Ermənistanla əlaqələrinin indiki səviyyəsini saxlamaqla regiondakı mövqeyini tənzimləməyə çalışacaq. Amma İranla əməkdaşlığımızın genişləndirilməsi növbəti illərdə Tehran üçün ən azı iqtisadi baxımdan Ermənistanın önəmini xeyli azalda bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26