Interposta.Info

“Trampı xəfifə almayın, cənablar!” –

Siyasət
 7-02-2017, 18:39     592

“Trampı xəfifə almayın, cənablar!” –
Bir gün britaniyalı jurnalist dünya futbol tarixində “qızıl top”u alan yeganə qapıçı – Lev Yaşındən soruşub ki, bütün karyeranız boyunca rastladığınız ən təhlükəli futbolçu kim olub? Dahi qapıçı düşünmədən cavab verib: “Kazbek Tuayev”. “Niyə?” - “Çünki, bu adam topu hara vuracağını özü belə bilmir”.

İndi bənzər misalları Tramp üçün çəkirlər. Sadəcə fərqli meydanda-siyasətdə. Ki, tutduğu qələmi ha tərəfə fırladacağı bəlli deyil, bütün dünyanın nəzəri son 1 ayda oval kabinetin abstrakt qərarlarına dikilib, beynəlxalq siyasətdə ritm pozğunluğu var, hamı səksəkədədir və s.

Belə baxanda görüntü etibarilə deyilənləri təsdiqləmək olar. Adam 17 günlük karantin müddətində müsəlmanlardan başlayıb, yanıbaşındakı Meksikaya qədər irəliləməyə macal tapıb. Birinə viza embarqosu hörüb, digərinə sərhəd divarı. Üstəlik, məmur yerdəyişmələrindən tutmuş (bu darmacalda) Federal məhkəmə ilə arasında olan anlaşılmazlığa qədər – hər şey skandaldı, səs-küylüdür. Sükutla qarşılanan adi bir qərar belə yoxdur.

Fəqət bütün bu gedişat çılğınlıq, siyasi naşılıq və ya özünütəsdiq cəhdidirmi? – Düşünmürəm.

Əslində, Tramp ilkin mərhələdə debütant kimi görünməyə cəhd edir. Özü. Qəsdən! Çün, ona bu lazımdır. Diqqət edin, seçki öncəsi ən çox müzakirə olunan məsələ nə idi? – Rusiya ilə yaxınlaşma. Deyilmi? Təpkilər də ona görə idi ki, Amerika siyasətinin təməl prinsiplərində (Demokratlar tərəfindən başlanmasına rəğmən) sapma olmasın, dünyanın faktiki gücü - Rusiya 4 illik “zəhmət”dən sonra yenidən dirçəlməsin, ələlxüsus da neftin qiyməti qalxmasın. Və bu məqamda Tramp baxdı ki, yuxarı bığdı, aşağı saqqal. Mükəmməlcə oynamaq lazımdır.

O bunu bacardı...

Görün adam neyləyir. Bir anti-müsəlman qərarı ilə Rusiya məsələsini nəinki amerikalılara, bütün dünyaya unutdurur, ictimai rəyi 180 dərəcə dəyişir. Beləcə Putini rahatladır və həm də dünya mediasında özünə qarşı bu kontekstdə gedən yazıları, manşetləri səngidir. Üstəlik, paralel olaraq manevr üçün zaman qazanır, (çünki Rusiya “taym aut” götürüb, qərarsız halda gözləyir) altdan-altdan “ana xətt”i yeridir. Başqalarını kənara qoyaq, elə ancaq Timoşenko ilə məxsusi səhər yeməyi + müzakirə predmetinin mətbuata açıqlanmaması məncə analitiklərə çox şey deməlidir. Və ya Trampın son bir həftədə telefon açdığı siyasi liderlərin ardıcıllığına diqqət edin: 99 faizi qatı anti-putinçidir. Amma boynuna nəsə qoymaq, ittiham etmək olarmı? Yox, təbii. Adam yeni seçilmiş Prezidentdir, protokol və etiket qaydası ilə iltifata girir.

Neftin qiymətində necə“ana xətt”ə xəyanət varmı? – O da yoxdu. Stabil qalıb. Hərçənd yeni komanda ilə bağlı qənaətlər fərqli idi. Bəs, Orta və Yaxın Şərq kritikalarına münasibətdə? Yenə eyni istiqamət, eyni strategiya. Şablon ritorikadan o yana keçilmir. FED-in kriteriyalarında qlobal təmərküzləşmə (işsizlik faizinin - uçot dərəcə qiymətləndirməsində kölgə faktoruna çevriləcəyi ilə bağlı), ardınca da “dollar inqilabı” gözlənilirdi. Baş verdi? – Vermədi. Rusiyanın üzərindən sanksiyalar qalxdı? – Xeyr. Vəziyyət dəyişməzdir. Fəqət, bir fərqlə: faktiki hakimiyyət öz üzərində Obama administrasiyasına olan qıcığı daşımır. Əzəli düşmənə qarşı yeni dövrün “Qızıl gül” diplomatiyası tətbiq olunur. (Buna el arasında pambıqla baş kəsmək deyirlər).

Trampın siyasəti “Batiskaf siyasəti”dir. Yerin üstündə möhkəmlənir, suyun altı ilə irəliləyir. Görünməz şəkildə. Ayrıca, çox gözəl anlayır ki, Amerikanın Klinton dövründən sonra yürütdüyü açıq, aqressiv siyasət fayda perspektivini itirib. Qəddafinin, Səddamın niyə devrildiyi artıq məktəbli uşağa da məlumdur. Çavuşeskunun diktatura qurbanı deyil, iki dünya gücünün anlaşması əsasında biri tərəfindən digərinə verilən “hədiyyə” olduğu da gün kimi aydındır. Əsədin bu günə qədər hansı səbəbdən devrilmədiyi, Britaniyanın Avropa İttifaqından niyə nümayişkəranə şəkildə uzaqlaşması da öz “gizlin səbəb” dosyeləri ilə bərabər Trampa bəllidir. (Hətta ABŞ-in yeni Prezidentinin seçkidən öncə söylədiyi: “Bu gedişlə Avropa Birliklərindəki dövlətlərin hamısı imtina ərizəsi yazacaq” – fikri də çox ciddi səbəb və məramları özündə ehtiva edib və əslində çoxlarının düşündüyü kimi çəkindirmə deyil, dolayı yolla dəstək elementlərinə köklənib. Yeni situasiyadan xəbərsiz olan yalnızca Ollanddır, ona görə Avropanı Trampa qarşı birləşməyə çağırır. Qalanlarına isə “söhbət çatıb”) Tramp anlayır ki, bundan sonrakı kataklizmlərdə ümumən Qərbin, konkret olaraq isə ABŞ-ın adı keçməməlidir. Dövlət siyasəti, qlobal maraqlar öz axarında irəliləyə bilər, amma su üzünü bulandırmamaq şərti ilə. Reputasiya ləkələnməməlidir. İncə gedilməlidir. NATO-nun maliyyələşməsi (saxlanması) ilə bağlı kritik təklif də bu qəbildəndir. Və ya aydın məsələdir ki, eyni adlı hərbi qurum ikinci dünya müharibəsindən sonra Rusiyaya qarşı yaradılan + bəlli siyasi məqsədlərlə yüklənən ən sanballı təsisat rolunu uzun illər boyunca itirməyib. Yaxşı bəs, Tramp durduq yerdə niyə maliyyə söhbəti edir? Büdcənin pulunamı heyfi gəlir? Xeyr, əzizlərim. Qətiyyən! Bu növbəti imitasiyadır. Amma peşəkarca! Güman ki, yeni Prezident bəzi hərbi planları NATO üzərindən gerçəkləşdirməyi düşünür. Belədə isə eynən Obama kimi qınaq obyektinə çevrilmə perspektivi yüzə yüzdür. Üstəlik, üzv dövlətlərin qəpik-quruşu ilə o boyda həngaməni saxlamağın mümkün olmadığı da aydın məsələdir. Yəni, pul yenə Amerikanın cibindən çıxacaq. Amma bu dəfə görünməz formada. Məsuliyyət və öhdəliyin kollegial bölgüsü əsasında. Bir adam da durub deyə bilməyəcək ki, Amerikanın pulu ilə filan-filan işlər görüldü...

Dünən mediadan oxuyuram ki, İngiltərənin spikeri Con Berkov Britaniyaya dəvət olunan Trampa Parlamentdə nitq söyləmək üçün imkan verməyəcəyini bəyan edib. Leyboristlər, Mühafizəkarlar da iki əllə çəpik çalaraq Berkov müəllimə dəstəklərini ifadə ediblər. Sadə xalq isə bu təzahürata öz qatqısını 2 gün ərzində ərsəyə gətirdiyi 1 milyonluq petisiya ilə verib.

Əvvəla heç uzaq getmədən Berkovun kimin kadrı olduğuna (Qərblə əlaqələrinə) diqqət edin. Daha sonra Böyük Britaniyanın son 2 ildəki özfəaliyyətini nəzərdən keçirin. Nəhayət, Trampa gələn rəsmi dəvətin subyektini (Teresa May) aydınlaşdırın. O zaman görəcəksiniz ki, ABŞ Prezidenti ən mükəmməl gedişlərindən birni (növbətisini) Britaniya üzərindən sərgiləyir. Rabitəli formada+ öz adamları vasitəsilə. Və ya səfərə getmişkən nəsə bir skandal lazımdır ki, çoxdan zəhlə tökən və ipə-sapa yatmayan Britaniyanı qlobal layihələrdən və İttifaqlardan birkərəmlik çıxdaş eləməyə zəmin yaransın. O zəmini kütlə dəstəyi ilə yaratmaq isə Trampın əlində iki vur ikidir.

Yoxsa ay petisiya belə gəldi, feşmankəs elə getdi. Adam - seçkidə səslərin sayılmasından sonra 7 ştatda imzalanan 30 milyonluq petisiyanın çarəsinə baxıb, min cür problemə sinə gərib, öz siyasi müvazinətini saxlaya bilib e. Nə danışırsız siz?
Trampı xəfifə almayın, cənablar!

O, Amerikanın son yüz illik tarixində ən ağıllı və manevrli Prezidentdir.

İnanmayanar sadəcə bir az səbr eləsin.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26